Read this article in EN RU IT ES FR DE PL BY HY AZ UA RO

Kremlin dezinformasiya silahları RT və Sputnik haqqında bilməli olduğunuz 7 şey

Mart 04, 2022

Avropa İttifaqı Kremlin dezinformasiya silahları olan Sputnik və RT-yə qarşı sanksiyalar qəbul edib. Onların Aİ-də yayım fəaliyyətləri Kremlin Ukraynaya qarşı təcavüzünə son qoyulana qədər və Rusiya Aİ, eləcə də onun Üzv Dövlətlərinə qarşı dezinformasiya və informasiya manipulyasiyası fəaliyyətlərindən əl çəkənə qədər təcili olaraq dayandırılıb.

Bunlar olduqca spesifik, misli görünməmiş bir kontekstdə – Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü kontekstində görülən müstəsna, məqsədyönlü və müvəqqəti tədbirlərdir.

Bu tədbirlər “senzura” və ya “ümumi qadağa” deyil və diqqətli bir balans yaradır: tədbirlər fundamental hüquqlara hörmət edir və onları qanuni əsaslı sanksiyalar rejimi çərçivəsində yalnız mütənasib şəkildə məhdudlaşdırır. Bu, Aİ-nin Avropada sülh və təhlükəsizliyə açıq-aşkar təhdidlərə cavabının bir formasıdır.

AB sanksiyaları bu media orqanları əməkdaşlarının işini davam etdirməsinə və vəzifələrini yerinə yetirməsinə mane olmur. Lakin qeyd etmək lazımdır ki, Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri bütün dünyada bir sıra RT əməkdaşları istefa verib.

Aİ-nin RT və Sputnik ilə bağlı sanksiyaları onların yayım və ya buraxılış hüquqlarının müvəqqəti dayandırılması ilə nəticələndi. Burada məqsəd Ukraynaya qarşı əsl amansız müharibə apardığı bir vaxtda Kremli informasiya müharibəsi alətlərindən məhrum etmək idi.

RT və Sputnik beynəlxalq KİV-lər kimi görünə və səslənə bilər, amma bu, belə deyil. Onlar bir ümumi məqsədlə fəaliyyət göstərir: dezinformasiya və informasiyanın manipulyasiyası yolu ilə Kremlin xaricdəki siyasətini təbliğ etmək və dəstəkləmək. RT və Sputnik, eləcə də onların sosial media qolları parçalanma və qütbləşməni gücləndirməyə, demokratiyanı sarsıtmağa, Kremlin beynəlxalq hüquq pozuntularını ört-basdır etməyə və Putinin müharibəsinin dəstəkləndiyi görüntüsünü yaratmağa çalışır.

RT və Sputnik haqqında bilməli olduğunuz 7 şey:

1. RT və Sputnik media qurumları deyil, Kremlin dezinformasiya silahıdır.

RT öz missiyasını hərbi terminlərlə müəyyənləşdirir. Onun baş redaktoru Marqarita Simonyan RT-nin əhəmiyyətini Rusiyanın Müdafiə Nazirliyinə olan ehtiyacı ilə ictimai şəkildə eyniləşdirib. Simonyanın fikrincə, RT “informasiya silahından” istifadə edərək “bütün Qərb dünyasına qarşı informasiya müharibəsi aparmağa” qadirdir. RT-nin strateji məqsədi “kritik anlarda” auditoriyaya çıxış imkanından istifadə etmək üçün auditoriyanı “fəth etmək” və formalaşdırmaqdır.

RT Rusiya üçün strateji əhəmiyyət kəsb edən əsas təşkilatların rəsmi siyahısına daxil edilib. Sputnik prezidentin fərmanı ilə, “Rusiyanın xaricdəki dövlət siyasəti haqqında məlumat vermək” məqsədi ilə yaradılıb. RT hər il Rusiya dövlətindən milyonlarla rubl vəsait alır. Məsələn, Rusiyanın 2020-ci il üçün federal büdcə layihəsində RT-yə demək olar ki , 23 milyard rubl ayrılıb, bu da o zaman 325 milyon avroya bərabər idi. Rusiya dövlət mediasının ümumi büdcəsi 2021-ci ildə təqribən 1,3 milyard avro təşkil edirdi.

2. RT və Sputnik obyektiv deyil, obyektiv olmağa da çalışmırlar.

Müstəqil jurnalist araşdırmaları göstərir ki, RT və Sputnik-in baş redaktoru Marqarita Simonyan Rusiya dövlət KİV-lərinə nələri işıqlandırıb-işıqlandırmamalı olduqları barədə göstərişlər verən mediaya nəzarət şəbəkəsində mərkəzi rol oynayır. Simonyan Kreml ilə “sarı telefon” vasitəsilə birbaşa təhlükəsiz əlaqə xəttinin olduğunu etiraf edib.

  1. Simonyan Rusiyada informasiyaya çıxışın məhdudlaşdırılmasını qətiyyətlə dəstəkləyib, xarici sosial media şəbəkələrinə qadağa qoyulmasına çağırıb və Lukaşenko rejiminin Belarus jurnalistlərinə qarşı təzyiqlərini alqışlayıb.

2014-cü ildə Avropa İttifaqının sanksiyalar tətbiq etdiyi “Rossiya Segodnya”-nın rəhbəri Dmitri Kiselyov öz əməkdaşlarına bildirib ki, “qərəzsiz jurnalistika dövrü bitib” və “obyektivlik mifdir”.

3. RT jurnalistika sahəsində təcrübəsi olan şəxsləri işə götürür, lakin beynəlxalq jurnalistika standartlarına əməl etmir.

RT “alternativ” jurnalistika adı altında Qərbdə Kremlin maraqlarına xidmət edir və “ənənəvi medianın” qondarma qərəzinə qarşı mübarizə aparır. O, öz nüfuzunu artırmaq üçün Qərb siyasətçiləri, alimləri, jurnalistləri və digər nüfuzlu ictimai xadimlərinin çıxışlarına arxalanır və dezinformasiyanı fikir olaraq ört-basdır etmək üçün müəllif sütunları formatından geniş şəkildə istifadə edir.

Lakin bu, sadəcə görünüşdür: RT ictimai hesabatlılıq, şəffaflıq və redaksiya müstəqilliyinə malik olmadığını gizlədə bilməz. Beynəlxalq ictimai yayım şirkətlərinin riayət etdiyi beynəlxalq media standartlarından çox fərqli olaraq, RT öz büdcəsi, idarəetmə strukturu və nəzarət mexanizmləri mövzusunda şəffaf deyil.

4. RT və Sputnik daha böyük dezinformasiya sisteminin bir hissəsidir.

RT və Sputnik ilə Rusiya dezinformasiya sisteminin digər sütunları – Kremlin yanıldıcı və manipulyativ narrativlər yaratmaq və yaymaq üçün istifadə etdiyi rəsmi, proksi/vasitəçi və anonim kommunikasiya kanalları və platformaları toplusu – arasında yaxşı sənədləşdirilmiş əlaqələr mövcuddur.

RT və Sputnik Rusiya Baş Hərbi Kəşfiyyat İdarəsinə (QRU) aid edilən əməliyyatlar da daxil olmaqla kiber-təsir əməliyyatlarına vasitəçilik edir və onları həyata keçirir.

5. RT internet və sosial media üzərində real təsirə malikdir.

RT-yə sosial media profili olan bir televiziya kanalı kimi deyil, peşəkar televiziya imkanlarına malik sosial media quruluşu kimi baxmaq lazımdır. Birləşmiş Krallıq media tənzimləyicisi Ofcom tərəfindən aparılan 2018-ci il tarixli araşdırma RT-ni 2%-lik auditoriya payı ilə “TV-dən xəbərlər üçün istifadə edən böyüklər arasında” populyarlıq baxımından ikinci yerdə qərarlaşdırıb.

RT-nin sosial media əhatəsi daha böyükdür. 2020-ci ilin əvvəlində RT müxtəlif YouTube kanallarında 10 milyard baxış sayı əldə edib. Bununla belə, beynəlxalq media və Rusiya aktivistləri RT-nin sosial mediada kütləvi populyarlığını şübhə altına alır. Araşdırmalar göstərib ki, RT bir media orqanı kimi nüfuzunu və aktuallığını artırmaq üçün internetdə baxış sayını süni şəkildə artırır.

RT Aleksey Navalnının zəhərlənməsi ilə bağlı faktları ört-basdır etmək kimi Kreml üçün mühüm əhəmiyyət kəsb edən mövzularda çoxlu sayda məqalələrlə Aİ daxilindəki informasiya məkanını fəal şəkildə zəbt etməyə cəhd göstərib. RT-nin sosial media fəaliyyətini artırmaq üçün sensasiyalı, yanıldıcı başlıqlardan istifadə etməsi, eləcə də zəif müəllif hüquqları siyasətləri RT məzmununun proksi saytlar tərəfindən həm təsadüfən, həm də məqsədyönlü şəkildə asanlıqla genişləndirilə biləcəyi təhlükəli bir sistem yaradıb.

Son illər ərzində RT sosial mediada təbliğat üçün xüsusi hazırlanmış bir çox spin-off və ya yan məhsullar yaradıb; burada əyləncə məzmununa “Rusiya perspektivi” ilə rəng qatılır. Çoxsaylı qollarının duman pərdəsi arxasında gizlənmiş RT mesajları müxtəlif auditoriyalar üçün uyğunlaşdırır və yönləndirir. Bundan əlavə, RT və onun vasitəçi KİV-ləri bir-biri və Rusiya dövləti ilə əlaqələrini gizlətmək üçün çox səylər göstərib.

6. RT daha əvvəl də problemlərlə qarşılaşıb.

Aİ-nin RT və Sputnik-ə qarşı sanksiyaları çox spesifik, misli görünməmiş bir kontekstdə – Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü kontekstində görülən müstəsna, məqsədyönlü və müvəqqəti tədbirlərdir, lakin Kremlin məruzəçiləri əvvəllər də problemlərlə üzləşib.

RT Ukraynada 2014-cü ildən qadağan edilib və Almaniyada yayım üçün heç vaxt lisenziya almayıb. 2019-cu ildə Alman Jurnalistlər Assosiasiyası dövlət media quruluşlarını “Russia Today” informasiya mediası deyil, Kreml üçün təbliğat vasitəsidir deyə xəbərdar etdi. RT DE Almaniya qanunlarından yayınaraq yayım üçün Lüksemburqda lisenziya almağa cəhd etdi, lakin Lüksemburqdakı tənzimləyicilər də bu sorğunu rədd etdi. RT DE 2021-ci ilin sonunda etibarlı yayım lisenziyası olmadan Almaniyada efirə çıxmağa cəhd etdikdən sonra, Almaniya Lisenziyalaşdırma və Nəzarət Komissiyası tərəfindən yayımı dayandırıldı.

RT Latviya, LitvaEstoniyada qadağan edilib. ABŞ-da RT xarici agent qismində qeydiyyatdan keçməli olub. Britaniya media tənzimləyicisi Ofcom RT-nin materiallarını “əsaslı şəkildə yanıldıcı” hesab edərək 2019-cu ildə RT-yə 200 000 funt sterlinq məbləğində cərimə tətbiq etdi. 2022-ci ilin fevral ayında Ofcom RT xəbər kanalı proqramlarının qərəzsizliyi ilə bağlı 15 yeni araşdırma başlatdı. Fransanın yayım tənzimləyici orqanı da RT-yə xəbərdarlıq edib.

7. RT və Sputnik Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünün hazırlanması və dəstəklənməsində mühüm rol oynayıb.

RT və Sputnik Putinin müharibəsinə haqq qazandırmaq və dəstək toplamaq məqsədilə Ukraynanı qaralayan dezinformasiya narrativlərini inkişaf etdirməyə və gücləndirməyə davam edir. Bunu illərdir edirlər. Bəzi nümunələrə nəzər salın: 2016, 2017, 2018, 2019, 2020, 2021, 2022

2021-ci ildə RT-nin baş redaktoru Marqarita Simonyan Donetskdə keçirilən konfransda iştirak etdi və orada “Ana Rusiyadan Donbası evə qaytarmağı” xahiş edərək sözün əsl mənasında Ukraynanın ərazi bütövlüyünü pozmağa çağırıb.

Putin müharibəyə başlamaq əmrini verməzdən cəmi bir neçə həftə əvvəl RT “Ukraynalılar rus qanı istəyir” iddiası ilə öz auditoriyasını qızışdırdı.

Rusiya raketlərinin Ukrayna şəhərlərinə düşdüyü bir vaxtda, həm RT, həm də Sputnik dezinformasiya yaymağa və Putinin Ukraynaya qarşı müharibəsinin əsl mahiyyətini və miqyasını ört-basdır etməyə davam edir.