Read this article in EN RU IT ES FR DE PL BY HY AZ UA RO KA

Kremlin Taktikası: Ukraynanı İşğal Etmək üçün Bəhanə Uydurmaq – Daha Çox Mif

Fevral 19, 2022

Bu yaxınlarda Ukrayna ilə bağlı ən geniş yayılmış və təhlükəli yeddi mifi araşdırdıq və təkzib etdik.

Ukrayna sərhədlərində hərbi gərginliyin davamlı artması fonunda, Rusiya dövlətinin nəzarətində olan media Donbasdakı əhaliyə qarşı labüd və hətta davam etməkdə olan vəhşiliklər haqqında dezinformasiya narrativləri yaymağa davam edir. Aydındır ki, bütün bunlar kazus belli, işğal üçün bəhanə yaratmaq və Ukraynaya qarşı yenilənmiş, birbaşa hərbi təcavüz seçimini açıq saxlamaq cəhdi dir.

Kiyevi Donbasdakı “vəhşiliklər”də ittiham edən yalan iddialar illər boyu Kremlyönümlü medianı məşğul edib. Rusiya kəşfiyyat xidmətləri ilə əlaqələri olduğu bu yaxınlarda göstərilmiş media vasitələri də daxil olmaqla, dezinformasiya KİV-ləri Ukraynanı keçmişdə, məsələn, 2014, 2015, 2016, 2017, 2018, 2019, 2020, 2021-ci illərdə dəfələrlə“etnik təmizləmə” və “soyqırım”da ittiham etmişdir.

İndi belə yalanlar Kremlin ən yüksək səviyyələrində təkrar istifadə olunur.

Aşağıda Ukraynaya qarşı hərbi təcavüzün daha da genişlənməsi üçün bəhanə kimi istifadə edilən və ya istifadə edilə bilən ən öndə gələn Kremlyönümlü dezinformasiya narrativlərinin icmalı təqdim olunur.

Mif: “Ukrayna qüvvələri Donbasda böyük hücuma keçmək üzrədir”.

Fakt: “Ukrayna hər bir vətəndaşın həyatına yüksək dəyər verir və heç bir təcavüzkar tədbir planlaşdırmır” – Ukrayna Müdafiə Nazirliyinin mesajı çox aydındır. “Ukrayna ordusu heç bir hücum planlaşdırmır və mülki əhali üçün təhlükə yarada biləcəyi təqdirdə silah tətbiq etmir. Birləşmiş Qüvvələr Əməliyyatının keçirildiyi ərazidəki bütün fəaliyyətlər müdafiə xarakteri daşıyır”.

Rusiya dövlət mediası Ukraynaya qarşı gizli hücumlarla bağlı iddiaları gücləndirir. Bu iddialar “DNR” və “LNR”-dəki Rusiyanın dəstəklədiyi qruplaşmaların liderlərinin sinxronlaşdırılmış və demək olar ki, eyni video mesajları (məlumatlara görə, iki gün öncə əvvəlcədən qeydə alınıb) ilə kulminasiya nöqtəsinə çatdı. Bu mesajlarda Rusiyaya kütləvi evakuasiya (daha doğrusu: sifarişli köçürülmə) çağırışı səslənirdi. Yerli yaraqlılar “evakuasiya” ifadəsini işlətməklə öz fəaliyyətlərinə humanitar don geydirməyə çalışır. Əslində isə söhbət mülki əhalini evlərindən və gündəlik həyatlarından qoparımaqdan gedir. Rusiya dövlət mediasının 700 000 şəxsin təxliyyə edilməsi barədə iddiaları Kosovodakı müharibəyə bir növ paralel olaraq qorumaq məsuliyyətinə çağırış cəhdindən xəbər verir.

Bunu əvvəllər daha harada görmüşük? İllərdir Kremlyönümlü media Ukraynanı amansız təcavüzkar kimi qələmə verərək Kiyevin Donbasa qarşı hücum planları ilə bağlı iddialarla dolub daşır. Bir çox nümunəni burada təqdim edirik. Eyni zamanda, Kremlyönümlü media bu yaxınlarda Ukraynanın nəzarətində olan ərazidə uşaq bağçasının atəşə tutulduğunu inkar edir.

Ukraynanın iddia edilən hərbi hücum planları Rusiya dövlətinin nəzarətində olan televiziya tərəfindən yayımlanıb. Pervıy Kanal, 17 fevral 2022-ci il.

Mif: “Ukrayna Donbasda və ya Rusiyada (mülki əhali arasında çoxsaylı itkilərlə) terror hücumu təşkil etməyi və ya həyata keçirməyi planlaşdırır”.

Fakt: Bu və buna bənzər iddialar Ukraynanı zorakı (“terrorçu”) hücumlar təşkil etməkdə və ya həyata keçirməkdə ittiham edən saxta bayraq əməliyyatı narrativləri kateqoriyasına aiddir. Son nümunələrə təhlükəli sənaye obyektlərinin, Donetskdəki inzibati binaların partladılması planları ilə bağlı iddialar və “Polşa muzdlu əsgərlərinə” istinadlar daxildir. Daha ətraflı təhlil üçün baxın: DFR Lab.

Bu cür çeşidli iddialar arasında sabit olan isə heç bir etibarlı sübutun olmamasıdır. Heç bir müstəqil müşahidəçi bu iddiaları təsdiq edə bilməyib. Heç bir etibarlı şahid ortayaçıxmır. Buraya 18 fevral 2022-ci ildə Donetskdə geniş şəkildə yayımlanan avtomobil partlayışı da daxildir. Kadrlarda Rusiya dövlətinin nəzarətində olan televiziya kanalının müxbiri parçalanmış maşının yanında dayanıb, heç bir etibarlı məhkəmə-cinayət araşdırması gözə dəymir. Sahibsiz maye maddə konteynerlərinin partlaması ilə bağlı bənzər hekayə də sənədli sübutlardan məhrumdur.

Ukrayna hökuməti bənzər dezinformasiya iddialarını qəti şəkildə təkzib edib.

Kremlyönümlü mənbələrin Ukrayna terror aktları ilə bağlı iddiaları beynəlxalq media xəbərlərindən sonra güclənib. Bu xəbərlər ictimai şəkildə paylaşılan kəşfiyyat məlumatlarına əsaslanır və Rusiyanın Ukraynanı işğala haqq qazandırmaq üçün saxta terror hücumu təşkil edə biləcəyini göstərir.

Bunu əvvəllər daha harada görmüşük: Rusiya daha əvvəllər də (bax: 2016-cı il) Ukraynanı “terror hücumları”nda ittiham edir, Kremlyönümlü media isə Ukraynanın “terrorçu xunta” tərəfindən idarə edildiyini, həmçinin Avropada və Yaxın Şərqdə əməliyyatlar üçün “terrorçuları hazırladığını” iddia edirdi. Bu iddiaların hər hansı birini dəstəkləyəcək heç bir dəlil yoxdur.

Yuxarıda: iddia edilən hücumlar: avtomobil və kimyəvi anbar partlayışları. Aşağıda: mülki şəxslərin məcburi köçürülməsi. Pervıy Kanal, TASS, 18 fevral 2022-ci il.

Mif: “Ukrayna Şərqdə rusdilli əhaliyə qarşı soyqırım həyata keçirir”.

Fakt: Ukrayna hökumətini bəşəriyyətə qarşı ən ölümcül cinayətlərdə ittiham etməklə, Kreml nəinki Kiyevi ən pis mərdimazar kimi qələmə verməyə çalışır, həm də BMT-nin 1948-ci ildə qəbul edilmiş “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya”sında aydın şəkildə tərif edilmiş termindən də sui-istifadə edir.

Bu cür iddialar digər media vasitələri ilə yanaşı müstəqil Rusiya mediası tərəfindən də birmənalı şəkildə təkzib edilib. BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığnın müntəzəm olaraq dərc etdiyi Ukraynada insan haqlarının vəziyyəti ilə bağlı çoxsaylı hesabatların və ya ATƏT-in Xüsusi Monitorinq Missiyasının hesabatlarının heç birində Ukraynadakı soyqırıma istinad belə edilmir.

Bunu əvvəllər daha harada görmüşük: İllər boyunca Kremlyönümlü media “soyqırım” sözünü geniş miqyaslı insan haqları pozuntuları ilə heç bir əlaqəsi olmayan şeyləri təsvir etmək üçün sərbəst şəkildə istifadə edir və bununla da beynəlxalq hüququn bu terminini təhrif edir. Buna misal olaraq Krımda suviza “soyqırımı” və Sputnik V peyvəndi almaqdan imtina edən ukraynalıların “soyqırımını” göstərmək olar.

Mif: “Ukrayna Donbasda mülki şəxslərə qarşı kimyəvi və digər qadağan olunmuş silahlar tətbiq edəcək. ABŞ Donbasa “yalançı bayraq” kimyəvi silah hücumu planlaşdırır”.

Fakt: Ukrayna heç vaxt kimyəvi silah istehsal etməyib, saxlamayıb və ya istifadə etməyib. Bundan əlavə, ABŞ da Kimyəvi Silahlar Konvensiyasını imzalayıb və kimyəvi silahlar istifadə etmir.

Kremlyönümlü media həmçinin Ukrayna ordusunu Cenevrə Konvensiyasına əsasən, qadağan olunmuş ağ fosforlu sursatlardan istifadə etməkdə də ittiham edir, Rusiya məxfi xidmətləri ilə bağlı olan Telegram kanalları isə əldəqayırma radioaktiv bombalar haqqında şayiələr yayır. Bu cür yalan narrativlər qorxu oyatmaq və Ukrayna silahlı qüvvələrini ləkələyən emosiya tətikləri kimi təşviq edilir.

Bunu əvvəllər daha harada görmüşük: Kremlyönümlü mətbuat ilk dəfə deyil ki, kimyəvi silahlarla bağlı faktların təhrif edilməsinə, o cümlədən Suriya rejimi tərəfindən kimyəvi silah hücumlarının inkar edilməsinə əl atır. Kremlyönümlü media Aleksey Navalnıya sui-qəsd cəhdində və Solsberi zəhərlənməsində Rusiyanın həqiqətən kimyəvi silahlardan istifadə etməsi ilə bağlı faktların ört-basdır edilməsində də mühüm rol oynayıb.

Mif: “Ukrayna hərbçiləri Donbasda vəhşiliklər törədir”.

Fakt: Donbasdakı qondarma vəhşiliklər haqqında iddialar ürəkağrıdıcıdır və bəzən Rusiyanın əsas TV-nin qorxunc kadrları ilə tamamlanır. Lakin onlar açıq-aşkar etibarlı təfərrüatlar olmadan təqdim olunur. ATƏT-in Xüsusi Monitorinq Missiyasının hərəkətinə davamlı məhdudiyyətlər olduğu üçün müstəqil müşahidəçilərin bu iddiaları araşdırmaq imkanı yoxdur.

Bunu əvvəllər daha harada görmüşük: Kremlyönümlü media, xüsusilə də yerli rus auditoriyası arasında ukraynalılara qarşı nifrət və qorxu oyatmaq üçün son dərəcə emosional və uydurma mesajlardan istifadə edib. Hələ 2014-cü ildə Kremlyönümlü media tərəfindən yayılan “çarmıxa çəkilmiş oğlan” haqqında bədnam uydurmadan sonra Ukrayna silahlı qüvvələrinin “insan safariləri” təşkil etdiyinə və burada zəngin qərblilərin Donbasdakı dinc sakinləri öldürmək haqqını satın ala biləcəyinə dair çılğın iddialar ortaya çıxdı (2018). Bu yaxınlarda, 2022-ci ilin fevralında “dnayper safarisi” ilə bağlı analoji iddialar da səsləndirilib. 2021-ci ilin yazında Rusiya dövlət mediası Donbasda Ukraynaya məxsus pilotsuz uçuş aparatı tərəfindən öldürüldüyü iddia edilən 4 yaşlı oğlanla bağlı xəbəri fəal şəkildə təbliğ edirdi. Ümumi rəylərə görə, onun ölüm səbəbi saxtalaşdırılıb. Bu cür dezinformasiya xarakterli mesajlar həm Rusiya media xadimləri, həm də Rusiya rəsmiləri tərəfindən yayılan məlum “nasist” Ukrayna dezinformasiya narrativi ilə sıx əlaqədardır.

 

Həmçinin oxuyun: Mövcud Rusiya-Ukrayna Münaqişəsi Haqqında Dezinformasiya – Yeddi Mifin Təkzibi