Kremlyönümlü Dezinformasiyanın Əsas Narrativləri, 4-cü hissə: “Qaçılmaz Süqut”

Kremlyönümlü dezinformasiyanın səciyyəvi xüsusiyyəti onun təkrarlanmasıdır. İrəli sürdükləri bütün ağlasığmaz iddialara rəğmən, Kremlyönümlü KİV-lər çox vaxt daxili və beynəlxalq auditoriyalar üçün sadəcə bir neçə əsas mesajı səsləndirən sınmış qrammafon valını xatırladır. Bu, təsadüf və ya diqqətsizlikdən qaynaqlanan bir hal deyil, qəsdən edilir: təkrarlama yalanı daha inandırıcı edir. Kremlyönümlü dezinformasiya KİV-ləri konkret hekayələr üçün şablon olaraq bir neçə təkrarlanan narrativdən istifadə etməklə buna nail olur.
Narrativ mətnlər, təsvirlər, metaforalar və digər vasitələrlə çatdırılan ümumi bir mesajdır. Narrativlər həyəcan yaratmaqla və informasiyanı cəlbedici etməklə mesajı çatdırmağa yardım edir. EUvsDisinfo Rusiya və Kremlyönümlü dezinformasiya KİV-lərinin tətbiq etdiyi beş təməl narrativi müəyyən edib. Bu narrativlərin bir çox hallarda tətbiq edildiyini müşahidə etmişik: seçki müdaxiləsi təşəbbüslərində, COVID-19 pandemiyası haqqında yalan məlumatlar yaymaq və Ukraynadakı əsassız müharibəyə haqq qazandırmaq cəhdlərində.
Bu yay sizə bu narrativlərin yenilənmiş icmalını təqdim edirik. Bu, “Qaçılmaz Süqut” adlı dördüncü narrativin icmalıdır. Daha əvvəl dərc edilmiş narrativlərə də nəzər salın: “Elita Xalqa Qarşı”, “Təhlükə Altında Olan Dəyərlər” və “İtirilmiş Suverenlik”.
4-cü Narrativ: “Qaçılmaz Süqut”
Aristotel ritorikasında kairos anlayışı təcili tədbir görülməsinə ehtiyac hissini ifadə edir. Əksər natiqlər belə iddialar irəli sürərkən bu anlayışdan istifadə edirlər: nə qədər ki gec deyil, indi tədbir görün! Kremlyönümlü dezinformasiya kontekstində bu funksiyanı “Qaçılmaz Süqut” narrativi yerinə yetirir.
Rusiya və Kremlyönümlü dezinformasiya KİV-ləri müntəzəm olaraq bu narrativdən istifadə edirlər. Nümunələr: Aİ süqut ərəfəsindədir, ABŞ süqut edir, NATO dağılır, Ukraynanın Aİ-yə daxil olması blokun dağılmasına səbəb olardı və maliyyə sistemi məhv olur.
Kremlin təbliğatına görə, bu “süqutu” başqa amillər də sürətləndirir. Məsələn, “RİA Novosti” karikaturaçısı Avropadakı terroru avropalıların bilmədən ciblərinə qoyduğu məhvedici əqrəb kimi təsvir edir.

Orijinal illüstrasiya: RİA Novosti
Köhnə Hekayə
Rusiya bir əsrdən artıqdır ki, Avropanın labüd və qaçılmaz süqutunu proqnozlaşdırır. Avropa və ya Aİ üzv dövlətlərini “vətəndaş müharibəsi astanasında” kimi təsvir etmək 1919-cu ildə olduğu kimi 2019-cu ildə də yaxşı nəticə verdi.
Rusiya dövlət KİV-ləri yerli auditoriyalarına Aİ-də həyatın necə dəhşətli olduğuna dair çoxsaylı hekayələr təqdim edir: iğtişaşlar, zorakılıq, yoxsulluq, siyasi ekstremizm və s. Bütün bunlar başqa yerlərdəki vəziyyətlə açıq ziddiyyət təşkil edərək labüd süqut ərəfəsində olmayan Rusiyada yaşayan auditoriyalarda rahatlıq hissi yaratmaq üçündür.
“Qaçılmaz Süqut” Aİ-də vətəndaş müharibəsinin olmamasına və Avropanın tənəzzül etməməsinə baxmayaraq, adətən həm yerli, həm də beynəlxalq hədəf auditoriyada güclü rezonans yaradan işlək bir narrativdir. Bir çox göstəricilərə görə, ittifaq çiçəklənməyə davam edir.
Əsaslı və ya əsassısz şəkildə öz ölkələrində siyasi və sosial qarışıqlıqdan ehtiyat edən hədəf auditoriyalar bu narrativə qarşı xüsusilə həssasdır.
Beləliklə, bu narrativ real siyasi problemlər dövründə xüsusilə yaxşı işləyir, məsələn: 2015-ci ilin payızındakı miqrasiya böhranı zamanı, pandemiya dövründə və indi Rusiyanın Ukraynaya təcavüzü zamanı.
Son Döyüş
Avropaya böyük miqrant axını, şübhəsiz ki, Avropa hökumətləri üçün ciddi çətinliklər yaratdı, lakin Rusiya və Kremlyönümlü KİV-lər vəziyyəti həddən artıq şişirdilmiş və apokaliptik ifadələrlə təsvir edərək böhranın guya sistemin süqutunu təşkil etdiyini bildirdilər. Təbii ki, sistem toxunulmaz olaraq qaldı, lakin Kreml leksikonunda süqut təsviri hələ də qalmaqdadır.
COVID-19 epidemiyasının ilkin mərhələlərində, 2020-ci ilin mart ayında millətçi filosof Aleksandr Duqin Qərb demokratiyalarının süqutunu məmnuniyyətlə müşahidə edirdi:
Qlobal kapitalist cəmiyyəti bir anda çökdü. Bunu hələ hamı başa düşməyib. Amma çox tezliklə başa düşəcəklər. Bu o deməkdir ki, Liberal Qlobalizmin mahiyyəti – ofis işçiləri və gözəllik bloqqerləri, transgenderlər və iqlim aktivistləri, hüquq müdafiəçiləri və hipsterlər, miqrantlar və feministlər dünyası – süquta uğrayıb.
Bu yanaşma Fransadakı “Sarı jiletlilər” etirazlarının Rusiya və Kremlyönümlü mənbələrdə işıqlandırılmasında da nəzərə çarpırdı. Hökumətdən və siyasətdən narazılığını bildirmək hüququ demokratiyanın tərkib hissəsidir və bütün Avropa dövlətlərinin vətəndaşları dinc etiraz hüququna malikdir. “Sarı jiletlilər” hərəkatı və buna bənzər digər narazılıq ifadələri Avropa demokratik ənənəsinə aiddir. Bunlar sistemin dağılmasının deyil, onun özünü yenidən kəşf etmək və cavanlaşdırmaq qabiliyyətinin sübutudur.
Peyğəmbərlikdə uğur qazanmamasına baxmayaraq, “düşmənlərinin” qaçılmaz süqutu ilə bağlı Kremlyönümlü fantaziyalar Rusiyanın Ukraynanı işğalından sonra da davam etdi. Kremlyönümlü KİV-lərin dezinformasiyasına görə, Ukraynadakı müharibə sadəcə olaraq “qlobal kapitalizmin labüd süqutunu” ləngitmək üçün Qərbin hiyləsidir.
“Qaçılmaz süqut” narrativi bəzən Avropa mənəvi dəyərlərinin və ənənələrinin “süqutundan” şikayət etmək üçün də istifadə olunur. Məsələn, Rusiya və Kremlyönümlü dezinformasiya KİV-ləri müntəzəm olaraq Avropada uşaq hüquqlarını ailə dəyərlərinə hücum kimi təsvir edirlər. Onların mahiyyəti: Bütün ədəb və əxlaq normalarından imtina edən Avropa yox olur.
Ancaq ehtimal ki, Avropanın yox olması barədə xəbərlər çox şişirdilib. Çaxnaşmalı iqtisadi vəziyyət yaşamaq, qlobal pandemiyanın öhdəsindən gəlmək və ya qızğın siyasi mənzərənin şahidi olmaq yanlışlıqla ekzistensial süqut kimi qəbul edilməməlidir.
“Qaçılmaz Süqut” haqqında ətraflı oxuyun.