Read this article in EN RU IT ES FR DE PL BY HY AZ UA RO KA

Kremlyönümlü Dezinformasiyanın Əsas Narrativləri, 1-ci hissə: Elita xalqa qarşı

İyul 28, 2022

Kremlyönümlü dezinformasiyanın səciyyəvi xüsusiyyəti onun təkrarlanmasıdır. İrəli sürdükləri bütün ağlasığmaz iddialara rəğmən, Kremlyönümlü KİV-lər çox vaxt daxili və beynəlxalq auditoriyalar üçün sadəcə bir neçə əsas mesajı səsləndirən sınmış qrammafon valını xatırladır. Bu, təsadüf və ya diqqətsizlikdən qaynaqlanan bir hal deyil, qəsdən edilir: təkrarlama vasitəsilə yalanı daha da inandırıcı olur. Kremlyönümlü dezinformasiya KİV-ləri konkret hekayələr üçün şablon olaraq bir neçə təkrarlanan narrativdən istifadə edərək buna nail olur.

Narrativ mətnlər, təsvirlər, metaforalar və digər vasitələrlə çatdırılan ümumi bir mesajdır. Narrativlər mesajı çatdırmağa dəstək olur, həyəcan yaradır və informasiyanı cəlbedici edir. Onlar cari hadisələrə və üstünlük təşkil edən mövqelərə əsaslanaraq birləşdirilə və dəyişdirilə bilər. Bəzi narrativlər yüz illərdir ki, mövcuddur: “tənəzzülə uğrayan Qərb” narrativinin müxtəlif versiyaları 19-cu əsrdən bəri sənədləşdirilmişdir. EUvsDisinfo Kremlyönümlü dezinformasiya KİV-lərinin tətbiq etdiyi beş təməl narrativiKremlin hekayə danışmaq tərzinin əsas elementlərini müəyyən edib. Bu əsas Kremlyönümlü dezinformasiya narrativlərinin bir çox hallarda tətbiq edildiyini müşahidə etmişik: COVİD-19 pandemiyası boyunca seçki müdaxiləsi təşəbbüslərində və Ukraynadakı əsassız müharibəyə haqq qazandırmaq cəhdlərində.

Növbəti bir neçə həftə ərzində sizə Rusiya və Kremlyönümlü dezinformasiya KİV-lərində görünməyə davam edən ən geniş yayılmış beş dezinformasiya narrativinin yenilənmiş icmalını təqdim edəcəyik. Bu, birinci narrativin icmalıdır.

Kremlyönümlü dezinformasiyanın birinci əsas narrativi: Elita xalqa qarşı

Zəhmətkeş xalq ilə əlaqəsi olmayan elita ideyası siyasi tarixdə geniş yayılmışdır. Bir neçə siyasətçi və siyasi hərəkat korrupsiyaya uğramış və özündən razı korporasiyalar, siyasi partiyalar və media nümayəndələrindən ibarət təbəqəyə qarşı adi insanın, kiçik adamın, səssiz kütlələrin səsini təmsil etdiyini iddia edib. Bu narrativ Kremlin ixtirası olmasa da, Kremlyönümlü dezinformasiya KİV-ləri bundan tez-tez istifadə edir.

Çeşidli “günah keçiləri”

Bu narrativ çox uğurlu ola bilər, çünki hədəf auditoriyanı hər növ şikayətə görə günahlandıra biləcəyi bir “günah keçisi” ilə təmin edir: bankirlər, Böyük Korporasiyalar, yəhudilər, oliqarxlar, müsəlmanlar, Brüssel bürokratları və başqaları. Rusiya dezinformasiya KİV-ləri bu narrativdən COVID-19 pandemiyası boyunca bol-bol istifadə edərək Bill Qeytsin ya koronavirusu uydurduğunu, ya da ona qarşı peyvəndlərdən “mikroçip” implantasiyaları üçün istifadə etməsi kimi məşhur iddialar irəli sürüb.

Bu narrativ müxtəlif konspirasiya inancları ilə də sıx şəkildə bağlıdır. Geniş yayılmış bir xüsusiyyət gizli elitaların – iyrənc niyyətləri olan “kölgə hökmdar”larının, kukla ustalarının mövcudluğu iddiasıdır. Pandemiya boyunca bu narrativ dezinformasiya müəllifləri üçün faydalı, səmərəli və rahat bir şablon olduğunu sübut etdi. EUvsDisinfo veb-saytında virusun süni şəkildə yaradılması və onun yayılmasının qarşısını almaq üçün görülən tədbirlərin sadəcə olaraq elitanın adi insanların həyatını məhv etmək üsulları olduğu barədə çoxsaylı iddialar yer almaqdadır.

Bu iki Sputnik məqaləsinin nümayiş etdirdiyi kimi, bu narrativ pandemiyadan əlavə 2016-cı il Brexit referendumu ərəfəsində də işə salınıb: “Avrokratiya təhlükəsi Avropanı təhdid edir”“Vaffen-Aİ”.

Anqlo-Sakslar və Ukrayna

“Elita xalqa qarşı” narrativi həmçinin Rusiyanın Ukrayna işğalı kontekstində də istifadə edilmişdir. Kremlyönümlü KİV-lər Rusiya işğalını slavyanları bir-birinə qarşı qızışdıran “Anqlo-Saks” taktikası kimi qələmə verməyə çalışıb.

Kremlyönümlü təbirdə “Anqlosakslar ” Qərbi, xüsusən də Birləşmiş Krallığı və ABŞ-ı günahlandırmaq üçün inklüziv bir ifadə kimi istifadə olunur. Anqlosakslar qlobal hökmranlıq üçün xain planlar cızan hiyləgər qaniçənlər kimi təqdim olunur. Bu ifadə konspirasiya inancları formalaşdırmaq üçün tez-tez istifadə olunur və Qərbi “başqası” kimi çərçivələməyə yardım edən, eləcə də Rusiyanın “fərqli sivilizasiyaya” aid olduğu ideyasını gücləndirən “sivilizasiyaların toqquşması” elementinə sahibdir.

Odur ki, Kremlyönümlü media manipulyatorlarının fikrincə, Ukraynada (Slavyan) xalqa qarşı (Anqlosaks) elita mövcuddur: Anqlosakslar nəyin bahasına olursa olsun Rusiya ilə münaqişə axtarırlar, 2014-cü il demokratik etiraz adı altında dövlət çevrilişini təşkil etmişlər, Ukraynanı slavyanlara qarşı müharibəyə cəlb etmək istəyirlər, Ukraynadan Rusiyaya qarşı forpost kimi istifadə edirlər və s.

Məntiq yalanları

Elita xalqa qarşı narrativinin uzun, yüz ildən artıq bir tarixi var. Onun tədarükçüləri məntiqin səsi olduqlarını və hüquqlarından məhrum edilmiş vətəndaşlar adından çıxış etdiklərini, nəyin bahasına olursa olsun “həqiqəti” gizlətməyə çalışan elitaya qarşı çıxaraq həqiqəti söylədiklərini iddia edirlər.

“Həqiqət” müharibə və sülh, miqrasiya, iqtisadiyyat da daxil olmaqla müxtəlif məsələlərlə bağlı ola bilər. Eyni zamanda, həqiqəti gizlətməkdə “günahkar” hesab edilən xüsusi elitalar hədəf auditoriyanın şikayətlərinə uyğun olaraq, strateji şəkildə seçilir. Həqiqətən də, bu narrativ saysız-hesabsız mövzulara uyğunlaşdırıla və tətbiq oluna bilər: “Miqrasiya böhranı ucuz işçi qüvvəsi əldə etmək üçün iri korporasiyalar tərəfindən törədilir”; “Qlobal İstiləşmə Fırıldağı bankirlər tərəfindən ictimaiyyətin diqqətini real dünya problemlərindən yayındırmaq üçün istifadə olunur”; “Ukraynadakı müharibəyə görə qlobal korporasiyalar, əsasən də silah istehsalçıları məsuliyyət daşıyır”.

Nəhayət, bu narrativ adi insanlara rəğbət bəsləyir kimi görünsə də, əslində avtoritar mənşəlidir. İddiaları əsaslandırmaq üçün dəlillər nadir hallarda təqdim olunur və konspirativ düşüncə prinsiplərinə uyğun olaraq, bəzən dəlilin yoxluğu sübut qismində istifadə olunur: “Görün, elitalar nə qədər güclüdür, sui-qəsdlərinin bütün izlərini gizlədirlər!” Adətən, bu narrativdə həm də oxucudan yalnız narrativi danışanın sözünə etibar etmək tələb olunur. “Mən həqiqəti bilirəm, mənə inanın!” Həqiqətən də, konspirasiya inanclarına əsaslanan bütün narrativlər kimi, bu narrativ də öz auditoriyasından iddiaları faktlar deyil, inanc əsasında qəbul etməyi tələb edir.

Elita Xalqa qarşı mövzusunda burada ətraflı oxuya bilərsiniz. Anqlosakslar haqqında burada ətraflı oxuya bilərsiniz.