Söz azadlığını informasiya manipulyasiyasından qorumaq

Keyt Cons insan hüquqları və yeni texnologiyalar üzrə tədqiqatçı və məsləhətçidir. O, dezinformasiya və insan haqları, texnologiya idarəçiliyi və süni intellekt mövzusunda bir çox yazıların müəllifidir və Çəthəm Hauzun (Chatham House, Beynəlxalq Münasibətlər Kral İnstitutu) müxbir üzvüdür. Daha əvvəl uzun illər Birləşmiş Krallığın Xarici İşlər və Birlik İşlәri üzrә Nazirliyində hüquqşünas və diplomat qismində fəaliyyət göstərmiş və London, Cenevrə və Strasburqda əsasən insan hüquqları haqqında beynəlxalq qanunlara diqqət yetirmişdir.
Keyt ilə bu müsahibədə söz azadlığı, dezinformasiya və manipulyasiya aspektlərini araşdırırıq. İnformasiya kampaniyaları apararkən dövlətlər üçün “yol hərəkəti qaydaları” nələrdir? Bundan əlavə, bədxah informasiya əməliyyatlarını söz azadlığı iddialarının arxasında gizlətmək cəhdlərinə və RT Fransa ilə Avropa Şurası arasındakı iş üzrə məhkəmənin son qərarının nəyi nümayiş etdirməsinə nəzər salırıq.
Söz və media azadlığını dəstəkləməklə cəmiyyətlərimizi informasiya manipulyasiyasından və ya cəmiyyətləri sarsıtmağa yönəlmiş digər bədxah fəaliyyətlərdən qorumaq arasındakı tarazlığı necə qiymətləndirirsiniz?
Keyt Cons (KC): Açıq danışaq. Söz azadlığı dövlətlərin istər öz əhalisinə qarşı, istərsə də beynəlxalq miqyasda qəsdən dezinformasiya və manipulyasiya kampaniyalarında iştirak etməkdə azad olması demək deyil. Həmçinin bu, dövlətlərin öz əhalisini xaricdəki rejimlərin qəsdən dezinformasiya kampaniyalarından qorumaqda aciz olduğu mənasına da gəlmir.
Söz azadlığı həyati əhəmiyyət kəsb edir və şübhəsiz ki, onunla yalnız həqiqəti əks etdirən məlumatlar qorunmur. Söz azadlığı fakt və ya rəy, doğru və ya yalan, səmimi və ya satira olmasından asılı olmayaraq, hər cür məlumat və fikirlərin ifadəsini qoruyur. Söz azadlığı cinayətlə bağlı qanunla müəyyən edilmiş istisna halları çıxmaq şərtilə hər kəsə istədiyi fikri söyləmək imkanı verir.
Lakin söz azadlığı manipulyasiya üsullarını müdafiə etmir. Biz başqa kontekstlərdə buna öyrəşmişik: məsələn, faktların təhrif edilməsinin müqaviləni ləğv etdiyini və saxta məhsul rəylərinin məqbul marketinq alətləri olmadığını qəbul edirik.
Cəmiyyəti sarsıtmağa yönəlmiş manipulyasiya kampaniyası milli təhlükəsizliyi və ya ictimai asayişi pozursa, ona qarşı tədbir görülə bilər. Burada vacib olan sarsıtmaq niyyətidir, istifadə olunan materialın doğru və ya yalan olması deyil. Söz azadlığı müəyyən məqsədlər üçün, o cümlədən milli təhlükəsizliyin və ya ictimai asayişin qorunması üçün məhdudlaşdırıla bilər, bu şərtlə ki, həmin məhdudiyyətlər qanuni, zəruri və qarşıya qoyulan məqsədlərə müvafiq olsun. Avropa Ədalət Məhkəməsinin RT-yə qarşı hazırkı Avropa sanksiyalarının söz azadlığı ilə uyğun olduğuna qərar verməsinin təməli budur.
Dezinformasiyanın mənbəyi də eyni dərəcədə əhəmiyyət kəsb edir. İnformasiya məsələsində dövlətlərin öhdəlikləri adi vətəndaşlardan daha ciddidir. Çünki vətəndaşlar onların dediklərinə inanır. Söz azadlığını müşayiət edən məlumatı axtarmaq azadlığı dövlətlərin ictimai maraq kəsb edən məlumatları fəal şəkildə ictimailəşdirmək, eləcə də müxtəlif məlumat mənbələrini təşviq etmək öhdəliyinə malik olduğunu nəzərdə tutur. Bu məsuliyyət günümüzdə insanların nəyin doğru, nəyin yalan olduğunu ayırd etməkdə çətinlik çəkdiyi bir vaxtda getdikcə daha vacib əhəmiyyət kəsb edir. Bu məsuliyyətin əks tərəfi ondan ibarətdir ki, dövlətlər və onların təmsilçiləri dezinformasiya yaratmamalı və ya təbliğ etməməlidirlər.
Sosial medianın yüksəlişindən əvvəl söz azadlığı ilə dezinformasiya arasındakı tarazlıq necə təmin olunurdu?
KC: Dezinformasiya əsrlərdir bizimlədir. Təbliğat İkinci Dünya müharibəsindən sonra ciddi bir problem idi. Həqiqətən də, təbliğat atom bombasından sonra qlobal sülh və təhlükəsizliyə qarşı ikinci əsas təhdid hesab olunurdu. O zaman diqqət radio təbliğatına yönəlmişdi, çünki radio aparatları son vaxtlar geniş yayılmışdı, yəni çoxlu sayda insan real vaxt rejimində birbaşa xaricdən məlumat əldə edə bilirdi.
Əsas insan haqları sənədlərinin tərtibatçıları əhəmiyyətli riski hiss etdilər: xarici dövlətlərin dezinformasiya kampaniyaları cəmiyyətdə iğtişaşlara gətirib çıxara və dövlətlərin sabitliyini poza bilər. Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt üzrə danışıqlarda Rene Kassin fransız nümayəndəsi olaraq təbliğatı “xəbis fenomen,…kütlələrin zehninin tənzimlənməsi və mənəvi zorakılıq” kimi təsvir edib. Belə bir fikir geniş yayılmışdı ki, söz azadlığı qeyri-məhdud təbliğat və dezinformasiya riskinə məruz qalmamalıdır.
Eyni zamanda, təbliğatın könüllü tədbirlər və “ideyalar bazarı” ilə məğlub edilməli olduğuna dair güclü arqumentlər də var idi. Odur ki, daha ifrat təkliflər qəbul edilmirdi. Məsələn, SSRİ-nin Ümumdünya İnsan Haqları Bəyannaməsinin söz azadlığı müddəası layihəsinə “müharibə qızışdırılmasını və faşist nitqini” qadağan etməklə düzəliş edilməsi təklifi 6 lehinə, 41 əleyhinə və 9 bitərəf səs ilə rədd edildi. Nəhayət, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt “müharibə təbliğatını”, eləcə də ayrı-seçkiliyə, düşmənçiliyə və ya zorakılığa təhrik edən nifrət təbliğatını qadağan edir. Bu qadağaların spesifik parametrləri uzun müddətdir mübahisə doğurur.
Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt hökumətlərin yaşamaq və işgəncəyə məruz qalmamaq hüquqlarından tutmuş söz və birləşmək azadlıqlarına qədər vətəndaş hüquqlarını və əsas azadlıqları qorumağı qəbul etdiyi Birləşmiş Millətlər Təşkilatı müqaviləsidir. Müddəalarının bir çoxu Avropa İnsan Hüquqları Konvensiyasına bənzəsə də, bu müqavilə təkcə Avropa Şurasının üzvü olan 46 ölkə deyil, bütün BMT dövlətləri üçün açıqdır.
Bununla belə, təbliğat və dezinformasiya Soyuq Müharibənin əsas silahı oldu. Son zamanlar şahidi olduğumuz dezinformasiya kampaniyalarından bəziləri sanki 1950-ci illərdə işlənib hazırlanmış taktikalara əsaslanır. 1950-ci illərin bəzi kampaniyaları kimi, İnternet Tədqiqatları Agentliyinin 2015/16-cı illərdə ABŞ prezident seçkilərinə qarşı kampaniyaları da informasiya mühitini çoxlu sayda mesaj və reklamlarla doldurmağa, mesajların mənşəyini gizlətməyə və onları yaymaq üçün yerli proksilərdən istifadə etməyə, eləcə də öz mesajlarına orijinallıq havası vermək üçün real nəşrləri təqlid etməyə əsaslanırdı.
Dezinformasiyaya qarşı insan haqlarına əsaslanan yanaşma necə olmalıdır?
KC: İnsan haqlarına əsaslanan yanaşmada həm söz azadlığına, həm də düşüncə və fikir azadlığına üstünlük verilməlidir: insanların sərbəst danışmalarına və manipulyasiya olmadan öz fikirlərini formalaşdıra bilmələri üçün bir sıra müxtəlif məlumat mənbələrinə çıxışları olmasına şərait yaradılmalıdır. Bir məsələyə diqqət yetirilməlidir ki, dezinformasiya üzərindəki hər hansı məhdudiyyət dövlətlərə və ya güclü özəl qurumlara insanların dedikləri və ya eşidə bildikləri üzərində qeyri-məhdud nəzarət tətbiq etmək ixtiyarı verməsin. Bu risk insan haqlarının müdafiəsi mandatı olan müstəqil tənzimləyiciləri cəlb etməklə azaldıla bilər.
İnsan haqlarına əsaslanan yanaşmanın müxtəlif aspektləri var. Aİ bunların bir çoxunda liderlik edir. Uşaqlardan tutmuş qocalara qədər hər kəs üçün media və rəqəmsal savadlılıq insanların informasiya mühitində yollarını tapmasına yardım etmək üçün vacibdir. Həmçinin hər kəsin etibarlı müstəqil məlumat mənbələrinə çıxış əldə etməsi üçün müstəqil, plüralist, düzgün maliyyələşdirilən medianı dəstəkləmək çox əhəmiyyətlidir. Dezinformasiyanın təkzibi və şübhəli məlumatların etiketlənməsi də bu işin vacib hissələridir. Artıq bütün dünyada dezinformasiyanın bildirilməsi üçün alətlərin və faktları yoxlamaq təşəbbüslərinin bir çox parlaq nümunələri var.
Lakin fərdlərə çeşidli məlumatlara daxil olmaq üçün alətlər və vasitələr təmin etmək həyati əhəmiyyət kəsb etsə də, bunlar milli təhlükəsizliyi və ya ictimai asayişi pozmağa çalışan qüvvələrin qəsdən manipulyasiya kampaniyalarından müdafiə üçün kifayət deyil. Dövlətlər və sosial media platformaları azad və plüralist informasiya mühitini qorumaq və saxlamaq üçün daha çox şey edə bilər.
Birincisi, dövlətlər milli təhlükəsizliyin və ictimai asayişin qorunması üçün lazım olanlarla məhdudlaşmaq şərtilə xarici qüvvələr tərəfindən qəsdən manipulyasiyanı qadağan edə və ya sanksiya tətbiq edə bilər. Böyük Britaniya hökumətinin təklif etdiyi xarici müdaxilə cinayəti maraqlı bir nümunədir. Bu yeni, diqqətlə hazırlanmış cinayətə əsasən, iki şərtin qarşılandığı halda, şəxsin ictimai funksiyalarını necə yerinə yetirməsi və ya siyasi proseslərdə necə iştirak etməsi ilə bağlı qəsdən manipulyasiya cinayət hesab edilir. Birinci şərt manipulyasiyanın ya cinayətin törədilməsini, ya da məcburiyyət və ya aldatmanı (faktları təhrif etmə) ehtiva etməsidir. İkinci şərt isə manipulyasiyanın xarici dövlətlə əlaqəli və ya ona fayda gətirmək niyyətində olan şəxs tərəfindən həyata keçirilməsidir. Sanksiyalara gəlincə, ABŞ Maliyyə Nazirliyi xarici ölkələrin ABŞ seçkilərinə müdaxiləsinə cavab olaraq sanksiya rejimi tətbiq edir.
İkincisi, dövlətlər qadağaların qanuna uyğun və bütün hallarda zəruri və mütənasib olması şərtilə, milli təhlükəsizliyə və ya ictimai asayişə təsir göstərən spesifik dezinformasiya kampaniya hallarını qadağan edə bilər, məsələn, Aİ-nin RT, Sputnik və Rusiya hökumətinin nəzarətində olan digər üç KİV-ə qarşı sanksiyaları,
Üçüncüsü, dövlətlər və sosial media platformaları manipulyativ davranış modellərini müəyyən edib pozmaqla platformaların manipulyasiya kanalları kimi necə istifadə olunması ilə mübarizə apara bilər. Platforma dizaynlarının çox vaxt dezinformasiya kampaniyaları üçün istifadə edildiyini və 2017-ci ildən bəri platformaların dezinformasiya ilə mübarizə istiqamətində müxtəlif addımlar atdığını, məsələn, Facebook-un koordinasiya edilən saxta davranışa və Twitter-in platforma manipulyasiyasına qarşı mübarizə apardığını gördük. Hələ görüləsi çox iş var. Yeni qanunvericilik və siyasətlər, o cümlədən Aİ-nin yenidən işlənmiş Dezinformasiya üzrə Təcrübə Kodeksi və Britaniya Hökumətinin yeni xarici müdaxilə cinayətini Onlayn Təhlükəsizlik Qanununda prioritet cinayət kimi müəyyən etmək niyyəti (yəni platformaların fərdlərin xarici müdaxiləyə məruz qalmasını minimuma endirmək üçün mütənasib sistem və proseslərdən istifadə etmək öhdəliyi olacaq) tədricən platformalardan öz səylərini gücləndirməyi tələb edir.
Qanuni kommunikasiya kampaniyaları ilə qanunsuz dezinformasiya kampaniyaları və ya əməliyyatları arasındakı fərq nədir?
KC: İnsanlara faktlar və müxtəlif nöqteyi nəzərlər təklif etmək üçün hazırlanmış kampaniyalar ilə insanları təhrif olunmuş dünya görüşünə, müharibə və ya zorakılığa manipulyasiya etmək üçün hazırlanmış kampaniyalar arasında çox böyük fərqlər var. Lakin informasiya əməliyyatları sahəsində qanuni fəaliyyətin sərhədləri hələ də beynəlxalq səviyyədə dəqiq ifadə edilməmiş və ya razılaşdırılmamışdır. Bu namüəyyənlik dezinformasiya yolu ilə ictimai rəyi manipulyasiya etməyə çalışan qüvvələrin əlinə keçir: qanunsuz fəaliyyətə effektiv cavab verməyi çətinləşdirir və əsassız müqayisələrə və ikiüzlülük iddialarına yol açır.
Qanuni informasiya əməliyyatları ilə qanunsuz dezinformasiya və manipulyasiya kampaniyaları arasındakı sərhədləri aydınlaşdırmaq faydalı olardı. Bu, asan iş deyil. Qismən ona görə ki, informasiya əməliyyatları müxtəlif formalarda olur və müxtəlif hüquqi rejimlərin tətbiq olunduğu sülh və silahlı münaqişə dövrlərini əhatə edir. Lakin bu, mühüm məsələdir: informasiya əməliyyatları üçün razılaşdırılmış parametrləri müəyyən etmək manipulyasiya kampaniyaları ilə mübarizədə insan haqlarına əsaslanan bir yanaşma tətbiq etməyi asanlaşdıracaq.