Dezinformasiya demokratik sistemə zərər vurur. Yalan və aldadıcı xarakterli məlumatlar ictimai diskursa nüfuz etdikdə, yanlış və zərərli məlumatları ifşa etmək həyati əhəmiyyət kəsb edir. Hakimiyyət orqanlarının mətbuat üzərində ciddi nəzarət həyata keçirdiyi Azərbaycanda isə bu cür dezinformasiyanı ifşa etmək və ona qarşı gəlmək xüsusi bir məsələdir.
Kremlyönümlü KİV-in Azərbaycanda yaydığı dezinformasiyalar bizə tanışdır. Xarici siyasətdə təxribatçı Qərb suveren dövlətlərin daxili işlərinə qarışmaqda ittiham edilir; Qərb Rusiya üçün təhlükə kimi təsvir olunur və başqa ölkələrdə inqilablar təşkil etməkdə günahlandırılır. Covid-19 pandemiyası ilə bağlı hər yerdə olduğu kimi, peyvəndlə bağlı dezinformasiya və çoxsaylı konspirasiya nəzəriyyələri də geniş yayılmışdır.
Mətbuat azadlığının məhdudlaşdırılması
“Sərhədsiz Reportyorlar” təşkilatının 2021-ci il mətbuat azadlığı indeksinə görə, Azərbaycan 180 ölkə arasında 167-ci sıradadır.
“Seçkidən sonrakı təzyiqlər, koronavirus böhranı və daha sonra 2020-ci ilin payızında Dağlıq Qarabağda baş verən müharibə senzuranın artmasına və jurnalistlərin vəziyyətinin pisləşməsinə səbəb olmuşdur”.
“Sərhədsiz Reportyorlar” təşkilatı
Bundan başqa, “Freedom House” təşkilatının məlumatına əsasən, 2021-ci ildə internet azadlığı 38/100-dən 35/100 bala qədər geriləyib. Azərbaycan media landşaftı “azad olmayan” kimi qiymətləndirilir.
Müstəqil mətbuat qurumlarının uzun illər ərzində repressiyaya məruz qalması mətbuat azadlığına zərər vurmuşdur. “Azadlıq” radiosunun ofisi 2014-cü ildə bağlanıb; 2017-ci ildə müxtəlif müstəqil KİV-lərin (“Azadlıq” Radiosu, Azadliq.info, Meydan, Turan və Azerbaycan Saatı) saytları bloklanıb və 2018-ci ilə qədər hökumət müvafiq məhkəmə qərarı olmadan 85 saytı bloklayıb. Meydan TV və Toplum TV-nin Facebook hesabları da sındırılmış, səhifələri silinmişdir. “Freedom House”-un məlumatına görə, müstəqil mediaya qarşı həyata keçirilən son tədbirlərə 24saat.org, Abzas.net, Azadlıq, Azadlıq” radiosu, “Günün səsi”, Kanal 13 TV və Meydan TV də daxil olmaqla əsas müstəqil xəbər saytlarının bloklanması daxildir.
Müstəqil jurnalistlər gözdən salınır, təqib olunur və azadlıqdan məhrum edilir. “Xeberman” və “Press-az” müstəqil xəbər saytlarının baş redaktoru Polad Aslanov 2020-ci ildə dövlətə xəyanət ittihamı ilə 16 il müddətinə azadlıqdan məhrum edilib. Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin hesabatına əsasən, 2020-ci ildə dörd jurnalist siyasi motivlərlə həbs edilmişdir. Bundan əvvəl tanınmış araşdırmaçı-jurnalist Xədicə İsmayıl yeddi, Əfqan Muxtarlı isə altı il müddətinə azadlıqdan məhrum edilib. Bundan əlavə, jurnalistlər fişinq hücumlarına məruz qalır və onların sosial media hesabları sındırılır.
Sputnik Azərbaycan – Qərb əleyhinə aparıcı KİV
Azərbaycanda mətbuat və jurnalist azadlığının məhdudlaşdırıldığı şəraitdə dezinformasiyanın yayılması təhlükəsi daha çoxdur. Sputnik Azərbaycan Qərb əleyhinə dezinformasiyasının təbliğinə başçılıq edir, digər KİV-lər isə onun materiallarını mütəmadi olaraq yenidən dərc edirlər.
Bir sıra Qərb əleyhinə dezinformasiyalar
Digər “Şərq Tərəfdaşlığı” ölkələrində olduğu kimi, dezinformasiyalar Rusiyanı tərifləməklə yanaşı, ABŞ və Aİ-ni nüfuzdan salmağa çalışır.
Ən güclü silahlar Rusiyadadır
Rusiya hərbi cəhətdən dünyadakı digər ölkələrdən üstün olduğundan heç bir ölkə Rusiyanın səbrini sınamamalıdır. Bu dezinformasiya ABŞ və NATO-nun rəhbərlik etdiyi hərbi təlimlər zamanı çox yayılmışdı.
Qərb Rusiyanı hədələyir
Əsasən Gürcüstan və Ukraynaya münasibətdə istifadə edilən dezinformasiyada iddia edilir ki, Qərb Rusiyanı məhv etmək üçün bu iki ölkədən istifadə edir.
Demokratiya və insan hüquqları Qərb üçün sadəcə bir vasitədir
Çox məşhur və geniş yayılmış dezinformasiya Qərbin milli dövlətləri məhv etmək və ənənəvi mədəniyyətləri dağıtmaq üçün QHT-lərdən, LGBT qruplarından və digər insan hüquqları fəallarından istifadə etdiyini iddia edir.
Aİ müsəlmanlara qarşıdır və ailə dəyərləri üçün təhlükədir
Azərbaycanda Aİ-nin müsəlmanlara qarşı ayrı-seçkilik etməsi və ailə dəyərlərinə təhlükə törətməsi ilə bağlı fikirlər geniş yayılıb. Aİ-yə bu qərəzli yanaşma digər mənbələrlə yanaşı, Azərbaycanda məşhur olan Rusiya, Türkiyə və Azərbaycan dövlət telekanalları tərəfindən də təbliğ olunur. Avropa həyat tərzi çox vaxt Azərbaycan ailə dəyərlərinə, o cümlədən ənənəvi gender rollarına təhlükə kimi qəbul edilir.
Media azadlığının olmaması dezinformasiyaya yol açır
Media azadlığı və müstəqil jurnalistika sağlam demokratiya üçün həyati əhəmiyyət kəsb edir. Azərbaycanda müstəqil mətbuata qarşı hücumlar, media azadlığına qoyulan məhdudiyyətlər dezinformasiyanın inkişafı, yalanların və informasiya sahəsinin manipulyasiyasının qarşısıalınmaz hala gəlməsi üçün şərait yaradır.