Kremlyönümlü uydurma tamaşa bir nəfərdən başqa heç kimi inandıra bilmədi
Keçən günlər, həftələr, aylar və illər ərzində EUvsDisinfo olaraq vətəndaşları və siyasətçiləri aldatmağa və yayındırmağa yönəlmiş Kremlyönümlü dezinformasiya kampaniyalarının anatomiyasını araşdırdıq, taktikalarını müzakirə etdik və toksik narrativlərə qarşı mübarizə apardıq.
Rusiyanın hərəkətləri ilə bağlı gərginliklər kritik nöqtəyə yüksəldikcə, mifləri təkzib edən və faktları yoxlayan digər həmkarlarımızla birlikdə Kremlyönümlü dezinformasiyanın reallıqdan həmişəkindən daha çox uzaqlaşdığının və bəzən karikaturanı xatırladan ağılsızlığa çevrildiyinin şahidi olduq.
Son zamanlarda acınacaqlı iddialar arasında bunlar yer alır: Ukrayna Silahlı Qüvvələri təmas xəttindən təxminən 40 kilometr aralıda yerləşən əhəmiyyətsiz bir daxmanı cərrahi dəqiqliklə atəşə tutdu, Ukrayna qoşunları əslində heç onlarda olmayan texnika ilə Rusiya ərazisinə daxil oldu və Ukrayna ordusu öz ərazilərində yerləşən uşaq bağçasına atəş açdı.
Elə düşünmək olar ki, Kremlyönümlü media Rusiyadan kənarda kimisə nəyəsə inandırmaq cəhdini tamamilə dayandırıb. Lakin qeyd etmək lazımdır ki, xüsusilə də Kreml dezinformatorlarının indi baş verən hadisələrin əsasını çoxdan qoyduğunu nəzərə alsaq, onların səriştəsiz uydurmaları belə məkrli və zərərlidir.
Hər küncdə gizlənən nasistlər, böyük humanitarlar və nüvə silahı haqqında boş danışıqlar
Rusiyanın dövlət KİV-lərinin, Rusiya dövləti ilə əlaqəli Kremlyönümlü medianın və Rusiyanın Twitter-dəki rəsmi diplomatik hesablarının Ukrayna ilə bağlı altı aylıq ritorikasını araşdırdıq.
İlk öncə Ukrayna ilə bağlı açar sözlərin kazus belli narrativləri, yaxud da Ukraynanı işğal etmək üçün bəhanə kimi istifadə edilən uydurmaları təmsil edən açar sözlərlə birlikdə nə qədər çox qeyd olunduğunu hesabladıq.
Məsələn, Kremlyönümlü KİV-lər, xüsusilə də Rusiya daxilindəki auditoriyanın gözündə ukraynalıları ləkələmək və beləliklə, Kremlin təcavüzünə haqq qazandırmaq üçün Ukraynanı daim “nasist” dövlət kimi təqdim edir. Bu taktikanı bir neçə dəfə, o cümlədən 2015, 2016, 2017, 2018, 2019, 2020, 2021-ci illərdə və əlbəttə ki, aşağıdakı diaqramda göstərildiyi kimi son altı ayda müşahidə etmişik.
Məhz Ukraynanın “nasist” dövlət imicini yaratmaq Rusiya dövlətinin nəzarətində olan KİV-lərə və hazırda sanksiya tətbiq edilmiş siyasətçilərə Donbasda soyqırımla bağlı qorxulu və tamamilə uydurma iddialar irəli sürməyə, eləcə də Ukraynanın kimyəvi və digər qadağan olunmuş silahlardan istifadə etməsi haqqında çılğın konspirasiya nəzəriyyələri yaratmağa imkan verib.

Açar söz – Nasist, Açar söz – Soyqırım, Açar söz – Kimyəvi
Həmçinin aşkar etdik ki, Rusiyanın dəstəklədiyi (və artıq Kreml tərəfindən tanınmış) qondarma “Luqansk Xalq Respublikası” və “Donetsk Xalq Respublikası”nı idarə edən cinayətkarları dəstəkləmək üçün Kremlyönümlü KİV-lər Rusiyanın təcavüzünə humanitar müdaxilə kimi haqq qazandırmağa çalışır.
Qondarma “DXR” və “LXR” rəhbərlərinin Donbasdan mülki əhalinin Rusiyaya kütləvi “evakuasiyası” (oxu: məcburi köçürmələr) ilə bağlı əvvəlcədən qeydə alınmış və sinxronlaşdırılmış bildirişlərindən sonra “qaçqın” açar sözünə istinadların sayı kəskin şəkildə artıb.

Açar söz – Qaçqın
Kremlin nəzarətində olan media Rusiyaya gələn qadınların, uşaqların və qocaların görüntüləri ilə dolu olduğu halda, qalan bir neçə müstəqil Rusiya KİV-ləri qondarma “DXR” və “LPR”-dəki insanların ifadələrini toplayıb. Onlar Rusiyanın təbliğatına inanmadıqlarını, evlərini tərk etmək istəmədiklərini və Ukraynanı düşmən hesab etmədiklərini aydın şəkildə bildirir. Lakin faktların yaxşı və emosional cəhətdən manipulyativ bir hekayəni məhv etməsinə imkan vermək olmaz.

Açar söz – Nüvə
Nəhayət, Ukrayna kontekstində “nüvə” sözünün qeyd olunma sayı 2021-ci ilin noyabr ayından etibarən durmadan artır. Bu, Rusiyanın hərbi mövqeyinə və Kremlyönümlü KİV-lərdə ölkənin nüvə silahları və hərbi qüdrəti barədə qeyri-müəyyən söhbətlərə uyğun gəlir. Ən son misallardan biri: Aİ-nin sanksiya tətbiq etdiyi təbliğatçı Dmitri Kiselyov Rusiyanın nüvə silahlarını yaratdıqlarına görə “Stalin və Beriya yoldaşlara” (həmçinin digərlərinə) təşəkkür etdi.
Baş dezinformatoru məmnun etmək üçün qrotesk iki pərdəli tamaşa
Kremlyönümlü dezinformasiyaların çoxu yerli auditoriyaya yönəlib, Kremlin imperiya ambisiyalarına və hərbi avantürizminə dəstək verməyə çağırır. Amma bu dezinformasiya əsasən, bir nəfəri məmnun etmək məqsədi daşıyır. O ya Kremldə, ya da Soçi yaxınlığındadır, yaxud da dünyanın hansısa açıqlanmayan bir yerində təcrid olunaraq izləyir.
Bu şəxs bəzən fizika qaydalarını və fəza-zaman kontinuumunu pozan, diqqətlə qurulmuş iki pərdəli tamaşanın mərkəzi fiqurudur. Əvvəlcə Putinin Xarici Kəşfiyyat Xidmətinin rəhbərini uşaq kimi danladığı qəribə səhnənin də daxil olduğu Rusiya Təhlükəsizlik Şurasının teatrlaşdırılmış iclası oldu. Bu görüş nəinki beynəlxalq hüquq normalarını pozaraq qondarma “LXR” və “DXR”-ı tələsik kopyala-yapışdır üsulu ilə tanıdı, həm də tamaşanın ikinci pərdəsinə zəmin hazırladı.
Bu qrotesk tamaşanın ikinci pərdəsi – televiziyada geniş translyasiya edilən nitq – 2014-cü ildən bəri Kremlyönümlü dezinformasiyanın təbliğ etdiyi bütün əsas mifləri özündə cəmləşdirdi:
- “Müasir Ukraynanı Rusiya yaradıb.” Bununla da, Ukraynanın suverenliyi və dövlətçiliyi inkar edilir. Başqaları kimi, biz də bu təhlükəli mifi dəfələrlə təkzib etmişik.
- “Ukrayna xarici idarə və təsir altındadır və Rusiyaya qarşı mübarizə aləti kimi istifadə olunur.” Bu, tez-tez istifadə edilən və dəfələrlə təkzib edilmiş başqa bir toksik narrativdir.
- “Ukraynada rusdilli əhali və etnik ruslar təqib olunur və ya hətta soyqırımın qurbanı olurlar”. Bu, qətiyyən doğru deyil. Bu məsuliyyətsiz ittihamları həm biz, həm də başqa portallar təkzib edib.
- “Donbasda səkkiz ildir davam edən müharibəni Ukrayna başladıb və Ukrayna problemi hərbi yolla həll etməyi planlaşdırır”. Bu iddialar yalandır. Əsl təcavüzkar Rusiya rəhbərliyi və onun əlaltılarıdır. Onlar Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə zərbə vurur.
- “ABŞ və NATO-nun təcavüzü Rusiyanı təhdid edir.” Daha bir təkrarlanan iddia, dəfələrlə təkzib edilib.
Kreml tərəfindən hazırlanmış bu tamaşa bizə hakimiyyətdə olan diktatorun və onun əlaltılarının zehninə nəzər salmaq imkanı verir. Kremlyönümlü dezinformasiya bəzən ümidsiz uydurmalarla özünü gülünc vəziyyətə qoyub Qərb auditoriyası və analitikləri tərəfindən ifşa edilibsə, Kremlin absurd tragikomediyası gələcək hadisələrə tükürpədici baxış idi. Aydındır ki, Rusiya diktatoru özünün yaratdığı maşının son illər istehsal etdiyi yalanlara özü də inanıb. Nəticədə, ironik olaraq, öz dezinformasiyasının ən ciddi qurbanına çevrilib.
Yeniləmə [24/02/2022 – 10:52]: Bu mətn Kremlin Ukraynaya növbəti əsassız hücumundan cəmi bir neçə saat əvvəl yazılmışdır. #StandWithUkraine