“Bioloji silahlar qadağandır, bioloji tədqiqatlar qadağan deyil”

Embed

Rusiyanın Ukraynaya qarşı müharibəsini müşayiət edən yalanlar fonunda Kremlin Ukraynanın bioloji silahlar hazırlamaq üçün tədqiqat aparması ilə bağlı dezinformasiya narrativi xüsusi məkrliliyi ilə diqqəti cəlb edir. Bununla da, onlar nəinki Rusiyanın amansız işğalına haqq qazandırmağa, həm də bütün dünya əhalisinin sağlamlığını riskə ataraq dünya miqyasında aparılan qanuni bioloji və epidemioloji tədqiqatları gözdən salmağa cəhd edirlər.

EUvsDisinfo-ya verdiyi müsahibədə “The Trench”-in (Xəndək – tərc.) təsisçisi, kimyəvi və bioloji silahsızlanma məsələləri üzrə müstəqil ekspert, doktor Jan-Paskal Zanders qanuni bioloji tədqiqatlar ilə bioloji silahların hazırlanması arasındakı mühüm fərqlərdən, eləcə də Rusiyanın niyə belə dezinformasiya narrativlərindən istifadə etməsindən danışır.

 

Ukraynanın işğalından bəri Rusiya iddia edir ki, Ukrayna bioloji silahlar hazırlamaq məqsədilə öz bioloji laboratoriyalarında tədqiqatlar aparır. Sizcə, Kreml niyə bu cür iddialar irəli sürür?

Rusiya artıq bir müddətdir ki, Ukrayna və digər keçmiş sovet dövlətlərinə qarşı bu cür ittihamlarla çıxış edir. Lakin Ukraynaya qarşı ittihamlar 2014-cü ildə Rusiyanın Krımı ilhaq edərək Donbasda (Donetsk və Luqanskda) müharibəyə başlamasından sonra güclənib.

Gürcüstan da Tbilisidəki Riçard Luqar adına İctimai Sağlamlıq Araşdırmaları Mərkəzi ilə (daha çox Luqar laboratoriyası kimi tanınır – EUvsDisinfo) bağlı bənzər ittihamlarla üzləşib.

Rusiyanın motivlərindən biri həmişə Vaşinqtonun keçmiş Sovet respublikalarındakı təsirini azaltmaq üçün ABŞ-ı nüfuzdan salmaq olub. Lakin son vaxtlar bu ritorika, deyəsən, Rusiya əhalisini hədəfə alaraq düşmənlərlə əhatə olunmuş, mövcudluğu təhlükə altında olan və beləliklə, hərbi əməliyyatlara ehtiyacı olan Rusiya obrazını təlqin etməyə yönəldilib.

Fevralın 24-də Ukraynanın işğalından bəri Rusiya Ukraynadakı bioloji tədqiqat layihələri ilə bağlı qondarma məxfi sənədlər yayır (əslində, bu məlumatlar həmişə ictimaiyyətə açıq olub).

Həmçinin o, işğala haqq qazandırmaq, ya da diqqəti öz təcavüz aktlarından yayındırmaq üçün onları BMT Təhlükəsizlik Şurasına və Bioloji və Toksin Silahlar Konvensiyasına üzv olan dövlətlərə də təqdim edib. Qeyd edək ki, Silahsızlanma Məsələləri üzrə Ali Nümayəndə xanım İzumi Nakamitsu martın 11-də BMT Təhlükəsizlik Şurasına bioloji silah proqramları ilə bağlı KİV məlumatlarından xəbərdar olduğunu bildirib. Lakin əlavə edib ki, BMT-nin Ukraynadakı bioloji silah proqramları haqqında məlumatı yoxdur.

Əksər insanlar “bioloji silah” dedikdə döyüş filmlərini xatırlayır. Bəs real həyatda bu cür silahlarla hücumlar nə dərəcədə geniş yayılıb?

Bioloji silahlar tarixdə son dərəcə nadir hallarda istifadə olunub – baxmayaraq ki, Soyuq müharibə dövründə ABŞ və Sovet İttifaqı da daxil olmaqla, bir sıra ölkələr bu sahədə geniş tədqiqat və inkişaf proqramlarına sahib olub, Rusiya isə bu proqramları 1990-cı illərə qədər davam etdirib. O vaxtdan bəri Rusiyanın Bioloji və Toksin Silahlar Konvensiyasına zidd olaraq öz proqramlarını tamamilə dayandırmadığına dair narahatlıqlar davam etməkdədir..

Bioloji silahların istifadəsi onların effektiv paylanması, uzun müddət saxlanması və ya istifadədən sonra təsirinə nəzarət ilə bağlı çətinliklər səbəbindən olduqca mürəkkəbdir.

Lakin təbii yoluxucu xəstəliklər (bu xəstəliklər nəticəsində hər il orta hesabla bütün dünyada 20 milyona qədər insan həyatını itirə bilər, hətta 1918-1920-ci illərdə İspan qripi 50-100 milyon insanın həyatına son qoyub) və genetik tədqiqatlardakı irəliləyişlər bioloji müharibə və ya bioloji silahların tətbiqi ilə terrorizm mövzusunda narahatlıqları artırır.

 

Beynəlxalq hüquq bioloji silahlarla bağlı nə deyir?

Bu gün bioloji silahlar beynəlxalq hüquqa əsasən tamamilə qadağan olunmuşdur.. Bioloji və Toksin Silahlar Konvensiyası hər hansı səbəbdən bioloji silahların hazırlanmasını, istehsalını, saxlanmasını və istifadəsini qəti şəkildə qadağan edir. Bu o deməkdir ki, Konvensiyanın heç bir üzvü heç vaxt bioloji silaha sahib ola bilməz. Bu müqavilə 1975-ci ildən qüvvədədir. Birləşmiş Krallıq və ABŞ ilə birlikdə Rusiya Sovet İttifaqının xələfi kimi bu müqavilənin depozitarilərindən (formal qoruyucu və inzibati icraçı – EUvsDisinfo) biridir.

Ukrayna da keçmiş sovet respublikalarından biri kimi 1975-ci ildən Bioloji və Toksin Silahlar Konvensiyasının üzvüdür. Rusiya ilə bağlı narahatlıqların əksinə olaraq, Ukraynanın 1991-ci il avqustun 24-də müstəqillik əldə etməsindən bəri Konvensiyaya əsasən, qadağan olunmuş hər hansı fəaliyyətlə məşğul olduğuna işarə edən heç bir məlumat yoxdur.

“Rusiya ilə bağlı narahatlıqların əksinə olaraq, Ukraynanın 1991-ci il avqustun 24-də müstəqillik əldə etməsindən bəri Bioloji və Toksin Silahlar Konvensiyasına əsasən, qadağan olunmuş hər hansı fəaliyyətlə məşğul olduğuna işarə edən heç bir məlumat yoxdur.”

 

Bioloji silahlar beynəlxalq hüquqla qadağandırsa, niyə təhlükəli virus və bakteriyalar üzərində işləyən laboratoriyalarımız var?

1980-ci illərdən bəri alimlər həm bir vaxtlar nəsli kəsilmiş hesab edilən, həm də quş qripi, Ebola və hazırda COVID-19 kimi yeni növ bakteriya və virusların səbəb olduğu xəstəlik epidemiyalarının tezliyində və intensivliyində əhəmiyyətli artım olduğunu qeyd edirlər. Beləliklə, bu artan riskləri nəzərə alaraq, Bioloji və Toksin Silahlar Konvensiyasına üzv dövlətlər xəstəliklərə nəzarəti gücləndirməyə və böyük epidemiyalara reaksiya verə bilmək üçün milli və beynəlxalq səviyyədə hazırlığa çağırıblar. Milli səviyyədə bu cür hazırlıqlar həmçinin bioloji silah hücumunu da erkən aşkar edə bilər. Onların çağırışı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST ) və digər beynəlxalq təşkilatların bənzər tövsiyələri ilə səsləşir.

Konvensiya profilaktik, qoruyucu və ya digər dinc məqsədlər üçün nəzərdə tutulan bioloji tədqiqatları qadağan etmir. Ukrayna ictimai səhiyyə sisteminin təhlükəsizliyini təmin etmək və digər dinc məqsədlər üçün bioloji tədqiqatlar aparmaq hüququna malikdir. Eyni şəkildə, ABŞ, Avropa İttifaqı və ayrı-ayrı ölkələrin xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə digər ölkələrdə aparılan işlərə töhfə vermək hüququ və hətta Konvensiyanın X Maddəsinə əsasən, öhdəliyi də var. Onlar bunu Afrika, Asiya, Latın Amerikası və Karib hövzəsi ölkələri ilə əməkdaşlıq müqavilələrinin həyata keçirilməsində etdikləri kimi , Ukrayna üçün də edirlər.

Əslində, Kremlyönümlü media Ukrayna, Gürcüstan və digər ölkələrdə bioloji tədqiqatların dəstəklənməsi ilə bağlı Qərbi qaralayır. Bu sahədə beynəlxalq əməkdaşlıq niyə vacibdir və buna kim nəzarət edir?

Daha əvvəl dediyim kimi, xəstəliklərin tədqiqi sahəsində beynəlxalq əməkdaşlıq bir neçə müqavilə çərçivəsində fəal şəkildə təşviq edilir, həmçinin ÜST kimi beynəlxalq təşkilatlar tərəfindən müsbət qarşılanır və dəstəklənir.

Bioloji və Toksin Silahlar Konvensiyasına əsasən , ölkələr bakterioloji (bioloji) maddələrin və toksinlərin dinc məqsədlər üçün istifadəsi ilə bağlı avadanlıq, material və məlumat mübadiləsi etmək hüququna malikdir. Onlar xəstəliklərin qarşısının alınması və ya digər dinc məqsədlər üçün elmi kəşflərin işlənib hazırlanmasında və tətbiqi sahəsində əməkdaşlıq edirlər. Konvensiyaya üzv dövlətlər dünyada elm və texnologiyanın inkişafı nəzərə alınmaqla Konvensiyanın statusunu qiymətləndirmək üçün hər beş ildən bir İcmal Konfransı üçün toplaşırlar (doqquzuncu konfrans 2022-ci ilə planlaşdırılıb).

Beynəlxalq əməkdaşlıq qlobal sağlamlıq təhlükəsizliyində əsas rol oynayır, çünki sağlamlıqla bağlı fövqəladə hallara verilən beynəlxalq reaksiya ayrı-ayrı ölkələrin ciddi xəstəliklərlə mübarizəyə hazırlığından çox asılıdır. Buna görə də, ayrı-ayrı dövlətlərə milli səhiyyə sisteminin müəyyən edilməsi, diaqnostikası və təşkili sahəsində öz milli potensiallarını yaratmaqda yardım etmək məqsədi daşıyan elmi-texniki əməkdaşlıq qlobal ictimai səhiyyə sistemi üçün həyati əhəmiyyət kəsb edir.

Bütün dünyadakı laboratoriyalar bu işdə əməkdaşlıq edir, maliyyə vəsaiti əldə etmək üçün tədqiqat layihələri təqdim edir və nəticələri dərc edərək tərəfdaşları ilə paylaşır.

Ukraynaya elmi, texniki və maliyyə dəstəyi də müstəsna hal deyil. Əksinə, bu, Ukraynaya sağlamlıq təhlükəsizliyini gücləndirmək üçün qlobal səylərdə iştirak etmək və onlardan faydalanmaq imkanı verir.

“Ukraynanın ictimai səhiyyə sisteminin təhlükəsizliyini təmin etmək və digər dinc məqsədlər üçün bioloji tədqiqatlar aparmaq hüququ var”

Beləliklə, bioloji silahlardan bəhs edən Bioloji və Toksin Silahlar Konvensiyası əslində, bioloji tədqiqatları və beynəlxalq əməkdaşlığı təşviq edir?

Bəli, əgər bunlar dinc məqsədlər üçün həyata keçirilirsə. Çünki yaxşı sağlamlıq infrastrukturuna və reaksiya imkanlarına malik olmaq, ilk növbədə, bioloji silahların hərbi dəyərini azaldır, bu da öz növbəsində dövlətlərin onları işləyib hazırlamaq və əldə etmək stimulunu azaldır.

İkincisi, bu, müxtəlif beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilən və dəstəklənən əməkdaşlıq proqramlarına uyğundur. Əsas ideya ondan ibarətdir ki, “silah” sözü xəstəliyin qəsdən yayılma üsuluna işarə edir. Bununla belə, xəstəlik eyni olaraq qalır və təbii epidemiyaya qarşı hazırlıqlar və ya reaksiyalar mahiyyətcə eyni olacaq.

Daha ətraflı:

Mərmər taxtabitidən kim qorxur?

Kütləvi aldatma silahları

Kateqoriyalar

MƏSULİYYƏTDƏN İMTİNA

EUvsDisinfo verilənlər bazasındakı nümunələrdə beynəlxalq informasiya məkanında reallığın natamam, təhrif olunmuş və ya yalan təsvirini təmin edən və əsas Kremlyönümlü mesajları yaydığı müəyyən edilən mesajlara diqqət yetirir. Bununla belə, bu, mütləq surətdə müəyyən bir nəşrin Kremllə əlaqəsinin olduğunu və ya redaksiyasının Kremlyönümlü olduğunu, yaxud bilərək dezinformasiya yaymağa çalışdığını bildirmir. EUvsDisinfo nəşrləri Aİ-nin rəsmi mövqeyini əks etdirmir, belə ki, ifadə edilən məlumat və rəylər media hesabatlarına və Şərq Stratcom İşçi Qrupunun təhlilinə əsaslanır.

    Your opinion matters!

    Məlumatların Qorunmasına dair Məlumat *

      Subscribe to the Disinfo Review

      Your weekly update on pro-Kremlin disinformation

      Data Protection Information *

      The Disinformation Review is sent through Mailchimp.com. See Mailchimp’s privacy policy and find out more on how EEAS protects your personal data.