Read this article in AZ

Bakı Mehi

May 17, 2021

Jurnalistlər dezinformasiyaya qarşı birləşir. Hissə 5: Azərbaycan

Etibarlı jurnalistika demokratik cəmiyyətin əsasında dayanır. Dünya Mətbuat Azadlığı Gününü qeyd etmək üçün EUvsDisinfo Şərq Tərəfdaşlığı ölkələrində fəaliyyət göstərən müstəqil jurnalistlərə söz azadlığı verərək məqalələr silsiləsi dərc edib. Hissə 5: Azərbaycan.

EUvsDisinfo cəmiyyətdə sözünü deyən üç azərbaycanlı jurnalist ilə müsahibə keçirib. Onlar Azərbaycan jurnalistikasının müxtəlif nəsillərini təmsil edir: Keçmiş SSRİ-də “yenidənqurmadan”(perestroika) ilhamlanmış, 1986-cı ildən bəri mediada fəaliyyət göstərən və hazırda Turan Xəbər Agentliyində baş redaktor olan Şahin Hacıyev. 1989-cu ildən bəri çap və elektron mediada işləyən, Həsən Bəy Zərdabi milli mükafatının qalibi olan və fəaliyyətini hazırda Xəzər TV-də davam etdirən İlhamiyyə Rza və 2002-ci ildən bəri münaqişə zonalarında jurnalistika üzrə ixtisaslaşan müstəqil jurnalist Seymur Kazımov.

Azərbaycanda jurnalist işləmək çətindir və sadəcə sosial media platformalarında deyil, əksər hallarda dezinformasiya ilə üzləşmək tələb edir. Beləliklə onların fikirlərini sizlərlə bölüşürük.

 

Jurnalistika nə üçün mühümdür?

İlhamiyyə Rza:

Jurnalistikanın hamı üçün bəlli olan missiyası var: Cəmiyyəti məlumatlandırmaq. Məlumatsız cəmiyyət kordur. Buna gör də informasiya haqda qanunu çox vaxt gün işığı qanunu adlandırırlar. Azad mediası olmayan cəmiyyət qaranlığa məhkumdur.

1989-cu ildən bəri çap və elektron mediada işləyən, Həsən Bəy Zərdabi milli mükafatının qalibi olan və fəaliyyətini hazırda Xəzər TV-də davam etdirən

 

Şahin Hacıyev

Cəmiyyətdə jurnalsitikanın rolu ondan ibarətdir ki, insanlara dəqiq, düzgün və obyektiv məlumat ötürsün, ictimai rəyə təsir göstərə bilsin, insanlara kömək etsin ki, düzgün qərar, düzgün seçim edə bilsinlər.

Seymur Kazımov

İnsan informasiyasız yaşaya bilməz. Yəni informasiyanın özü də bir qidadır, mənəvi qidadır.

 

Dezinformasiya ilə tez-tez rastlaşırsınız?

Şahin Hacıyev

Dezinformasiya, təəssüf ki, uzun müddətdir ki, reallıqdır. Bu kifayət qədər tez rastlaşan və geniş yayılan bir faktordur. Bunun yayılmasının da səbəbi müxtəlifdir. Hardasa düşünülmüş və hazırlanmış layihədir, bəzən isə bilməməzliyin yaxud savadsızlığın nəticəsidir. Dezinformasiya daha çox o zaman yayılır ki, jurnalistlər, birinci olmaq arzusu ilə hərəkət edir. Yəni, hansısa “bir sensasiya” haqqında birinci məlumat yaymaq və onun yoxlamağını və dəqiq olmağını qulaq ardına vurmaq.

Keçmiş SSRİ-də “yenidənqurmadan”(perestroika) ilhamlanmış, 1986-cı ildən bəri mediada fəaliyyət göstərən və hazırda Turan Xəbər Agentliyində baş redaktor olan Şahin Hacıyev.

 

İlhamiyyə Rza:

Təəssüf ki, dezinformasiya adi hala çevrilib. Sosial şəbəkələrin inkişafı buna münbit şərait yaradır. Lakin etiraf etmək lazımdır ki, bunun qarşısını almaq artıq mümkün deyil. İnternetin həyatımızın bütün sahələrinə nüfuz etməsi bunu qarşısıalınmaz edir. Media daha çox manipulyasiyalar üçün alətə çevrilir.

Seymur Kazımov

Tez-tez, mütəmadi. Bu qədər informasiya axınının içərisində mütləq ki, dezinformasiya var. Doğrusu, indiki şərtlər daxilində bunu normal qarşılayıram. Problem əslində bu deyil. Problem bunlarla mübarizə aparılmamasıdır.

 

Dezinformasiya necə təhlükəli hal ola bilər?

Seymur Kazımov

İnsanların gündəlik həyat tərzini dəyişə bilər. İnsanların ümumi olaraq həyata baxışlarını dəyişə bilər. İnformasiya kommunikasiya texnologiyalarının geniş yayılmasının xeyli müsbət tərəfləri olduğu kimi bunun mənfi tərəfləri də var: Saxta xəbərlərin və dezinformasiyaların geniş yayılması. Əslində onlar yox, onlardan istifadə edən müəyyən qrup insanlardır.

İlhamiyyə Rza:

Əsas zərər hər hansı bir hadisənin, olayın gerçək səbəbi araşdırılmadan səslənən fikirlər, mühakiməyə əsaslanan bəyənatlardır.

Şahin Hacıyev

Dezinformasiya həmişə siyasi və müharibə üsulu olub və əgər cəmiyyət səhv düşüncəyə meyillidirsə, yaxud səhv fikirlər və ideyalar kifayət qədər cəmiyyətdə yer alıblarsa, bu həm siyasi, həm iqtisadi, həm də mənəviyyat cəhətdən çox böyük təhlükədir.

 

Dezinformasiyaya qarşı mübarizə aparmaq, yaxud buna yol verməmək üçün nə məsləhət görərdiniz?

Şahin Hacıyev

Oxucular və tamaşaçılar eşitdikləri və gördükləri məlumatları bir mənalı qarşılamamlıdırlar. Yəni hansısa televiziya, qəzet yaxud sayt nəsə yazıb, deyibsə, bu heç də demək deyil ki, bu həqiqətən belədir. Amma bütün yayılan məlumatları yoxlamaq, onların səhv yaxud düzgün olmasını yoxlamaq sıravi vətəndaşların vəzifəsi deyil. Əgər dövlətin siyasəti ondan ibarətdir ki, ictimaiyyətinə dezinformasiya versin, və eyni zamanda alternativ fikirlərin qarşısını alsın, müstəqil medianın boğsun, söz azadlığını, internet zadlığının qarşısını alsın. Bu artıq, söz azadlığı deyil, siyasi problemdir.

Seymur Kazımov

Birincisi, diqqətli olmaq, yəni hər oxuduğunuz, hər eşitdiyiniz xəbərə/məlumata inanmamaq. Bunun iki bəsit yolu var: birincisi, o məlumat hardan gəlib, hansı sosial şəbəkədən daxil olub, və yaxud hansı media quruluşundan daxil olubdur? Həmin sosial şəbəkə səhifəsinə baxmaq kifayətdir ki, o səhifə nə zaman yaradılıb, onu kim yaradıb. İkincisi, bəlkə də siz həyatda ilk dəfə rastlaşdığınız bir media platformasını görəcəksiniz. O zaman şübhə sizdə yaransın ki, əvvəl bu platformaya mən nə üçün rast gəlməmişəm? Yəni şübhəynən yanaşsaz və bir balaca araşdırma aparsanız həmin yayılmış xəbərin dezinformasiya olub-olmadığını çox asanlıqla müəyyənləşdirə bilərsiniz.

2002-ci ildən bəri münaqişə zonalarında jurnalistika üzrə ixtisaslaşan müstəqil jurnalist Seymur Kazımov.

 

İlhamiyyə Rza:

İstənilən məlumatın düzgün çatdırılması yolları mövcuddur. Məlumatın qərəzsiz, balanslı və ilkin mənbədən verilməsi. Dezinformasiyanı ifşa etmək üçün bu prinsiplərə əsaslanaraq məlumatı axtarmaq və bölüşmək ən düzgün yoldur.

Ənənəvi media qurumları və təmsilçiləri etibarlı informasiya ötürücüləri kimi itirilmiş nüfuzlarını bərpa etməli, keyfiyyətli jurnalist fəaliyyətinin prinsiplərindən və etik qaydalardan, informasiya haqda qanundan xəbərdar olmalı və bu prinsiplərə sadiqlik nümayiş etdirməlidirlər. Nüfuzun bərpa edilməsi yolu qərəzsiz, balanslı, dürüst, etibarlı informasiya vasitəsinə çevrilməkdən keçir. Ümumilikdə cəmiyyətdə maarifləndirmə işləri aparılmalıdır.

 

Dünya Mətbuat Azadlığı Günü ilə əlaqədar nə demək istərdiniz?

Seymur Kazımov

Azadlıq, müstəqillik və təhlükəsizlik! Bunlar normal jurnalistika fəaliyyəti üçün əsas faktorlardır. Bundan sonra reklam, maliyyə haqqında düşünmək olar. Bu şərtlər daxilində jurnalistika olsa, o zaman saxta xəbərlərə və dezolara qarşı da effektiv mübarizə aparmaq olar.

Şahin Hacıyev

Azad söz və azad fikir ən avtoritar və ən anti-demokratik ölkələrdə belə məhv edilməyib. Lakin hər bir ölkənin normal inkişafı üçün azad söz və azad fikir qaçılmaz və mütləq faktordur. Azərbaycanda da əlimizdən gələni etməliyik ki, bu faktorlar inkişaf etsin və cəmiyyət irəliləsin.

 

***

Dünya Mətbuat Azadlığı gününü jurnalistlər ilə qeyd edərək bu məqalə silsiləsini oxumağa davam etməyinizi istərdik. Növbəti və yekun söhbət bizi Moldovaya aparacaq. Əvvəlki məqalələr: Hissə 1: Belarus; Hissə 2: Gürcüstan; Hissə 3: Ermənistan; Hissə 4: Ukrayna.