Rusiyada media və söz azadlığı üçün qara gün (Yeniləmə: 7 mart)

Martın 4-də Rusiya parlamenti yekdilliklə və rekord sürətlə “Rusiya qoşunlarının fəaliyyətləri barədə saxta məlumatlara görə məsuliyyət haqqında” qanun qəbul etdi. Qanunda Putinin Ukraynadakı müharibəsini tənqid etməyə və ya şübhə altına almağa cəsarət edən hər kəs üçün sərt cəzalar nəzərdə tutulur. Martın 5-dən etibarən qanun həmçinin Putinin 300 minlik qoşunu olan və bir hissəsi hazırda Ukraynanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən Rosqvardiyanın tənqidini də əhatə edir.
Bu qanunla ittiham olunan vətəndaşlar müharibəni tənqid etdiklərinə və ya hakimiyyətin “yalan” hesab etdiyi məlumatları, yəni hakimiyyətin rəsmi xəttindən kənara çıxan istənilən məlumatı yaydıqlarına görə 1,5 milyon rubl (valyuta məzənnəsindən asılı olaraq, 10 000 – 13 000 Avro) məbləğində cərimə və 15 ilə qədər həbs və ya əmək düşərgəsinə məhkum edilmə ilə cəzalandırılacaqlar.
Qanun Rusiyanın bütün sakinlərinə, həm ruslara, həm də xarici vətəndaşlara şamil edilir.
Rusiya kontekstində bu cür qanunvericilik demək olar ki, qeyri-məhdud senzura və özünüsenzuraya yol açır. Bu, şübhəsiz ki, Rusiyada müxalif fikirlərin daha da sıxışdırılmasına gətirib çıxaracaq və postsovet Rusiyasında media və sosial mediaya qarşı tətbiq edilmiş ən sərt təzyiqdir.
Efirdən, şəbəkədən kənar, “Qazprom”-un səhmdarı tərəfindən ləğv edildi
Qanunun tendensiyası artıq özünü göstərir. Sonuncu müstəqil radio-stansiyanın (məşhur və qərəzsiz “Exo Moskvı” radio-stansiyası) internet məzmununun silinməsi ağır cəza təhdidləri altında həyata keçirilib. Bir neçə gün əvvəl radio-stansiya Rusiyanın dövlət media agentliyi “Roskomnadzor” tərəfindən efirdən kənarlaşdırılıb. Əsas səhmlər paketinin sahibi “Qazprom-Media” (bəli, həmin dövlətə məxsus qaz şirkəti “Qazprom”) şirkəti bağlamaq qərarına gəlib; bu, açıq-aydın siyasi likvidasiyadır.
Artıq “Exo Moskvı”nın baş redaktoru Aleksey Venediktovun bəyan etdiyi etiraza istinad edə bilmərik.
Özünüsenzura
Baş redaktoru Dmitri Muratovla birlikdə 2021-ci il Nobel Sülh Mükafatına layiq görülmüş müxalifət qəzeti olan “Novaya Qazeta” bir mesaj yayımlayaraq öz işçilərini qorumaq üçün oxucularına Ukraynadakı müharibə ilə bağlı bütün materialları internet saytından və sosial media hesablarından siləcəyini bildirdi. Əvvəlki nəşrlərində “Novaya Qazeta” müharibə haqqında məlumat verərək “işğal”, “müharibə”, “bombardman”, “qurbanlar” və s. kimi ifadələri işlətməkdən çəkinmirdi. Martın 4-nə olan məlumata görə, “Novaya qazeta” veb-saytı hələ də Rusiyadan əlçatan idi.
Sosial media platformaları, rəy sorğuları, xarici media – sadə insanlar; hamısına göstər!
Cəmi bir neçə min daimi istifadəçisi olan sosial media platformaları və xəbər aqreqatorları uzun illər Rusiyada qanuni olaraq kütləvi informasiya vasitələri hesab edilirdi. Beləliklə, qanunun məntiqinə uyğun olaraq, platformalar dərc olunanlara nəzarət etməli və məzmunu silməli olacaqlar, əks halda onları cəza gözləyir.
Verilən sualların Ukraynadakı müharibənin tənqidi kimi şərh edilə bildiyi ictimai rəy sorğuları və araşdırmalarla məşğul olan təşkilatlar da bu qanunun əhatə dairəsinə düşür.
Bunun Rusiyada çalışan xarici media və jurnalistlərə necə təsir edəcəyi məlum deyil. Prinsip etibarilə, qanunun heç bir məhdudiyyəti yoxdur və buna görə də Rusiya ərazisində və ya onun yurisdiksiyası daxilindəki istənilən şəxsə şamil edilə bilər . Artıq “Le Monde” kimi xarici müxbirlərin Rusiya daxilində olarkən Twitter yazılarını məhdudlaşdırması və ya BBC-nin Rusiyadakı jurnalistlərinin fəaliyyətini dayandırması kimi nümunələr var.
Yeniləmə (7 mart): Rusiyada fəaliyyət göstərən aparıcı rus və xarici müstəqil media qurumları yeni qanun səbəbilə ya qismən, ya da tamamilə bloklanıb, yaxud da işçi heyətini işdən çıxarıb və ya fəaliyyətlərini azaldıb/dayandırıb.
Eyni zamanda, 4 və 5 mart tarixlərində “Roskomnadzor” Facebook-u, daha sonra isə həmçinin Twitter-i Rusiyadakı istifadəçilər üçün blokladı. Bu, milyonlarla istifadəçiyə təsir edəcək, çünki Facebook Rusiyada dominant platformadır. Twitter də biznes icmaları arasında da populyardır.
Eyni zamanda, martın 4-də Putin “rusların əsas hüquqlarını pozan əcnəbilər haqqında” başqa bir qanunu da imzaladı. Sanki Kremldən bütün istiqamətlərə qanun və qaydalar seli axır.
Bütün bu sərt qanunlar aydın mesaj verir: Putinin Ukraynada səbəbsiz və əsassız müharibəsi ilə bağlı fikir ayrılığı qəbuledilməzdir.
Qısa bir sual…
İndi çox az adam Putinə və Kremlə bu sualı verməyə cəsarət edir: Niyə guya “Donbası qorumaq üçün məhdud əməliyyat” müasir Rusiya tarixində ən sərt senzuraya və şəxsi azadlıqların məhdudlaşdırılmasına gətirib çıxarıb?
Niyə? Martın 4-də (Sovet dövründən qalma, hələ də Kreml ilə əlaqəli) VTsIOM* tərəfindən keçirilən sorğunun nəticələrinə görə, rusların 70%-i Putini dəstəkləyir, 74%-i isə onun işini bəyənir. Bəs niyə onlara Facebook-da bu sevinci ifadə etməyə icazə verilmir?
…bəs Rusiya Konstitusiyası…?
Sonda Rusiya Federasiyası Konstitusiyasının 29-cu maddəsinə istinad edirik
- Hər kəsin fikir və söz azadlığına zəmanət verilir.
- Sosial, irqi, milli və ya dini nifrət və düşmənçiliyi qızışdıran təbliğat və təşviqata yol verilmir. Sosial, irqi, milli, dini və ya dil üstünlüyünün təbliği qadağandır.
- Heç kəs öz fikrini və əqidəsini açıqlamağa və ya onlardan imtina etməyə məcbur edilə bilməz.
- Hər kəsin istənilən qanuni üsulla məlumatları sərbəst şəkildə axtarmaq, əldə etmək, ötürmək, istehsal etmək və yaymaq hüququ vardır. Dövlət sirri olan məlumatların siyahısı federal qanunla müəyyən edilir.
- Media azadlığına zəmanət verilir. Senzura qadağandır.
Aİ-nin ali nümayəndəsi Borrelin bəyanatına burada baxa bilərsiniz .
*VTsIOM (Rusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi) keçmiş SSRİ Sosial Məsələlər Nazirliyinin tədqiqat şöbəsindən yaranmışdır.