Read this article in EN RU IT ES FR DE PL BY HY AZ UA RO KA

Nüvə Silahı ilə Oyun

Avqust 18, 2022

Rusiyanın Ukraynaya qarşı heç bir əsası olmayan və təcavüz xarakterli amansız müharibəsi demək olar, altı aya yaxındır ki, davam etməkdədir. Ukraynadakı döyüş meydanlarındakı işğalçılar kimi, Kremlyönümlü dezinformasiya fanatikləri də informasiya məkanlarının döyüş meydanlarında getdikcə daha düşüncəsiz və nifrət dolu hal alırlar.

Daha əvvəl ifrat dərəcədə nifrət dolu nitqi xatırladan dezinformasiyadan Ukraynadakı müharibə qurbanlarını insanlıqdan çıxarmaq üçün necə istifadə olunduğunu və bunun Buça, Mariupol, eləcə də Kramatorskda işğalçılar tərəfindən törədilən çox real vəhşiliklərə yol açdığı barədə yazmışdıq. Daşürəklilik və öz sözlərinin insanlara göstərdiyi təsirə laqeyd yanaşma dezinformasiya yayan Kreml trollarının səciyyəvi xüsusiyyətidir.

İndi isə, deyəsən, diqqətlərini daha bir hədəfə – Zaporojya Atom Elektrik Stansiyasına (ZAES) yönəldiblər. Bununla onlar dezinformasiyanın yol aça biləcəyi yanlış mühakimə, eskalasiya və ya sadə insan xətası kimi riskləri nəzərə almırlar.

Bu, Kremlin manipulyasiya və “dezinformasiya maşını”nın Ukraynadakı siyasi və hərbi məqsədlərini həyata keçirmək üçün nüvə fəlakəti ilə bağlı dərin kök salmış və çox məntiqli vahimədən istifadə etdiyi ilk hal deyil. Ukraynanın təxribatlar və terror aktları törətməyə hazırlaşdığı, Ukraynanın beynəlxalq sülhməramlı missiyanı işə salmaq üçün ZAES-i atəşə tutduğu, ABŞ-ın ZAES-də gizli laboratoriyalarının olduğu, Qərbin CBRN (kimyəvi, bioloji, radioloji və nüvə) təxribatı hazırladığı və Qərbin Ukraynanın ZAES-i atəşə tutmasına görə məsuliyyət daşıdığı iddiaları Kremlyönümlü dezinformasiyanın son nümunələrindən yalnız bir neçəsidir. Tanış taktikadır: mümkün qədər çox ittiham irəli sürmək və hansının işə yarayacağını gözləmək.

Dünya ilə “nüvə toyuğu” oyunu oynamaq və kimin ilk olaraq gözünü qırpacağını gözləmək Doktor Strenclav obrazına bənzər tam dəlilik kimi görünə bilər. Digər tərəfdən, Kremldəki liderlər ərzaq təhlükəsizliyi haqqında dezinformasiyadan geosiyasi silah qismində istifadə etməklə bağlı heç bir mənəvi və ya vicdan əzabı çəkmirsə, yəqin ki, dünyanı nüvə fəlakəti riskinə məruz qoymaq mövzusunda da eyni şəkildə vicdansız davranacaqlar.

Rusiya tok-şoularına, çap olunan və onlayn KİV-lərə, eləcə də sosial mediaya nüfuz edən dezinformasiyadan başqa, Kreml nüvə qorxusunu ən yüksək beynəlxalq səviyyədə da təşviq edir. O, BMT Təhlükəsizlik Şurasındakı diplomatlarından Ukraynaya qarşı saxta ittihamlar irəli sürmək və Beynəlxalq Atom Enerjisi Agentliyinin faktaraşdırıcı missiyasının göndərilməsinə mane olmaqda ABŞ-ı günahlandırmaq üçün istifadə edib.

Nüvə məsələlərinə dair heç bir beynəlxalq müzakirə Kremlin silahlara nəzarətlə bağlı məşhur dezinformasiya metaforaları və NATO-nu əsassız olaraq Nüvə Silahlarının Qarşısının Alınması Müqaviləsini (NPT) pozmaqda günahlandırması olmadan tamamlanmış sayılmaz. Lakin hətta Rusiyanın silahlara nəzarət üzrə ekspertləri də yaxşı bilirlər ki, NATO-nun nüvə paylaşımı ilə bağlı razılaşmaları NPT ilə tam uyğundur. Müharibə başlayandan bəri Rusiyanın artan təcavüzkar nüvə ritorikasını nəzərə aldıqda, bu şikayətlər daha da saxta səslənir.

Nədənsə şübhələndiyiniz zaman Baltikyanı ölkələri təqsirləndirin

Nüvə münaqişəsi qorxularını alovlandırmaq və qlobal təhlükəsizliklə qumar oynamaq Kremlyönümlü dezinformasiya xırdavatçılarının yeganə əyləncələri deyil. Onlar həmçinin 1 həftə sevimli hədəf bölgələrindən biri olan Baltikyanı ölkələrdə nasizmin xəyali kölgəsini axtarmaqla məşğul oldular. Latviya, Finlandiya, Estoniya, Polşa, Litva, Çexiya və Slovakiyanın Ukraynada müharibə apardığı bir vaxtda Rusiyaya turist vizalarının verilməsini dayandırmağa çağırması ən son “Rusofobiya!” fəryadlarına təkan verdi.

Kremlin təbliğatçıları sanki sözləşmişcəsinə bir-birini üstələməyə çalışdı. Bəziləri bu fürsətdən istifadə edərək Aİ daxilindəki parçalanmalar barədə dərin fikirlərə qərq oldu, digərləri isə Qərbin Rusiya ilə geri dönüşü olmayan şəkildə pozulmuş münasibətlərinə görə “timsah göz yaşları” tökdü. Əsas mövzu manipulyasiya ittihamları idi. Bəzi şərhçilər 1930-cu illərdə nasistlərin yəhudilərə qarşı siyasəti ilə saxta tarixi paralellər cızdılar.

Lakin Rusiya dövlətinin nəzarətində olan dezinformasiya KİV-lərinin və onların əlaltılarının nəzərində Baltikyanı ölkələr adi fitnə-fəsadlarından daha çox itaətsizlik nümayiş etdiriblər. Kremlin məlumatına görə, Latviyanın Rusiyanı terrorizmin himayədarı elan etməsi qərarı bu ölkədəki “rusofobiyanın” tamamilə nəzarətdən çıxıdğını göstərir. Rusiya kimi beynəlxalq hüququn nümunəsi üçün bu ifadə müqəddəs olan hər şeyə qarşı təhqirdir. Bir çox müşahidəçilərin fikrincə, Rusiyanı terrorçu dövlət elan etmək məntiqlidir, çünki Kreml geosiyasi mənfəət üçün qlobal sabitsizliyi qızışdırmaq məqsədilə qorxu, zorakılıq, düşmənçilik və açıq müharibədən istifadə edir.

Estoniya da Kremlyönümlü dezinformasiya hədəfinə çevrildi. İlk olaraq, o, adi sülhsevər ruslara qarşı “viza qadağası” çağırışlarını təhrik etdi. Daha sonra Baltik dənizini NATO-nun daxili dənizinə çevirmək üçün Finlandiya ilə sövdələşdi. Nəhayət, ölkə Narvada indiyə qədər estoniyalılara onları daha totalitar quruluşdan xilas etmiş əlli illik Sovet “qurtuluşu”nu qürurla xatırladan “Sovet T-34” tankının heykəlini sökməklə fəaliyyətini tamamladı. Estoniyanın bu hərəkətlərinin getdikcə daha davakar bir qonşuya haqlı cavab ola biləcəyi Kreml ideoloqlarının düşüncəsindən yan keçdi.

Bəlkə də, işi yarımçıq qoymaq istəmədikləri üçün, lakin çox güman ki, sadəcə öz imperialist hallüsinasiyalarına qapılmış Kremlyönümlü təbliğatçılar Litvaya qarşı da ittihamlar səsləndirmək fürsətini əldən vermədilər. Daha yaradıcı ittihamlar arasında Litvanın bütün rusları, xüsusən də Putinin totalitar rejiminə qarşı çıxanları tamamilə təcrid etmək istədiyini iddia edən “Dəmir Pərdə” metaforaları yer alır. Bu iddianın mənası odur ki, Litva Rusiyada “rəngli inqilab” başlatmaq üçün dissidentlərdən istifadə etməyi planlaşdıra bilər. İddia çox çirkindir, lakin Kremlin uzun illərdir davam edən “rəngli inqilablar” aludəçiliyini sənədləşdirmişik.

Baltikyanı ölkələrə qarşı ən son saxta ittihamların təməl dezinformasiya narrativi tanış Kremlyönümlü “itirilmiş suverenlik” dezinformasiya metaforudur. Sadə dillə desək, Vaşinqtondakı sirli ağalar yenidən bütün ipləri əlində tutub. İnandırıcı deyil? Kreml təbliğatçılarının sözünə güvənməlisiniz.

Nüvə Silahı ilə Oyun

  • Digər dezinformasiya xəbərlərində:
    • Əksinə dair çox böyük və təkzibedilməz dəlillərə baxmayaraq, Kremlyönümlü dezinformasiya sistemi hələ də Buça qətliamı və ya Mariupol doğum evinə iyrənc hücum kimi ağlasığmaz vəhşiliklərin Ukraynadan Rusiyaya qarşı psixoloji əməliyyatlar vasitəsilə müharibə aparmaq üçün istifadə edən Qərbin təşkil etdiyi təxribatlar olduğu barədə saxta narrativi təkrarlayır.
    • Kremlyönümlü bədnam dezinformasiya KİV-i RT iddia edir ki, Moskva hərbi əsirlərlə davranışla bağlı Cenevrə konvensiyalarına ciddi şəkildə əməl edir. Lakin insan haqları nəzarət orqanları və xəbər agentlikləri Rusiya işğalçı qüvvələrinin əsir götürülmüş ukraynalıları hansı dəhşətli şəraitlərdə saxladığını dəfələrlə təsvir ediblər.
    • Müxtəlif Kremlyönümlü dezinformasiya KİV-ləri Ukrayna Silahlı Qüvvələrinin illərdir Donbasda hərbi cinayətlər və soyqırım törətdiyi barədə yalan məlumat yaymaqda davam edir. Bu, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə haqq qazandırmaq məqsədi ilə davam edən dezinformasiya kampaniyasının bir hissəsi olaraq xeyli sürətlənmiş Rusiya dezinformasiyasında təkrarlanan bir mövzudur.