Kremlyönümlü mətbuat Ukrayna ətrafında gərginliyi artırır

Ukrayna sərhədində gərginliyin artmasının qarşısını almaq üçün diplomatik cəhdlərin davam etdiyi bir vaxtda, kremlyönümlü mətbuat həqiqətə uyğun olmayan təhrikedici mesajlarla gərginlik yaratmaqdan əl çəkmir. Bu mesajların əksəriyyəti ilk növbədə Rusiyanın daxili auditoriyasın üçün nəzərdə tutulub və hər gün Qərbin, NATO-nun və ABŞ-ın guya Rusiyanı təhdid etdiyi bildirilir.
Müstəqil Levada mərkəzinin apardığı rəy sorğuları göstərir ki, Rusiya əhalisinin böyük hissəsi (respondentlətin təqribən yarısı) gərginliyin artmasına görə ABŞ və NATO-nu günahlandırdığı halda, əhalinin təxminən 4%-i bu məsələdə Rusiya rəhbərliyinin cavabdeh olduğunu düşünür. Krımın qanunsuz ilhaqı və Donbasda silahlı toqquşmaların başlamasından təxminən səkkiz il sonra, əslində, Kremlin Ukraynanı təhdid etdiyini Rusiya əhalisinin çox kiçik bir hissəsi qəbul edir.
Bu, Rusiya hökumətinin nəzarəti altında olan və illərlə Rusiyanın “mühasirəyə alınması” mifini yaradan, insanlar arasında qorxunu artıran (Levada mərkəzinin verdiyi məlumata görə, rusların 56%-i dünya müharibəsinin başlamasından qorxur), o cümlədən Rusiyada milyonlarla insana Ukrayna, Aİ və NATO-nun dəyərlərini, tarixini və siyasətlərini qəsdən təhrif edən KİV-lərin əməyinin bəhrəsidir.
Səbəb-nəticə əlaqələrinin yeni təzahürü
Rusiyanın Ukrayna sərhədində öz hərbi qüvvələrini gücləndirməyə davam etdirdiyi bir dövrdə NATO-nun bir neçə üzvü Ukraynanı açıq-aşkar müdafiə təyinatlı yaxın döyüş silahları ilə təchiz etməyə başlayıb. Kremlyönümlü KİV-lər üçün isə bu, NATO-nun Ukraynanı münaqişəyə sövq etdiyini iddia etmək üçün fürsətə çevrilib. Bu dezinformasiyanın bir neçə versiyası keçmişdə yayılıb və bu gün də Rusiyada, Ukraynada hökumətin nəzarəti altında olmayan ərazilərdə, Gürcüstanda, eləcə də digər yerlərdə yayılmağa davam edir.
Eyni zamanda, 2014-cü ildə Krım yarımadasının qanunsuz ilhaqı və Ukraynada sabitliyin pozulmasından sonra Rusiyaya tətbiq olunan sanksiyalar hələ də “Rusiyaya qarşı” qanunsuz vasitə kimi təsvir edilməyə davam edir.
Bunlar Rusiya dövlətinin nəzarət etdiyi KİV-lərin gərginliyin artmasına görə Kremlin məsuliyyətini gizlətmək və yerli auditoriyanı qorxu içində (və beləliklə, nəzarət altında) saxlamaq məqsədilə səbəb-nəticə əlaqələrini qəsdən təhrif etməsinə dair yalnız bir neçə misaldır.
Zəmin yaradan narrativlər
Rəsmi Kreml dezinformasiya və informasiya manipulyasiyasından həm də siyasi və ən önəmlisi, hərbi manevrlər üçün zəmin yaratmaq məqsədilə istifadə edir.
Birbaşa hərbi müdaxilə seçimini rəsmi Kremlin əlində hazır saxlamaq məqsədilə dezinformasiya mənbələri kremlyönümlü mütəxəssis və siyasətçilərlə birlikdə Donbas əhalisinə qarşı qaçılmaz zülm barədə narrativlər uydurur.
Buna Ukrayna ordusunun “təxribatlar” hazırladığına, o cümlədən təhlükəli kimyəvi maddələrin istehsal olunduğu sənaye zavodlarında partlayışların baş verməsi və sinir sistemini iflic edən botulotoksin maddəsindən istifadə edilməsinə dair əsassız iddialar daxildir. Həmçinin ABŞ içməli suyun zəhərlənməsi yolu ilə Donbasda “uydurma” kimyəvi silah hücumunu planlaşdırmaqda günahlandırılıb.
Qeyd edək ki, kremlyönümlü mətbuat ilk dəfə deyil ki, kimyəvi silahlarla bağlı faktların təhrif edilməsinə, o cümlədən Suriya rejimi tərəfindən kimyəvi silah hücumlarının inkar edilməsinə və ABŞ-ın kimyəvi silah ehtiyatı yaratmaqda ittiham edilməsinə əl atır.
Rusiyanın yerli auditoriyasını Ukrayna ilə bağlı bu cür dəhşətli dezinformasiya narrativlərinə inandırmaq üçün kremlyönümlü mətbuat illərlə qeyri-insani nasist Ukrayna imicini təbliğ edib. Əvvəllər bu cür narrativlər ukraynalıların və rusların vahid xalq olduğuna dair neo-imperialist iddialar, eləcə də rəsmi Kremlin ən yüksək pillələrindən irəli sürülən iddialarla müşayiət olunurdu. İndi mənzərə dəyişib: Rusiyanın RT telekanalı “vahid xalq” narrativindən uzaqlaşaraq ukraynalıların rusların qanını tökmək istədiyini iddia edir və Rusiyanın Luqansk və Donetskdə öz qardaşlarını və vətəndaşları “düşmənlərdən” xilas etməli olduğunu bildirir.
Müstəqil mətbuatın məhv edilməsi
Rəsmi Kremlin təcavüzkar hərbi mövqeyini və xaricdəki hərbi əməliyyatlarını birbaşa dəstəkləmək məqsədilə dezinformasiyadan sərbəst istifadə edə bilməsi üçün müstəqil medianı sistematik şəkildə məhv etməsi bir neçə il çəkdi.
Son dövrlərdə biz Kremlin ölkədə müstəqil mətbuatı əngəlləmək istiqamətində yeni addımlar atdığının şahidi olduq: Rusiya dövlət orqanları “Deutsche Welle” ictimai beynəlxalq yayım şirkətini qadağan etdi və onun Moskvadakı filialını bağladı.
Rusiyanın dövlət nəzarətli mətbuatı tez bir zamanda “Deutsche Welle”nin NATO təxribatlarının mənbəyi olduğunu elan etdi və bunun ardından nüfuzlu qlobal media şirkəti “Deutsche Welle” ilə “RT DE” arasında yanlış bənzətmə yaratmaq üçün daha böyük kampaniyaya başladı.
Rusiya dövlət orqanlarının qərarı Almaniyanın media tənzimləyici orqanının etibarlı lisenziyası olmaması səbəbindən Rusiyanın dövlət yayım şirkəti olan “RT DE”-nin Almaniyada fəaliyyətini qadağan etməsindən sonra verilib. “Deutsche Welle” isə Rusiyada bütün zəruri sertifikat və lisenziyalarla fəaliyyət göstərirdi.
“Deutsche Welle”-nin yayımına qadağa qoyulması Rusiya dövlət orqanlarının Aleksey Navalnının komandası tərəfindən aparılan korrupsiya əleyhinə araşdırmalar ilə bağlı bir neçə KİV-in əvvəllər dərc edilmiş xəbərləri silməsi barədə əmrindən sonra baş verdi. 2021-ci ilin dekabr ayında Rusiya məhkəmələrindən birində Rusiyanın müstəqil mətbuat və insan hüquqlarının müdafiəsi layihəsi olan “OVD-Info”nun veb-saytına girişi məhdudlaşdırmaq barədə hökm çıxarıldı. Bunlar Rusiyada mətbuat azadlığına və digər fundamental hüquqlara sistematik təzyiq göstərilməsinə dair sadəcə ən son nümunələrdir.