Belarus: Müstəqil Media və Aktivistlər Hər Şeyi Necə Riskə Atmağa Davam Edirlər
EUvsDisinfo qeyri-legitim Lukaşenko rejiminin ölkədə onsuz da az sayda olan azadlığın səsini susdurmaq üçün ölkənin hüquq sistemi və təhlükəsizlik aparatından necə sui-istifadə etdiyini müntəzəm olaraq izləyir. Hədəflər arasında jurnalistlər, regional KİV-lər, Telegram kanalları və onların izləyiciləri və oxucuları yer almaqdadır.
Belarusda söz azadlığından istifadə etmək 2020-ci ilin avqustunda keçirilən saxta seçkilərdən əvvəl də çətin idi. Lakin bundan sonra rejimin repressiyaları daha da artdı. Buna aid hadisə və misallar o qədər çoxdur ki, onların hamısından bəhs etmək üçün yüzlərlə səhifə lazımdır.
Aşağıda Lukaşenko rejiminin son aylarda atdığı əsas addımların icmalını təqdim edirik. Buraya jurnalistlərin təqibi, uydurma və ya absurd ittihamların və sərt həbs cəzalarının tətbiqi, məcburi “etiraflar” və aktivistlərin ailə üzvlərinə və dostlarına qarşı təzyiqlər, sosial mediaya daha çox təzyiq və biznes mühitinin təhrif edilməsi, hesabların manipulyasiyası və Rusiya KİV orqanları ilə daha sıx əlaqə daxildir. Yeni repressiyalar üçün gözləyin.
Mart, 2022-ci il
Jurnalistlər absurd ittihamlarla təqib olunur. Martın 15-də “Nasha Niva”-nın baş redaktoru Yahor Martsinoviç və redaktoru Andrey Skurko qəzetin Minskdəki ofisinin kommunal ödənişləri üçün yanlış tariflər tətbiq etdiklərinə görə 2,5 il həbs cəzası alıblar. “Nasha Niva” Belarusda ən populyar müstəqil belarusdilli media qurumudur. KQB (DTK) 2021-ci ilin martından dəmir barmaqlıqlar arxasında qalan belaruslu jurnalist Dzianis İvaşini Ukrayna xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham edib və onu dövlətə xəyanətdə təqsirli bilib. İvaşin “Novy Chas” (“Müasir Zaman”) adlı müstəqil KİV-in və Ukraynanın “InformNapalm” adlı təkzibedici təşəbbüsünün fəaliyyətinə öz töfhəsini vermişdir.
Belarusla bağlı təbliğat xarakterli Telegram kanallarında “etiraf” videolarının sayı xeyli artıb. Hər həftə Telegram-da onlarla yeni video ortaya çıxır. Bu videolarda müxtəlif şəxslər sanki ağ və qırmızı rəngin kombinasiyası olan reklam bannerlərinə klikləmək kimi “təqsirlərinə” görə üzr istəyirlər.
“5-ci kolonna” axtarılır. Əhalinin müxtəlif sosial və peşəkar kateqoriyaları hədəfə alınıb. Məsələn, Rusiyanın Ukraynaya müdaxiləsi ərəfəsində rus hərbçiləri Belarusun dəmiryolu infrastrukturundan istifadə edirdi. O vaxtdan bəri rejim tərəfdarları Belarus dəmiryolu sisteminin onlarla əməkdaşını rejimi dəstəkləyən Telegram kanalları tərəfindən yayımlanan “etiraf videoları” çəkməyə məcbur edib. İşçilər günahlarını “etiraf ediblər” və onların Belarus rejimi tərəfindən “ekstremist” siyahısına salınmış “Dəmiryolçular İcması” adlı TG kanalına mənsub olduqları bildirilir.
Yetkinlik yaşına çatmayan şəxslər də rejim tərəfdarı olan Telegram kanallarında etiraf etməyə məcbur ediliblər. Məsələn, iki belaruslu yeniyetmə qız TikTok hesablarına Belarusda hərbi texnika ilə videolar yüklədiklərini etiraf edib. Bu narahatedici videoların yayılmasını təşviq etməmək üçün onların linklərini dərc etmirik.
Vikipediya müəllifləri təqib olunur. Belarusiyalı Vikipediya aktivisti Mark Bernşteyn “Rusiya əleyhinə saxta materiallar yaydığına” görə 15 gün müddətinə həbs edilib. Bu, Rusiyanı təbliğ edən bir TG kanalı Bernşteynin şəxsi məlumatlarını dərc etdikdən və onu Rusiyanın işğalı ilə bağlı Vikipediya məqaləsinə düzəliş edərək Ukraynadakı müharibənin tənqidini qadağan edən yeni Rusiya qanununu pozmaqda ittiham etdikdən sonra baş verib. Bernstein həbsdə saxlanılıb və bir ay sonra üç il müddətinə azadlığın məhdudlaşdırılması cəzasını alaraq həbsdən azad edilib. Başqa bir Vikipediya müəllifi Pavel Pernikov Belarusda 2020-ci il seçkiləri ilə bağlı etirazlar və repressiyalarla bağlı məqalələrin həmmüəllifi olduğuna görə iki il müddətinə azadlıqdan məhrum edilib.
Xəbər aqreqatorlarına qarşı təzyiq. Martın 22-də Lukaşenkonun onlayn xəbər aqreqatorları haqqında fərmanı dərc edildi. Fərmanda qeyd olunur ki, aqreqator öz xəbər lentində rəsmi olaraq məhdudlaşdırılmış KİV-in məqaləsini yerləşdirərsə, aqreqator özü də müəyyən məhdudiyyətlərlə üzləşə bilər. Fərmanda konkret aqreqatlardan bəhs edilməsə də, ilk növbədə Yandex və Google Xəbərlərin nəzərdə tutulduğu güman edilir. Beləliklə, Belarus rejimi Belarus auditoriyasının nəzarət olunmayan və ya obyektiv məlumatlar əldə etdiyi son qapıları da bağlamağa çalışır.
Rusiya ehtimal ki, Rusiyadakı insanların getdikcə daha çox izlədiyi Ukraynaya qarşı müharibəni işıqlandırdığına görə Belarusun müstəqil onlayn mediasına girişi məhdudlaşdırıb. Hakimiyyət orqanları həmçinin “Zerkalo.io” (əvvəllər Tut.by), “Nasha Niva”, “Euroradio”, “Belsat” və digər saytları bloklayıb.
Aprel, 2022-ci il
Kommersiya reklamları ilə bağlı sərt qaydalar. 31 mart tarixində Lukaşenko kommersiya reklamlarını tənzimləyən “Kütləvi İnformasiya Vasitələrinin İnkişafı haqqında” adlı fərman imzaladı. Fərman reklamların açıq havada və ya ictimai nəqliyyatda yerləşdirilməsi üçün 10% rüsum tətbiq edir; digər hallarda isə bu rüsum 20% təşkil edir. Rüsum reklamçılar tərəfindən ödənilir və dövlət mediasını dəstəkləmək üçün istifadə olunur. Reklamlar birbaşa dövlət mediasında yerləşdirilərsə, rüsum ödənilmir. Beləliklə, Belarusda beynəlxalq markaların bütün reklamları, harada yerləşdirildiyindən asılı olmayaraq, dövlət təbliğatına sponsorluq edir.
Onlayn məhdudiyyətlər davam edir. Belarusda könüllülərin rəhbərlik etdiyi media təşəbbüsü olan “Voice of Belarus”-a giriş məhdudlaşdırılıb. Hakimiyyət orqanları populyar müstəqil regional KİV olan “Media Polesye”-nin, o cümlədən onun Vkontakte və Odnoklassniki şəbəkələrindəki nəşrlərinin məzmununu “ekstremist” adlandırıb. Veb-sayta giriş çoxdan məhdudlaşdırılmış, işçilər isə işdən çıxarılmışdı. Hakimiyyət orqanları daha əvvəl “Media Polesye”-nin sahibinə qarşı cinayət işi başlatmışdı. Hesabı 100 000-dən çox insan tərəfindən izlənilən TikTok bloqqeri Andrey Beliavski amansız bir şəkildə həbs edilib. Rejim tərəfdarı olan TG kanalları onun “etiraf videosu”nu və saxlanmasının videosunu yayımlayıb. O, Lukaşenkonu təhqir etməkdə ittiham olunur.
Bundan əlavə, rejim bir sıra Telegram kanallarını “ekstremist” adlandırıb, Belarus Ali Məhkəməsi isə populyar TG kanalları olan “NEXTA”, “NEXTA Live” və “Luxta”-nı “terrorist” kateqoriyasına aid edib. Aprelin 19-da təhlükəsizlik əməkdaşları ilə yüksək səviyyəli görüş zamanı Lukaşenko tərəfdarlarını “ekstremistlər”lə mübarizədə daha sadiq və qətiyyətli davranmadıqlarına görə tənqid edib. Nəinki çoxsaylı KİV və QHT-lər, həmçinin çap olunmuş materiallar da “ekstremist” siyahısına salınıb. Məsələn, bir KİV Belarusun hərbi rəmzlərindən bəhs edən “Belarusun hərb tarixi” adlı heraldik kitabın İnformasiya Nazirliyi tərəfindən “ekstremist” siyahısına daxil edildiyi barədə məlumat yayıb.
Dövlət nəzarətində olan YouTube kanallarının izlənməsi ilə bağlı manipulyasiyalar. 2022-ci ilin mart ayının sonu – aprel ayının əvvəllərində Belarus Yayım Şirkətinin YouTube kanalına və digər dövlət nəzarətində olan YouTube kanallarına, xüsusən də Ukrayna ilə bağlı videolara baxış sayında kəskin artıım halı müşahidə olundu. Adətən, bir neçə min baxış sayı toplayan bəzi videolar yüz minlərlə, bəzən bir milyondan çox baxış əldə etdi. Bu rəqəmlər Ukraynadakı müharibənin və Rusiya-Qərb münasibətlərinin Kreml tərəfdarlarının işıqlandırılmasına yönəldilmiş əhəmiyyətli reklam ödənişlərindən qaynaqlana bilərdi. İzləyicilərin sayı aprelin sonunda normal həddə qayıtdı.
Ukraynada belarus döyüşçülərin analarının əks olunduğu videolar. Belarus rejimi ilə əlaqəli bir Telegram kanalı Kiyev və Ukrayna uğrunda döyüşən belaruslu könüllünün anası olan 68 yaşlı qadının oğlundan utandığını dilə gətirdiyi video yayınlayıb. Videonun fonunda rus döyüş nişanı hesab olunan Z hərfi var. Zerkalo.io-nun onun oğlundan aldığı müsahibədə o, anasının videoda təzyiq altında iştirak etdiyini bildirib. Aprelin 15-də İqor Tur (Belarus rejimi üçün təbliğat və dezinformasiya yaratmağa görə Aİ-nin sanksiya siyahısındadır və dövlətə məxsus ONT telekanalının aparıcısıdır) başqa bir belaruslu könüllünün anasının analoji videosunu yayımlayıb.
Ana oğluna müraciət edərək deyir: “İnsanları öldürməkdənsə, öz ölkəndə bir neçə il həbsdə qalmaq daha yaxşıdır”.
May, 2022-ci il
Yüzlərlə Telegram kanalı “ekstremist” siyahısındadır. May ayına olan rəsmi şərhlərə görə, 633 TG kanalı “ekstremist” siyahısındadır və ilin əvvəlindən etibarən “ekstremist” mənbələrdən məlumat yaydıqlarına görə 200-dən çox şəxs saxlanılıb. İddia edilən ekstremist TG kanalları diqqətlərini mütləq siyasi xəbərlərə yönəltmir. “Ekonomika Belarus” (“Belarus İqtisadiyyatı”) adlı TG kanalı da “ekstremist” damğası alıb. Bəzi hallarda TG kanalları və onlayn media “ekstremist formasiyalar” kimi damğalanır.
“Ekstremist” olmaq. “Ekstremist”dən fərqli olaraq, bu cür kanallara abunə olmaq inzibati pozuntu hesab edilsə də, “ekstremist formasiya”nın tərəfdarları cinayət məsuliyyətinə cəlb oluna və illərlə azadlıqdan məhrum edilmə ilə cəzalandırıla bilər. Bu arada “ekstremist” ədəbiyyatların siyahısı da artır. “Belarus Milli İdeyası” kitabı “ekstremist” materiallar siyahısına əlavə edilib və müasir belarus yazıçısı Alherd Baxareviçin “Avropanın itləri” romanı da bu yaxınlarda “ekstremist” adlandırılan kitablar sırasındadır.
Daha çox “ekstremist” KİV-lər və davamlı məhdudiyyətlər. “Mediazone.Belarus” saytı və onun bütün sosial media hesabları “ekstremist” siyahısına əlavə edilib. Belarus xəbərlərinin nəşr edildiyi pdf vərəqləri şəklində yayılan “Çestnaya Qazeta” (“Dürüst qəzet”) layihəsi “ekstremist formasiya” adlandırılıb. Hakimiyyət orqanları promogilev.by regional media qurumunun ofisində axtarış aparıb. “Orsha.ru” saytının baş redaktoru, jurnalist İqor Kazmerçak prezidenti təhqir etdiyinə görə cinayət işində şübhəli bilinir. “Belaruslar və Bazar” iqtisadi nəşrinin direktoru Konstantin Zolotıx KQB (DTK) tərəfindən saxlanılıb və nifrət təşviq etdiyinə görə cinayət məsuliyyətinə cəlb edilib. Müstəqil “Intex-Press” qəzetinin müxbiri Yuri Hantsareviç Rusiya hərbi texnikasının fotolarını müstəqil mediaya göndərdiyinə görə həbs olunmuşdur. Rejim tərəfdarı olan TG kanalları onun “etiraf videosunu” yayımlayıb. Daha bir cinayət işi (bu dəfə terror qruplaşmasının təşkili ilə bağlı) Belarusun ən böyük TG kanalı “NEXTA”-nın qurucusu bloqqer Stepan Putilo və onun həmkarlarına qarşı başladılıb.
Media işçilərinin və bloqqerlərin qohumlarına qarşı repressiya. Mayın 26-da belaruslu opera müğənnisi Marqarita Levçukun valideynləri “polisə tabe olmadıqları üçün” qısa müddətə saxlanılıb və böyük məbləğdə cərimələniblər. Hakimiyyət orqanları həmçinin bloqqer Andrey Paukun valideynlərinin mənzilində axtarış işi aparıb və dostlarından birini saxlayıblar. Levçuk və Pauk siyasi mövzularda mahnı oxuyan satirik duetin üzvləridir. Onların populyar YouTube kanalı var. Həmçinin məlumatlara görə, siyasi motivlərlə həbsdə olan “Naşa Niva”nın baş redaktoru Yahor Martsinoviçin anası “Mastactva” (“İncəsənət”) jurnalından qovulub. O, 1991-ci ildən jurnalın musiqi bölməsinə rəhbərlik edirdi.
YouTube, TikTok və Instagram bloqqerləri hədəfə alınmağa davam edir. Bloqqer Nikita Melkozerovun idarə etdiyi populyar Jizn-Malina (110 000 abunəçi) YouTube kanalı “ekstremistlər” siyahısına əlavə edilib. Bu YouTube kanalında vətəndaş aktivistləri, siyasətçilər, Belarusun məşhur mədəniyyət xadimləri və digərləri ilə müsahibələr yerləşdirilir. Belarusun süd fabrikində işçi etirazlarını dərc edən Instagram bloqqeri Rostislav Çepurnoy həbs olunub və dövlət qəzeti onun “etiraf videosunu” internetdə yayımlayıb. Rejim tərəfdarı olan TG kanalları rus qoşunlarının mövqelərini Belsat telekanalı ilə paylaşan bir məktəb müəllimi haqqında süjet təqdim edib. Onu yeddi ilə qədər həbs cəzası gözləyir.
Bu yaxınlarda açılmış, Belarus tarixi kitablarının satıldığı kitab mağazasına qarşı təzyiqlər. Rejim getdikcə belarus kimliyinin və mədəniyyətinin ictimai təzahürlərini hədəfə alır. 2022-ci ilin birinci yarısında Belarus dilində kitablar nəşr edən dörd Belarus nəşriyyat evinin fəaliyyətinə son qoyulub. Mayın 16-da Belarus dövlət mediasının təbliğatçıları Minskdə belarus dilində tarixi kitabların satıldığı yeni açılmış kitab mağazasını tənqid ediblər. Bir neçə saat sonra hüquq-mühafizə orqanları kitab mağazasına reyd keçiriblər. Belarusda dövlət təbliğatçıları getdikcə daha çox ictimai məkanda belarus kimliyinin təzahürlərinə nəzarət edən və dövlət aparatının ona qarşı repressiv fəaliyyətlərinə rəhbərlik edən dövlət nəzarət qurumu kimi çıxış edir.
Lukaşenko daha aktiv “əks-təbliğat” tələb edir. Mayın 31-də Lukaşenkonun sədrliyi ilə təbliğat mövzusunda yüksək səviyyəli iclas keçirilib. “Ən vacib olan Sovet İttifaqında deyildiyi kimi, əks-təbliğat apara bilməkdir”,-o deyib. Görüşdən sonra prezident administrasiyasının rəhbəri, KQB general-mayoru İqor Sergeyenko deyib: “Mediada istədiyinizi deyə bilərsiniz. Amma ən vacibi buna görə xalq, cəmiyyət, özünüz və qanun qarşısında məsul olmaqdır”. Bu arada Belarus insan hüquqları müdafiəçiləri siyasi səbəblərə görə həbs edilmiş və təcridxanadakı xüsusi otaqda ardıcıl üç gecə (axşam saat 20:00-dan səhər saat 6-ya qədər) ayaq üstə dayanaraq Lukaşenkonun çıxışlarını izləməyə məcbur edilmiş şəxsin işini sənədləşdiriblər.
İyun, 2022-ci il
Yeni “ekstremist” media və bloqqer “terrorçular”. Ekstremist materiallar siyahısına 50-dən çox yeni ad, o cümlədən belarus aktivistlərinin şəxsi Facebook və Instagram hesabları əlavə edilib. Bunlardan əlavə, “Belarus Mədəniyyət Şurası” layihəsi, onun internet saytı və sosial media hesabları “ekstremist formasiyalar” siyahısına daxil edilib. Bir neçə TG kanalı, o cümlədən Us Lukashenka (“Lukaşenkanın bığları”) TG siyasi yumor kanalı “ekstremist formasiyalar” kimi qiymətləndirilib. KQB 2021-ci ilin sonunda 15 il həbs cəzasına məhkum edilmiş bloqqer İhar Losiki terrorçular siyahısına əlavə edib. Bloqqerlərə qarşı repressiv reydlər davam edir. Rejim tərəfdarı olan Telegram kanalları TikTok hesabında 57 000-dən çox izləyicisi olan Aleksey Bondar da daxil olmaqla, bir neçə TikTok bloqqerinin “etiraf videolarını” yayımlayıb.
Jurnalistə altı il həbs və media işçilərinə qarşı digər repressiya aktları. İyunun 8-də Azadlıq Radiosunun Belarus xidmətinin müstəqil jurnalisti Andrey Kuzneçik altı il müddətinə ciddi rejimli həbs cəzasına məhkum edilib. O, “ekstremist formasiya” yaratmaqda ittiham olunub. İyunun 6-da ən böyük müstəqil xəbər agentliyi olan “Belapan”-la bağlı məhkəmə prosesi başlayıb. Baş redaktor İrina Levşina və Belapan-ın keçmiş direktoru Dmitri Novojilov da daxil olmaqla, dörd Belapan əməkdaşı “ekstremist formasiyanın təşkili” və vergi cinayətlərində ittiham olunur. “Belapan” jurnalisti Andrey Aleksandrov da dövlətə xəyanətdə ittiham olunur.
Müstəqil “Novy Chas” (“Müasir Zaman”) qəzetinin baş redaktoru Oksana Kolb 2,5 il müddətinə azadlıqdan məhrum edilib. Avtomobillə əlaqəli ən böyük veb-sayt olan abw.by və ən böyük İT veb-saytı olan dev.by-ın redaktor komandaları təqiblərə məruz qalıb. Belaruslu jurnalist Tina Polınskaya çantasında mavi və sarı (Ukrayna bayrağının rəngləri) lentlər olduğuna görə təqribən 1500 ABŞ dolları məbləğində cərimələnib. Jurnalistin Rus Pravoslav Kilsəsi liderinin Belarusa səfəri ilə bağlı Facebook-da tənqidi yazı dərc etməsindən sonra hakimiyyət orqanları onun mənzilində axtarış aparıb. Tut.by ilə əməkdaşlıq edən müstəqil fotoqraf Yevgeni Yerçak saxlanılıb. “Ezhednievnik”in baş redaktoru Sergey Satsuk iki əlavə cinayət işi ilə üzləşib.
Belarusdakı siyasi məhbuslarla bağlı əvvəlki məqaləmizə də nəzər salın.
Onlayn tənqidi şərhlərə görə daha çox insan “terrorçu” damğası alır. İyun ayında Belarus DTK onlarla belaruslunu terrorçular siyahısına əlavə edib. Buraya müxalifət lideri Sviatlana Tsixanouskaya (Litvadan işləyir), bloqqerlər və aktivistlər, eləcə də keçən il atışmada öldürülmüş KQB (DTK) zabiti haqqında tənqidi şərhlər yazan adi vətəndaşlar daxildir. Söz azadlığından istifadəyə görə sərt cəzalar davam edir. Məsələn, 57 yaşlı bir qadın İstintaq Komitəsinə göndərdiyi məktubda Lukaşenkonu “qəsbkar” adlandırdığı üçün 1,5 il həbs cəzasına məhkum edilib. Rus hərbçilərinin Belarusdakı irəliləyişlərini lentə alan şəxslərə də sərt cəzalar verilməkdə davam edir. Məsələn, 27 yaşlı bir qadın Rusiya hərbçilərinin Belarusdakı irəliləyişlərini lentə aldığına və videonu “ekstremist formasiyaya” göndərdiyinə görə dörd il müddətinə ev dustaqlığına məhkum edilib.
Belarus və Rusiya arasında media sahəsində daha çox “koordinasiya”. İyunun 27-də Belarusun İnformasiya naziri Vladimir Pertsov Roskomnadzorun (Moskvada Rusiya Rabitə və Kütləvi İnformasiya Vasitələrinin Federal Monitorinq Xidmətinin) sədri Andrey Lipovla görüşüb. Belarus İnformasiya Nazirliyinin məlumatına görə, onlar “onlayn məkanda media və hüquqi münasibətlərin tənzimlənməsində müasir tendensiyaları” müzakirə ediblər. Hər iki tərəf müstəqil mediaya çıxışı məhdudlaşdırmaq üçün səylərini əlaqələndirməyi və gücləndirməyi planlaşdıra bilər.
YouTube-a girişi məhdudlaşdırmaq təhdidləri. Belarus Yayım Şirkətinin sədri İvan Eysmont dövlət KİV-lərinin YouTube kanallarının fəaliyyətinin dayandırıldığı təqdirdə Belarusda YouTube-a girişi tamamilə məhdudlaşdıracağı ilə hədələyib. Eysmont bir müsahibədə deyib: “Əgər [sosial mediada] heç bir [rəsmi] Belarus [məzmunu] qalmazsa, o zaman əsas sual bizim bu cür şəbəkələrə ehtiyacımız olub-olmamasıdır”.
İyul, 2022-ci il
Daha çox məhdudiyyət və “ekstremist” damğası almış KİV-lər. Belarus üçün Avropa Radiosu (“Euroradio”) qurumu “ekstremist formasiya” kimi damğalanıb. Müstəqil regional KİV olan “Hrodna.life” və onun sosial media hesabları, eləcə də Polşa radio kanalı “Polskieradio.pl”-nin veb-saytı “ekstremist” damğası alıb. #svobodnayabelarus (“#freebelarus”) Instagram həştəqi də “ekstremist” siyahısına əlavə edilib. “The Belarusians and The Market” iqtisadi qəzetinə, vkletochku.org və politzek.me (siyasi məhbuslarla ünsiyyəti asanlaşdıran) veb-saytlarına, eləcə də Belarus İstintaq Mərkəzinə onlayn giriş məhdudlaşdırılıb. Belarusun tarixə həsr olunmuş “Arche.by” jurnalının veb-saytı “ekstremist materialları təkrar yerləşdirdiyinə” görə məhdudlaşdırılıb.
Sosial mediada müharibə əleyhinə materialı təkrar yayımlamağa görə terrorçu damğası və 6,5 il müddətinə həbs. Müstəqil media məzmununu ictimai çatlarda və şəxsi sosial media hesablarında təkrar yayımlayan şəxslər həbs olunmağa davam edir. İyul ayına olan məlumata görə, 130-dan çox Belarus vətəndaşı çox vaxt sadəcə “ekstremist” məzmun yaydıqlarına görə “terrorçular siyahısına” əlavə edilib.
İnsan haqları müdafiəçiləri bildirirlər ki, 20 yaşlı tələbə Danuta Perednya “Belarusun milli maraqlarına zərər vurmaq” və “Lukaşenkonu təhqir etmək” ittihamı ilə 6,5 il müddətinə azadlıqdan məhrum edilib. Onun “cinayətləri” Putin və Lukaşenkonu Ukraynaya qarşı müharibə apardıqlarına görə tənqid edən mətni Telegram çatında təkrar yayımlamaq olub. Bundan əlavə, Perednya “terrorçular siyahısı”na əlavə edilib.
Jurnalist “dövlətə xəyanət”ə görə daha səkkiz il həbs cəzası alır. “Belsat” jurnalisti Katerina Andreyeva “Belarusun dövlət sirlərini xarici ölkəyə, beynəlxalq və ya xarici təşkilata və onların nümayəndələrinə ötürmək” ittihamı ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Andreyeva 2020-ci ilin noyabrında Minskdə keçirilmiş etiraz mitinqini yayımladığı üçün artıq iki illik həbs cəzası çəkirdi.
Jurnalistlərə və TikTok bloqqerlərinə qarşı repressiya. Jurnalist Yuri Hantsareviç Belarusda Rusiya hərbi texnikasının fotolarını yaydığına görə 2,5 il müddətinə azadlıqdan məhrum edilib. Belarusun aparıcı hərbi eksperti və bloqqer Yahor Lebiadok şübhəli ittihamlarla saxlanılıb. Jurnalist Pavel Dailid 2020-ci ildə sanksiyalı bir mitinqdə ağ-qırmızı-ağ rəngli bayraqla şəkil çəkdirdiyi üçün saxlanılıb. Rejim tərəfdarı olan TG kanalları şiddətlə döyülmüş TikTok bloqqeri Aleksandr Qurnikin “etiraf videosunu” yayımlayıb. 20 mindən çox izləyicisi olan TikTok bloqqeri Yaroslav Veliçko saxlanılıb. Rejim tərəfdarı olan TG kanalları onun “etiraf” videosunu dərc edib. Son vaxtlar hakimiyyət orqanları əsasən TikTok bloqqerlərini hədəfə alır, yəqin ona görə ki, əksər YouTube bloqqerləri artıq mühacirət edib və ya həbs olunublar və TikTok-un Belarusda populyarlığı artır.
Belarus Jurnalistlər Assosiasiyasının məlumatına görə, 2020-ci ildən bəri 400-dən çox jurnalist Belarusu tərk edib.