Mövcud Rusiya-Ukrayna Münaqişəsi Haqqında Dezinformasiya - Yeddi Mifin Təkzibi

Hər gün Ukrayna və Rusiya-Ukrayna sərhədlərindəki mövcud gərginlik haqqında yeni bir yalanla qarşılaşırıq.. 2014-cü ildə Krım yarımadasını qanunsuz ilhaq etmiş və Ukraynaya qarşı hələ də davam edən hərbi təcavüzə başlamış Rusiya, xüsusilə də ictimai rəyə təsir etmək məqsədi ilə Rusiyada, Rusiya ilə həmsərhəd ölkələrdə, Avropa İttifaqında və başqa yerlərdə davamlı, planlaşdırılmış və dövlət tərəfindən idarə olunan dezinformasiya kampaniyası aparır. Dövlətin nəzarətində olan KİV-lər və Kremlyönümlü media şəbəkəsi tərəfindən dəstəklənən Rusiya hakimiyyəti Ukraynanı ləkələmək, onu qlobal təhlükəsizliyə təhdid kimi qələmə vermək və Ukraynanın suverenliyini, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü və müstəqilliyini dəstəklədiyinə görə beynəlxalq ictimaiyyətə hücum etmək üçün səylərini əsirgəmir. Bundan əlavə, Rusiyanın dezinformasiya kampaniyası birbaşa olaraq Avropa İttifaqını və digər iştirakçıları, xüsusilə NATO-nu hədəfə alaraq onları Rusiyanın “qanuni təhlükəsizlik maraqlarına” qarşı daimi təhdid kimi qələmə verir. 2021-ci ilin yazından etibarən Ukrayna sərhədində və qanunsuz ilhaq edilmiş Krım yarımadasında Rusiya hərbi mövcudluğunun artırılması fonunda bu davamlı dezinformasiya axını daha da gücləndi.
Bu icmalda Rusiya-Ukrayna münaqişəsi ilə bağlı ən geniş yayılmış və təhlükəli miflərə, bəzən isə açıq yalanlara nəzər salacağıq.
1-ci Mif: “Mövcud gərginlik Ukraynanın və onun Qərbdəki müttəfiqlərinin davamlı təcavüzkar davranışının nəticəsidir. Rusiya yalnız öz qanuni maraqlarını qoruyur və bu münaqişəyə görə məsuliyyət daşımır”.
Bu, doğru deyil. Əslində, Rusiya beynəlxalq hüququ, eləcə də əməl etməli olduğu digər müqavilələri pozmaqda davam edir. BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri olan Rusiya Krım yarımadasını qanunsuz olaraq ilhaq etməklə və Ukraynaya qarşı silahlı təcavüz aktları törətməklə ən azı 12 beynəlxalq və ikitərəfli müqaviləni pozub. Bunların arasında dövlətlərin suveren bərabərliyi və ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığına, güc tətbiq etməkdən və ya güc tətbiq etmək hədəsindən çəkinməyə, dövlətlərin öz təhlükəsizliyini təmin etmək üçün tədbirlər seçmək və ya dəyişdirmək azadlığına zəmanət verən BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və Paris Xartiyası var.
Başqa sözlə, Rusiyanın Donbas başda olmaqla, Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini pozan və təhdid edən hərəkətləri qanunsuzdur. Bu fəaliyyətlər Avropa təhlükəsizlik sisteminin əsaslarını təhdid etməyə davam edir və beynəlxalq qaydalara əsaslanan asayişi risk altına qoyurlar.
İtkilərə nəzər salsaq, Ukrayna Rusiya ilə davam edən münaqişədə ciddi itkilər verib. Rusiyanın təcavüzü nəticəsində 14 minə yaxın ukraynalı həlak olub, çox sayda insan isə yaralanıb. Bundan əlavə, Krım yarımadasının və Ukraynanın şərqi bölgələrinin 1,5 milyondan çox sakini (məcburi köçkünlər) münaqişə səbəbindən köçmək məcburiyyətində qalıb.
2-ci Mif: “Bu münaqişəyə Ukraynadakı vəziyyət təkan verib. Ukraynanın ölkənin şərqindəki rusdilli əhalisinə qarşı vəhşiliklər törətdiyinə dair sübutlar var. Rusiya müdaxilə etməli oldu, ən azı ona görə ki, Ukrayna və Rusiya “bir millətdir”. Ukrayna sadəcə Rusiyanın “imtiyazlı təsir dairəsinə” aiddir”.
Bu, doğru deyil. Ukraynanın öz ərazisinə hücum etməsi və öz vətəndaşlarını təqib etməsi ilə bağlı iddialar absurddur. Rusiyanın hərbi təcavüzünə daxili dəstəyi səfərbər etmək üçün dövlətin nəzarətində olan Rusiya KİV-ləri yorulmadan Ukraynanı ləkələməyə çalışır, onu Ukraynanın şərqində guya soyqırım törətməkdə ittiham edir, nasizm və İkinci Dünya müharibəsi ilə əsassız paralellər qurur və izləyicilərdə mənfi emosional reaksiya yaratmağı hədəfləyən hekayələr uydururlar.
Bu cür uydurma hekayələrə çoxlu misal gətirmək olar. Onların ən yaxşı nümunəsi münaqişənin əvvəlində Rusiya telekanalının Ukrayna hərbçilərini Ukraynanın şərqində kiçik bir oğlanın çarmıxa çəkilməsində ittiham etdiyi sensasiyalı reportajdır. Fakt yoxlayıcıları bu hekayənin tamamilə uydurma olduğunu tez bir zamanda sübut etdi. Lakin bənzər hekayələr təqdim olunmağa davam edir.
Əslində, Ukraynanın şərqindəki rusdilli və ya etnik rus sakinlərin soyqırım bir yana qalsın, Ukrayna hakimiyyəti tərəfindən təqiblərə məruz qaldığına dair heç bir sübut yoxdur. Bunu Avropa Şurası, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və ATƏT-in dərc etdiyi hesabatlar da təsdiq edir.
Ukrayna və Rusiyanın “bir millət” olması ilə bağlı tez-tez istifadə olunan iddia Ukraynaya qarşı istifadə edilən ən qədim və davamlı miflərdən biridir. Hətta uzunmüddətli tarixi perspektivdən belə, bu arqument özünü doğrultmur. Ukrayna və Rusiyanın IX əsrdən XIII əsrin ortalarına qədər mövcud olmuş Kiyev Rus dövlətinə qədər gedib çıxan ortaq kökləri olsa da, 800 il sonra ukraynalılarla rusların bir millət olduğunu iddia etmək yanlış olar. Uzun müddət xarici hakimiyyətlərin idarəsi altında olmasına baxmayaraq, Ukrayna güclü milli mədəniyyətə və kimliyə sahib olan suveren dövlətdir.
Siyasi sərhədləri olmayan “ümumrus xalqı” anlayışı imperiya dövründən qalma ideoloji konstruksiyadır və Ukraynanın suverenliyini və milli kimliyini sarsıtmaq üçün alət kimi istifadə olunub. 2014-cü ildən bəri Rusiya hökuməti bu mifi səylə gündəmə gətirir, Ukraynaya qarşı hərbi təcavüzünü rasionallaşdırmağa və bəraət qazandırmağa çalışır.
XXI əsrdə “təsir dairələri” anlayışına yer yoxdur. Bütün suveren dövlətlər kimi Ukrayna da öz yolunu, xarici siyasətini, təhlükəsizlik siyasətini və müttəfiqlərini müəyyən etməkdə, həmçinin beynəlxalq təşkilatlarda və hərbi ittifaqlarda iştirakla bağlı qərar verməkdə azaddır.
Ukraynanın Rusiyanın “təsir dairəsində” olması ideyasını təbliğ etmək üçün Rusiya hakimiyyəti və dövlətin nəzarətində olan KİV-lər tez-tez Ukraynanın “real” dövlət olmadığını iddia edirlər. Dövlət tərəfindən maliyyələşdirilən Rusiya təbliğatı Ukraynanın Rusiyanın təbii maraq dairəsinə aid olması fikrini qanuniləşdirmək üçün tarixi təhrif etməyə çalışır.
3-cü Mif: “İstənilən halda, Ukrayna yardım üçün Rusiyaya üz tutmalıdır, çünki Aİ və Qərb bu ölkə ilə maraqlanmır və ondan imtina edib”.
Bu, doğru deyil. Aİ və Ukrayna strateji tərəfdaşdır. Əslində, Ukrayna Aİ-nin ən yaxın tərəfdaşlarından birinə çevrilib və son illərdə bu tərəfdaşlıq Aİ-Ukrayna Assosiasiya sazişi və Dərin və Hərtərəfli Azad Ticarət Zonası haqqında saziş ilə daha da möhkəmlənib. Hazırda Aİ Ukraynanın ən böyük ticarət tərəfdaşıdır və onun ticarət həcminin 40%-dən çoxunu təşkil edir. Aİ Şərq Tərəfdaşlığı çərçivəsində Ukraynada geniş spektrli proqramları dəstəkləyir, həmçinin islahatlar proqramının həyata keçirilməsində Ukraynanı dəstəkləyir. 2014-cü ildən bəri Aİ Ukraynaya 17 milyard avro məbləğində kredit və qrantlar ayırıb.
2014-cü ildən bəri Aİ Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini qətiyyətlə dəstəkləyir və Ukraynada, o cümlədən Krım yarımadasında qəsdən sabitliyi pozduğuna görə Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər həyata keçirir. Bundan əlavə, Aİ Ukraynaya dezinformasiya və kiber-hücumlara qarşı dayanıqlılığını artırmaqda kömək edir.
4-cü Mif: “Mövcud böhranda günahkar NATO və Qərbdir. Onlar alyansı genişləndirməmək vədlərinə əməl etsəydilər, Rusiya özünü təhlükədə hiss etməzdi”.
Bu, doğru deyil. Belə bir vəd heç vaxt verilməyib və NATO-dan tələb olunmayıb. Rusiya dövlətinin nəzarətində olan KİV-lər tez-tez Sovet lideri Mixail Qorbaçovun Almaniyanın birləşməsindən sonra NATO-nun daha da genişlənməyəcəyinə dair “şifahi” vəd aldığını iddia edir. Əslində, Qorbaçov özü 2014-cü ildə verdiyi müsahibədə bu iddianı təkzib etmiş və bunları demişdi: “O illərdə “NATO-nun genişlənməsi” mövzusu ümumiyyətlə müzakirə olunmurdu və gündəmə gətirilmirdi. Bunu bütün məsuliyyətimlə deyirəm. 1991-ci ildə Varşava müqaviləsi qüvvədən düşdükdən sonra belə, Şərqi Avropanın heç bir ölkəsi bu məsələni qaldırmayıb”.
Bu sözdə şifahi razılaşmalar uydurmadır. NATO üzvləri heç vaxt ittifaqı vahid Almaniyanın hüdudlarından kənara genişləndirməmək üçün siyasi və ya hüquqi öhdəlik götürməyib.
NATO-nun genişlənməyəcəyinə dair söz verdiyi iddiası ittifaqın mahiyyətini kökündən təhrif edir. NATO müdafiə ittifaqı olmaqla imperialist mənada “genişlənmir”. Ölkələr özləri NATO-ya daxil olmaq üçün müraciət edirlər və qərar NATO-nun hazırkı 30 üzvü tərəfindən qəbul edilir. Hər bir suveren dövlət öz yolunu seçə bilər və qonşu ölkələrin – bu halda Rusiyanın – müdaxilə etmək hüququ yoxdur.
5-ci Mif: “NATO-nun aqressiv genişlənməsinə görə, Rusiya indi “düşmənlərlə əhatə olunub” və özünü müdafiə etməlidir”.
Bu, doğru deyil. Heç bir ölkə və ya ittifaq Rusiyanı işğal etməyi planlaşdırmır. Heç kim Rusiyanı təhdid etmir. Əslində, Aİ və Ukrayna Avropanın mövcud təhlükəsizlik sistemini qətiyyətlə dəstəkləyir. Yadda saxlamaq lazımdır ki, coğrafi baxımdan Rusiya dünyanın ən böyük ölkəsidir, əhalisi 140 milyondan çoxdur və silahlı qüvvələri dünyada ən çox nüvə silahına malik olan ən böyük dövlətlərdən biridir. Rusiyanı ciddi təhlükə altında olan ölkə kimi qələmə vermək gülünc görünür. Coğrafi baxımdan Rusiyanın quru sərhədlərinin on altıda birindən az hissəsi NATO üzvləri ilədir. Rusiyanın həmsərhəd olduğu 14 ölkədən cəmi beşi NATO üzvüdür.
Həmçinin hərbi gücdən istifadənin yeganə həll yolu olduğuna dair heç bir arqument yoxdur. Rusiyanın ATƏT və silahlara nəzarət rejimləri kimi əməkdaşlıq zəminində dinc dialoqda iştirak edə biləcəyi bir sıra beynəlxalq təşkilatlar, ikitərəfli sazişlər və formatlar var. Aİ Rusiya ilə bağlı Aİ siyasətinin beş rəhbər prinsipinin tərkib hissəsi kimi Rusiya ilə əlaqə kanallarını açıq saxlayır. Müəyyən edilmiş ünsiyyət formatlarının çatışmazlığı yoxdur. Lakin Ukrayna suveren dövlət kimi öz siyasətlərini müəyyən etmək və müttəfiqlərini seçmək hüququna malikdir. Rusiyanın Ukraynanın suveren qərarlarına veto qoymaq hüququ olmalıdır fikri əsassızdır. Axı nə Aİ, nə də NATO hansı dövlətlərin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ola biləcəyi ilə bağlı qərarlara veto qoymaq hüququnu iddia etmir, çünki Aİ və NATO bu müqavilənin tərəfləri deyil.
6-cı Mif: “Nə olursa olsun, Rusiya Ukraynadakı mövcud gərginliyə görə məsuliyyət daşımır. Ukrayna bilərəkdən Minsk razılaşmalarına əməl etmir, Qərb isə Ukraynanı silahlandırmağa davam edir. Rusiya öz sərhədlərini qoruyaraq cəld reaksiya verməlidir. Təxribat Qərbdən gəlir”.
Bu, doğru deyil. Əslində, məhz Rusiya qanunsuz ilhaq edilmiş Krım yarımadası da daxil olmaqla, Ukrayna ilə sərhəddə 140 min əsgər və texnika toplayıb.
Rusiya Minsk razılaşmalarını imzalamış tərəflərdən biridir. Bunlar Rusiyanın Ukraynanın suverenliyini və ərazi bütövlüyünü bir daha təsdiq etdiyi ən son rəsmi sənədlərdir. Lakin Rusiya öz növbəsində Minsk razılaşmalarının icrasını təmin etməyib. Rusiya tərəfi və himayədarları atəşkəsi təmin etməyib, bütün ağır silahları geri çəkməyib, siyasi məhbusların “hamını hamıya” prinsipi ilə mübadiləsini həyata keçirməyib və ya beynəlxalq mexanizmdən istifadə etməklə humanitar yardımın ehtiyacı olanlara çatdırılmasını təmin etməyib. Əksinə, Rusiya Ukraynanın şərqindəki qeyri-qanuni silahlı birləşmələri gücləndirir. Bundan əlavə, Rusiya ATƏT-in Xüsusi Monitorinq Missiyasının müşahidəçilərinə, o cümlədən 2021-ci ilin yayında Rusiyanın veto qoyması səbəbindən (çox kiçik) monitorinq missiyasının fəaliyyətini dayandırdığı Ukrayna-Rusiya sərhədinə maneəsiz girişi təmin etmir.
Atəşkəs rejiminə hərtərəfli riayət edilmədən, ağır silahlar çıxarılmadan, eləcə də ATƏT-in monitorinq missiyasının bütün ərazilərə tam girişi təmin edilmədən, Minsk razılaşmalarının həyata keçirilməsi üçün Tədbirlər Paketinin siyasi hissəsinin (Minsk II) icrasını müzakirə etmək çətindir. Bununla belə, Ukrayna imkan daxilində əraziyə nəzarəti olmadığı halda Minsk razılaşmalarına əməl edib və hər bir bənd üzrə tədbirlər görüb. Ukrayna xüsusi status və amnistiya haqqında qanunu qəbul edib (2014) və sonra yeniləmələrlə uzadıb, həmçinin yerli seçkilərə dair qanun layihəsi hazırlayıb (2014). Ukrayna indi nəzarətindən kənarda olan ərazilərin muxtariyyətini genişləndirmək üçün konstitusiyaya düzəlişlər qəbul edib (2015).
7-ci Mif: “Aİ zəif və faydasızdır. Aİ haqqında danışmaq nəyə lazımdır?”
Bu, doğru deyil. Rusiya siyasi quruluşu dünyanı inandırmağa çalışır ki, Aİ zəifdir və beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsində maraqlı deyil. Rusiya rəsmiləri və dövlət mediası müntəzəm olaraq Aİ-ni faydasız və istər Rusiya-Ukrayna münaqişəsi, istərsə də hər hansı digər beynəlxalq problem kimi böhranların öhdəsindən gəlməkdə aciz kimi təsvir edir. 2022-ci ilin yanvarında Xarici İşlər naziri Sergey Lavrov Aİ-ni iqtidarsızlıqda ittiham etməyə qədər gedib çıxıb.
İkinci Dünya müharibəsindən sonra Avropanın sülh şəraitində yaşaması bu iddianın kifayət qədər təkzibidir. Aİ BMT, NATO, ATƏT, Avropa Şurası, G7 ölkələri və digər beynəlxalq tərəfdaşlarla birlikdə daha geniş Avropada və onun hüdudlarından kənarda, o cümlədən Ukraynada sülh və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfələr verir.
Bundan əlavə, Aİ dünyanın ən böyük inteqrasiya olunmuş iqtisadi zonası və Ukraynanın ən böyük ticarət tərəfdaşıdır. İddialı Aİ-Ukrayna Assosiasiya sazişi onları Ukraynada islahatları dəstəkləməklə, Aİ-nin vahid bazarına çıxışı açmaqla və müxtəlif sektorlarda qanunvericiliyi, standartları və qaydaları uyğunlaşdırmaqla bir-birinə yaxınlaşdırır.