Read this article in EN RU IT ES FR DE PL BY HY AZ UA RO KA

Kremlyönümlü Dezinformasiyanın Əsas Narrativləri, 2-ci hissə: “Təhlükə altında olan” dəyərlər

Avqust 06, 2022

Kremlyönümlü dezinformasiyanın səciyyəvi xüsusiyyəti onun təkrarlanmasıdır. İrəli sürdükləri bütün ağlasığmaz iddialara rəğmən, Kremlyönümlü KİV-lər çox vaxt daxili və beynəlxalq auditoriyalar üçün sadəcə bir neçə əsas mesajı səsləndirən sınmış qrammafon valını xatırladır. Bu, təsadüf və ya diqqətsizlikdən qaynaqlanan bir hal deyil, qəsdən edilir: təkrarlama yalanı daha inandırıcı edir. Kremlyönümlü dezinformasiya KİV-ləri konkret hekayələr üçün şablon olaraq bir neçə təkrarlanan narrativdən istifadə etməklə buna nail olur.

Narrativ mətnlər, təsvirlər, metaforalar və digər vasitələrlə çatdırılan ümumi bir mesajdır. Narrativlər mesajı çatdırmağa dəstək olur, yardım edir, həyəcan yaradır və informasiyanı cəlbedici edir. Onlar cari hadisələrə və üstünlük təşkil edən mövqelərə əsaslanaraq birləşdirilə və dəyişdirilə bilər. Bəzi narrativlər yüz illərdir ki, mövcuddur: “tənəzzülə uğrayan Qərb” narrativinin müxtəlif versiyaları 19-cu əsrdən bəri sənədləşdirilmişdir. EUvsDisinfo Kremlyönümlü dezinformasiya KİV-lərinin tətbiq etdiyi beş təməl narrativiKremlin hekayə danışmaq tərzinin əsas elementlərini müəyyən edib. Bu əsas Kremlyönümlü dezinformasiya narrativlərinin bir çox hallarda tətbiq edildiyini müşahidə etmişik: COVİD-19 pandemiyası boyunca seçki müdaxiləsi cəhdlərində və Ukraynadakı əsassız müharibəyə haqq qazandırmaq cəhdlərində.

Sizə Rusiya və Kremlyönümlü dezinformasiya KİV-lərində hələ də rast gəldiyimiz ən geniş yayılmış beş dezinformasiya narrativinin yenilənmiş icmalını təqdim edirik. Bu, ikinci narrativin icmalıdır. Narrativin 1-ci hissəsinə də nəzər salın: Elita Xalqa qarşı.

2-ci Narrativ: “Təhlükə altında olan dəyərlər”

“Təhlükə altında olan dəyərlər” narrativi geniş çeşidli mövzulara uyğunlaşdırılıb və adətən Qərbin qadınların, etnik və dini azlıqların, LGBTQI+ qrupları və digərlərinin hüquqlarına münasibətinə etiraz etmək üçün istifadə olunur. Kremlyönümlü şərhçilər Qərbin “mənəvi tənəzzülü” və ya “əxlaqi pozğunluğu”nu məzhəkəyə qoyurlar. Bunun əksinə olaraq, Rusiya və pravoslav xristianlıq bu rəsmi Rusiya reklam videosunda göstərildiyi kimi, ənənəvi dəyərlərin əsl müdafiəçiləri kimi fərqlənir.

Bu narrativə görə, “qadınxasiyyətli Qərb” geriləmə, feminizm və “siyasi düzgünlük” burulğanında çürüyür və iqtisadiyyatını çökdürür, Rusiya isə atalardan qalma ənənəvi dəyərləri təcəssüm etdirir. Bu narrativ Rusiyanın dövlət xəbər agentliyi “RİA Novosti”-nin 2015-ci ilə aid karikaturasında təsvir olunmuşdur. Filmdə Avropanın açıq-aşkar mənəvi tənəzzülə uğradığı nümayiş etdirilir. Hitlerdən cinsi azğınlığa, daha sonra isə quduz goreşənlərin meydan suladığı gələcəyə qədər.

Tərbiyə və əxlaqın “keşikçisi” olan Rusiya ilə qarşılaşdırılan tənəzzülə uğramış Qərb ideyası Kremlin ən yüksək səviyyələrindən qaynaqlanır. Avropa Xarici Əlaqələr Şurasının təhlilinə görə, hələ 2013-cü ildə Putin “Avro-Atlantik” ölkələrini mənəvi tənəzzül və əxlaqsızlıqda təqsirləndirərək bu mövqeyi tutmuşdu.

Seks haqqında söhbətlər…

Kremlyönümlü media da bu nümunəni həvəslə izlədi. Rusiyanın dövlət yayım şirkəti “Sputnik” Qərbin kütləvi mədəniyyətini “pedofiliyanın müxtəlif formaları” kimi təsvir edib. Ərəb dilində fəaliyyət göstərən Kremlyönümlü KİV-lər iddia edirdilər ki, Qərb dövlət və ailə kimi əsas dəyərləri məhv etməyə çalışır. Ermənistanda Kremlyönümlü dezinformasiya vasitələri Qərbin digər dövlətlərin milli kimliyini sarsıtmaq üçün yad mənəvi təməllər “qoyduğunu” iddia edirdi. Bu narrativlə Kreml nəinki əsas tərbiyə və dəyərləri “qorumağı” bacarır, həm də onları Qərbdən gələn əxlaqsızlıq hücumundan “müdafiə edir”.

Avropa Xarici Əlaqələr Şurasının təhlilinə görə:

“Ağıllı bir təbliğat fəndi sosial mühafizəkar və anti-Qərb mövqeləri bir araya gətirərək məkrli Qərbin nüfuzunu gücləndirmək idi. Beləliklə, Qərb və qərblilər, geylər, liberallar, müasir sənətçilər və onların pərəstişkarları, Rus Pravoslav Kilsəsinə lazımi hörmətlə yanaşmayanlar və Rusiyanın qüsursuz tarixinə şübhə ilə yanaşmağa cəsarət edənlər hamısı “vahid şər qüvvə”, “Rusiyaya, onun mədəniyyətinə, dəyərlərinə və milli kimliyinə təhdid” kimi təqdim edilirdi.

Homofobiya ənənəvi dəyərləri qorumaq iddiası ilə sıx bağlıdır, ona görə də Rusiya dövlət mediasının bu nümunələrdə göstərildiyi kimi cinsi azlıqların hüquqlarını ələ salmağa vaxt sərf etməsi təəccüblü hal deyil. Bundan əlavə, son vaxtlar Kremlyönümlü KİV-lər Ukrayna hərbçilərini ləkələmək üçün homofob metaforalara da əl atıblar.

Kremlyönümlü KİV-lər bir güllə ilə iki dovşanı vura bildikdə xüsusi həzz alırlar: qüdrətli Aİ-ni ayrı-ayrı Avropa dövlətlərinə öz dəyərlərini ləğv və ya məhv etmək əmri verməklə tiranizmdə ittiham etmək. Bir nümunə manipulyasiya edilmiş və ciddi şəkildə təhrif edilmiş hekayədir: “Avropa Parlamenti “Ana” və “Ata” sözlərini qadağan edir”.

Sağlam düşüncə

Dəyərlərə əsaslanan dezinformasiya narrativləri adətən “ənənə”, “ədəb-ərkan” və “sağlam düşüncə” kimi təhdid altında olan anlayışlar üzərində cəmlənir: bu ifadələrin hamısının müsbət mənaları var, lakin nadir hallarda aydın şəkildə tərif edilirlər.

Narrativ ənənəvi dəyərlərə sadiq olanların artıq onlara qarşı çıxanlar tərəfindən təhdid edildiyini və əvəzində mənəvi cəhətdən iflasa uğramış distopiya yaratmağa çalışdıqlarını önə sürən “biz və onlar” çərçivəsi yaradır. Rusiya və Kremlyönümlü dezinformasiya KİV-ləri buradaburada görndüyü kimi, 2018-ci il İsveç ümumi seçkiləri ərəfəsində bu narrativin variasiyalarını irəli sürdülər. Bədnam Sankt-Peterburq “Troll Fabriki Xəbər Agentliyi RIAFAN” kimi rusdilli KİV-lərdə bu narrativin dili xüsusilə aqressivdir: “Qalib tolerantlıq ölkəsində vəziyyət necədir: geylər və lesbiyanlar əmrlər verir, kişi və qadınlar istismar olunur, rusofobiya və qorxu mövcuddur”.

Şəxsi toxunulmazlıq, təhlükəsizlik və söz azadlığı kimi fərdi hüquqları dəstəkləyən Qərbin dəyərlər konsepsiyasından fərqli olaraq, Rusiya dəyərlər sistemi hər bir fərdin riayət etməli olduğu kollektiv normalar dəstini ehtiva edir.

Bununla belə, “Təhlükə altında olan dəyərlər” narrativi həmişə belə bir “mənəvi yüksəklik” mövqeyindən ifadə edilir: ədəb-ərkana və ənənəçiliyə sadiq qalan səssiz əksəriyyət liberal “tiraniyanın” hücumuna məruz qalıb. Hədəf auditoriya ailə dəyərləri, ənənəvi xristianlıq və saflıq uğrunda cəsarətlə mübarizə aparan Kreml bayrağı altında qəhrəmanlıq cərgələrinə qoşulmağa dəvət olunur.

“Təhlükə altında olan dəyərlər” haqqında ətraflı oxuyun.