Read this article in EN RU IT ES FR DE PL BY HY AZ UA RO KA

Belarusda rejimin KİV-ləri 1000-dən çox məhbusla kifayətlənmir

Fevral 17, 2022

1000 siyasi məhbus tarixi keçmişdə qaldı

Daha əvvəl Belarusda repressiyaların demək olar ki, absurd hal aldığını araşdırmışdıq. Belarusun aparıcı insan haqları təşkilatı Viasna (belarus dilində “Bahar”) tərəfindən bildirildiyi kimi, 1 fevral 2022-ci il tarixi etibarilə Belarusun cəzaçəkmə müəssisələrində 1022 siyasi məhbus var. Bu təşkilat güclü repressiya altındadır: Viasna-nın veb-saytı və bütün sosial media hesabları, eləcə də bir çox digər Belarus vətəndaş cəmiyyəti təşkilatları Belarus rejimi tərəfindən “ekstremist” hesab olunur. Viasna-nın sədri Ales Bialiatski və digər altı könüllüsü hələ də həbsxanadadır.

Viasna-nın Belarusda insan haqlarının vəziyyəti ilə bağlı 2022-ci ilin yanvar ayı hesabatı bir çox əvvəlki hesabatlar kimi pessimist xarakter daşıyır. Polis məmurları etiraz simvollarını axtarmaq üçün Belarusun hər yerində evlərə və mənzillərə daxil olaraq əsassız reydləri davam etdirir. Siyasi məhbusların sayı durmadan artır. Siyasi motivli cinayət işlərinin araşdırılmasında işgəncə və qəddar davranış istifadə olunmağa davam edir. Bundan əlavə, dövlət orqanları siyasi məhbuslar üçün qəsdən işgəncəyə bərabər olan qeyri-insani şəraitlər yaratmağa davam edir.

Elektron maneələri aşmaq üçün VPN olmadan Belarusdan daxil olmaq mümkün olmayan Viasna veb-saytında insanları siyasi motivlərlə mühakimə etmək üçün cinayət və inzibati ittihamların aktiv istifadəsi ilə bağlı bir çox yaxşı sənədləşdirilmiş hallar təqdim edilir. Veb-saytda yerli bir Telegram kanalında Aleksandr Lukaşenko, dövlət rəsmiləri və polislər haqqında mənfi şərhlərinə görə 69 yaşlı Qalina Mixalçuku iki il yarımlıq həbs cəzasına məhkum edən 7 fevral 2022-ci il tarixli məhkəmə iclasının ətraflı təsviri dərc edilib. Prokurorun sözlərinə görə, qadın “rejimə qarşı nifrət hiss etməkdə ittiham olunub” və bu hiss üç cinayət maddəsi ilə cəzalandırılıb.

Etirazlarla bağlı cinayət işləri haqqında mütəmadi yenilənən məlumatlar yoxdur. İnsan haqları təşkilatları 2021-ci ildə ciddi təzyiqlər başlayana qədər müvafiq statistik məlumatları toplamaq üçün əllərindən gələni etdi. Onların bildirdiyinə görə, Belarusdakı etirazlarla bağlı 2020-ci ilin noyabr ayının əvvəlində 900-dən çox cinayət işi başladılıb. Bu yaxınlarda müstəqil medianın diqqəti Daxili İşlər Nazirliyinin təqdim etdiyi 2021-ci ilin statistik məlumatlarına yönəlib. Bu məlumatlarda 2021-ci il ərzində etirazlarla bağlı 5500-ə yaxın cinayət işinin başlandığı bildirilir.

“Həddindən artıq humanist” cəzalar

Lukaşenko rejiminin nəzarətində olan media və sosial media hesabları tüğyan edən repressiyalarda hüquq-mühafizə, həmçinin məhkəmə orqanlarını dəstəkləyir və onları təşviq edir. Onlar cəzaların daha sərt ola biləcəyini və buna ehtiyac olduğunu iddia edir, siyasi məhbusları aşağılayır, bəzən onların qohumlarını da hədəfə alır, geniş kateqoriyalı siyasi rəqiblər haqqında müxtəlif alçaldıcı ifadələr işlədir, eləcə də mühacirətdə olan demokratik liderləri və fəalları qisasla hədələyir.

Bir müddət əvvəl prezident administrasiyasının “Belarus Segodnya” (Беларусь сегодня) qəzeti etirazlarla bağlı cinayət işlərində xırda cinayətlərə görə verilən cəzaların çox sərt olması barədə fikirlərə belə reaksiya verib: “Gül ləkindən xüsusi polisə atılan gülə görə dörd il – bəli. Daha sərt cəza almadığınız üçün minnətdar olmalısınız. Polis maşınına zərər yetirmədən bir neçə dəfə təpik vurmağa görə üç il həbs cəzası. [Maşın] azacıq cızılsaydı, ən azı əlavə üç il [cəza] verilməli idi.”

Həmin KİV demokratiya tərəfdarı etiraz aksiyalarından birini yayımladıqlarıüçün Belsat jurnalistləri, 27 yaşlı Yekaterina Andreyeva və 23 yaşlı Darya Çultsovaya verilən iki illik həbs cəzaları ilə bağlı alçaldıcı məqalə dərc edib. Qəzet jurnalistləri xarici düşmənin xeyrinə işləyən “artilleriya kəşfiyyatçıları” ilə müqayisə edib və həbs cəzalarını “həddindən artıq humanist” adlandırıb. Məqalədə hətta həbs müddətinin jurnalistlər üçün faydalı olduğu bildirilir: “Heç olmasa tikişi öyrənərlər” (Belarus həbsxanalarında populyar peşə növü). Belarusda polisin balaklavasını cırdığına görə iki il yarım müddətinə azadlıqdan məhrum edilən Belarus və İsveçrə vətəndaşı Natalia Herşe həbsxananın tikiş bölməsində çalışan siyasi məhbuslardan biridir. Onun daimi iş yerində gülünc dərəcədə aşağı maaş – ayda 6,66 Belarus rublu (təxminən 2 Avro) – aldığı bildirilir.

“Adi” siyasi məhbuslar dövlətin nəzarətində olan onlayn və sosial mediada alçaldıcı ifadələrin hədəfinə çevrildiyi bir vaxtda, mühacirətdə olan demokratik liderlər açıq və ya gizli şəkildə ölüm təhdidləri alır. Belarus müxalifətinin lideri Sviatlana Tsixanouskayanın 2021-ci ilin iyununda ABŞ Konqresindəki çıxışında sanksiyaları gücləndirməyə çağırışından sonra bir Telegram kanalı yazır: “Əvvəllər bunu dövlətə xəyanət və dövlət əleyhinə xüsusi təhlükəli fəaliyyət adlandırırdılar. Belə vətəndaşlar üçün ölüm cəzası tətbiq olunurdu. Cəzanın icrası mümkün olmadıqda buz baltası və ya zəhərli çətir istifadə olunurdu”. Gizli məhkəmədənkənar qətllərlə bağlı tanınmış tarixi hadisələrə belə birbaşa istinad zorakılığa daha bir açıq çağırışdır.

Bəzən siyasi məhbusların qohumları da, xüsusən də rejimin tərəfdarı olan anonim Telegram kanallarında hücumlara məruz qalır. Ciddi rejimli koloniyada 15 il müddətinə həbs cəzası çəkən 29 yaşlı bloger İhar Losikin həyat yoldaşı Darya Losik altı ildən sonra dövlət poliklinikasında iqtisadçı işindən ayrıldığını bildirdikdən sonra bir təbliğatçı Telegram kanalı yazır: “Necə olur ki, əri ekstremist və xarici agent olan ağlını itirmiş zmaqar [qeyd: siyasi rəqiblər üçün alçaldıcı termin] qadın bu qədər uzun müddət dövlət sektorunda işləyir?”

À la guerre comme à la guerre

Daha əvvəl Belarus dövlət televiziyasının nifrəti necə alovlandırdığını və müxalifət fəallarını “İuda” adlandıraraq onları açıq-aşkar məhv etməyə çağırdığını göstərmişdik. Hazırda rejimin diqqəti (Lukaşenkonun mövqeyini möhkəmləndirmək məqsədilə) fevralın 27-də keçiriləcək yeni konstitusiya üçün dırnaqarası referendumda yüksək fəallığı təmin etməyə yönəlib. Referendumun boykot edilməsini təklif edən müxalifət bəzən nasist əlaltıları ilə müqayisə edilir. Rusiya dövlət mediası da müdaxilə edərək bunu Belarus dövlətçiliyinə qarşı destruktiv aksiya kimi təqdim edir.

Dövlət təbliğatı amansız repressiyalara və ritorikaya bəraət qazandıraraq Qərbin Belarusa qarşı nasist təcavüzünü daxili siyasi rəqiblərin dəstəyi ilə davam etdirdiyini iddia edir. Dövlətə məxsus STV telekanalının fevral ayında öz proqramında bildirdiyinə görə, “Yeni totalitar Qərb Reyxi qlobal konsentrasiya düşərgəsi yaradır. Bu düşərgə təkcə insanların özlərini deyil, düşüncələrini, hisslərini və ruhlarını da tamamilə idarə etməlidir […] Qoşunlar şərqə doğru hərəkət edir, əlaltıları isə ağ-qırmızı-ağ bayraqlarla onları qarşılayır”. Belarus Segodnya media-holdinqinin rəhbəri Dmitri Jukun dediyi kimi, müstəqil media “xarici müstəmləkəçi informasiya qoşunları” hesab edilir.

“Gəlin əlaltılarımızın siyahısını tərtib edək, niyə utanırıq? Ölkəyə və onun dövlət quruluşuna qarşısınızsa, siyahıya düşün. Ailə və qohumlarla birlikdə. Özü də ictimai şəkildə: qonşular bilsin deyə soyadları kommunal qəbzlərin əks tərəfində çap etmək olar”, deyə “Belarus Segodnya” 2021-ci ilin martında bir daha qeyd edir.

Belarus rejimi bu yanaşmanı yumşaltmağa meylli görünmür. Əksinə, mütəmadi olaraq yeni repressiv təşəbbüslər səslənir. 8 fevral 2022-ci ildə Belarus Təhlükəsizlik Şurası siyasi rəqiblərinin Belarus vətəndaşlığının ləğvini müzakirə edib. “Hər bir xain düşünsün: ya ölkəyə zərər vurmağa davam edəcək, ya da özünü layiqli aparacaq”, deyə Təhlükəsizlik Şurasının dövlət katibi, ordu generalı Aleksandr Volfoviç bildirib. Bundan əlavə, eyni görüşdə Lukaşenko, çox güman ki, hazırda Litvada olan Sviatlana Tsixanouskayaya işarə edərək ölkə xaricində olan aparıcı siyasi rəqiblərin qiyabi ittihamının tətbiqini müzakirə edib.

Siyasi məhbusların sayı, bəlkə də, diktaturanın ən sadə göstəricisidir. Bu gün bu rəqəm 1062-dir. Gündəlik sayı burada, müvafiq Aİ bəyanatlarını isə buradaburada izləyə bilərsiniz.