Read this article in EN RU IT ES FR DE PL BY HY AZ UA RO KA

Kremlyönümlü Dezinformasiyanın Əsas Narrativləri, 3-cü hissə: “İtirilmiş Suverenlik”

Avqust 13, 2022

Kremlyönümlü dezinformasiyanın səciyyəvi xüsusiyyəti onun təkrarlanmasıdır. İrəli sürdükləri bütün ağlasığmaz iddialara rəğmən, Kremlyönümlü KİV-lər çox vaxt daxili və beynəlxalq auditoriyalar üçün sadəcə bir neçə əsas mesajı səsləndirən sınmış qrammafon valını xatırladır. Bu, təsadüf və ya diqqətsizlikdən qaynaqlanan bir hal deyil, qəsdən edilir: təkrarlama yalanı daha inandırıcı edir. Kremlyönümlü dezinformasiya KİV-ləri konkret hekayələr üçün şablon olaraq bir neçə təkrarlanan narrativdən istifadə etməklə buna nail olur.

Narrativ mətnlər, təsvirlər, metaforalar və digər vasitələrlə çatdırılan ümumi bir mesajdır. Narrativlər mesajı çatdırmağa yardım edir, həyəcan yaradır və informasiyanı cəlbedici edir. EUvsDisinfo Kremlyönümlü dezinformasiya KİV-lərinin tətbiq etdiyi beş təməl narrativi müəyyən edib. Bu narrativlərin bir çox hallarda tətbiq edildiyini müşahidə etmişik. Bunlara misal olaraq, seçkilərə müdaxilə və COVİD-19 pandemiyası haqqında yanlış məlumatlar yaymaq, eləcə də Ukraynadakı əsassız müharibəyə haqq qazandırmaq cəhdlərini göstərmək olar.

Bu yay sizə bu narrativlərin yenilənmiş icmalını təqdim edirik. Bu, “İtirilmiş Suverenlik” adlı üçüncü narrativin icmalıdır. Daha əvvəl dərc edilmiş narrativlərə də baxın: “Elita Xalqa Qarşı” və “Təhlükə Altında Olan Dəyərlər”.

Narrativ nömrə 3: “İtirilmiş Suverenlik”

Rusiya və Kremlyönümlü dezinformasiya mənbələri müəyyən ölkələrin artıq həqiqətən suveren olmadığını iddia etməyi sevir. Hələ 2015-ci ildə Rusiyanın dövlət xəbər agentliyi olan “RİA Novosti”-nin karikaturaçı rəssamı bu fikri belə bir şəkil ilə təsvir etmişdi: Sem dayı qaz sobasını yandırmaqla avropalıları yuxarı-aşağı tullanaraq “Rusiyaya qarşı sanksiya” deyə qışqırmağa məcbur edir.

Orijinal illustrasiya: RIA Novosti

O vaxtdan bəri bu narrativin Kremlyönümlü KİV-lərdə yayılmasına dair daha çox nümunələri olub: məsələn, Ukraynanı əcnəbilər idarə edirBaltikyanı ölkələri əslində suveren deyil. Bundan əlavə, Kremlyönümlü dezinformasiya KİV-ləri iddia edirlər ki, NATO-ya daxil olmaqla, Finlandiya və İsveç artıq suverenliklərini itirmək üzrədir və xarici (ABŞ, NATO) təzyiq altında hərəkət edirlər. Bu narrativə dair əlavə nümunələr çoxdur: Aİ-ni Vaşinqton idarə edir, Yaponiya vassal dövlətdir, Almaniya işğal olunmuş ərazidir, Ukraynada qərarlar onun prezidenti deyil, ABŞ tərəfindən verilir və s.

Kremlyönümlü KİV-lər hətta “suveren olmayan” dövlətləri müəyyən etmək üçün xüsusi lüğətdən də istifadə edirlər: “limitroflar” və ya ağalarına dolanışıq və qulluq təmin edən sərhəd əraziləri. Kremlyönümlü “RuBaltica” təbliğat KİV-inin Polşa nəşri izah edir:

“Bir tərəfdə bütün dövlət funksiyalarını yerinə yetirməyə qadir olan real dövlətlər mövcuddur, digər tərəfdə isə dövlətçiliyin formal atributlarına sahib olan, lakin real dövlət olmayan geosiyasi tör-töküntü və ya uydurma ölkələr var. Bu ölkələrə Rusiyanı Qərbdən ayıran postsovet məkanı limitrof dövlətlər daxildir. Bu ölkələrin psevdo-elitası miqrasiya böhranını aradan qaldırmaq, sərhədləri qorumaq və epidemiya ilə mübarizə aparmaq kimi hər hansı ciddi tarixi problemin öhdəsindən gəlmək iqtidarında deyil. Onlar Qərbi Avropa və ABŞ-dan yardım istəməkdə davam edirlər, çünki problemləri təkbaşına həll edə bilmirlər. Bu ölkələri marionetlər idarə edir: onlar yalnız “Rusiyanı dayandırmaq” haqqında danışa və Aİ və BMT-də Rusiya əleyhinə qətnamələrə səs verə bilirlər”.

“İtirilmiş suverenlik” narrativi nəticə etibarilə demokratiyanın əsaslarını aşındırmağa yönəlmiş səlahiyyətlərdən məhrumetmə narratividir. Əgər ölkələrini güclü autsayderlər idarə edirsə, onda demokratik proseslərə və seçkilərə kim diqqət göstərəcək?

Əksinə, Kremlyönümlü KİV-lər iddia edir ki, real suverenlik yalnız Rusiyanın nəzarəti altında mümkündür.

Xalqın müstəqil siyasi iradəsi yoxdur

Sözdə “rəngli inqilablar” haqqında Kremlyönümlü dezinformasiya mesajları “itirilmiş suverenlik” narrativi ilə yaxından əlaqəlidir. Bu mesajlar sosial çaxnaşmaların və ya siyasi etirazların güclü autsayderlər (Qərb) tərəfindən təşkil edildiyini və heç də vətəndaşların aktivizminin və ya şikayətlərinin həqiqi ifadəsi olmadığını iddia edir. Nümunələr çoxdur və 2013-2014-cü illərdə Kremlyönümlü KİV-lərin ABŞ rəsmilərini xalq etirazlarını təşkil etməkdə haqsız yerə ittiham etdiyi Ukrayna Avromaydan etirazları dövrünə təsadüf edir.

Kremlin digər xalqların müstəqil siyasi iradəsini və istəklərini rədd etməsi təkəbbürdən qaynaqlanır və çox vaxt sözügedən xalqa və ya ölkəyə imperialist yanaşma gizlədilir. Azad iradə anlayışını dərk edə bilməyən Kreml konspirasiya düşüncəsinə əl atır: “Ağlı başında olan biri niyə Rusiyadan uzaqlaşmaq istəsin ki? Bunun səbəbi yalnız Anqlosaksların rəhbərlik etdiyi manipulyasiya ola bilər.” Təəccüblü deyil ki, Kremlin fikrincə, Aİ də Anqlosaksların nəzarəti altındadır.

Ukraynanın dövlətçiliyini sarsıtmaq

“İtirilmiş suverenlik” narrativi demokratik qurumlara inamı azaltmaq və nəticədə onların təməlini sarsıtmaq məqsədi daşıyır. Bu, Kremlyönümlü KİV-lərin Ukraynaya qarşı hərbi təcavüzə haqq qazandırmaq cəhdlərində də xüsusi əhəmiyyət kəsb edib. Bədnam bir nümunə Rusiyanın genişmiqyaslı işğala başlamazdan bir neçə gün əvvəl Putinin “Ukraynanı Lenin yaradıb” iddiası idi (bu iddia artıq Kremlyönümlü dezinformasiya sistemində yayılmışdı).

Ukrayna kontekstində Kremlyönümlü “itirilmiş suverenlik” narrativi daha məşum, imperialist sima alır. O, təkcə Ukrayna dövlətçiliyini deyil, “Ukrayna dövlətinin indiyədək mövcud olmadığını” iddia etməklə onun mövcudluğunu belə inkar edir. Bu narrativ “Nasist Ukraynası” mifi ilə birlikdə Rusiyanın Ukraynaya qarşı əsassız işğalına haqq qazandıran əsas dezinformasiya məcazlarından biri olmuşdur. Əlaqədar dezinformasiya narrativləri arasında ukraynalıların, rusların və belarusların “bir millət” olduğu və Ukraynanın dağılma ərəfəsində olduğuna dair çoxsaylı iddialar yer alır.

“İtirilmiş suverenlik” narrativi haqqında daha çox məlumat üçün buraya nəzər salın.