“Narrativlər” anlayışı, adətən, Rusiya, Kremlyönümlü dezinformasiya və təsir cəhdləri kontekstində meydana çıxır.
- Narrativ mətnlər, təsvirlər, metaforalar və digər vasitələrlə çatdırılan ümumi bir mesajdır. Məsələn, ayrı-ayrı siyasətçilərin təkrar-təkrar fırıldaqçı kimi qələmə verilməsi, nəticədə siyasətçilərin ümumilikdə korrupsioner və hiyləgər olması barədə təsəvvür yaradacaq;
- Kremlyönümlü dezinformasiya KİV-ləri konkret hekayələr üçün şablon olaraq istifadə edilən və hədəf kütləyə uyğunlaşdırıla bilən bir sıra narrativdən faydalanırlar. Müxtəlif oxucular üçün fərqli narrativlərdən istifadə olunur;
- Bu narrativlərdən bəziləri yüz illərdir ki, istifadə olunmaqdadır. “Tənəzzülə uğrayan Qərb” narrativinin müxtəlif versiyaları 19-cu əsrdən bəri sənədləşdirilmişdir.
- Narrativlər mövcud hadisələrə və üstünlük təşkil edən mövqelərə əsaslanaraq birləşdirilə və dəyişdirilə bilər.
Burada Rusiya və Kremlyönümlü dezinformasiya KİV-lərində davamlı olaraq ortaya çıxan ən çox yayılmış beş narrativin icmalını təqdim edirik.

Geniş mənada “şər elitalar”ın “xalq”ın ehtiyaclarına məhəl qoymaması fikrinə əsaslanan bu narrativ seçki dövrləri ərzində xüsusilə təsirli olan adi populist metaforadır. Biz bunu əvvəllər dəfələrlə müşahidə etmişik: “xalqın səsi” və yaxud “səssiz kütlənin səsi” olduğunu iddia edən partiya və ya namizəd bu narrativdən siyasi quruluşa hücum etmək məqsədilə istifadə edir və seçicilərə mürəkkəb problemlərin sadə həll yolunu təklif edir. Bu narrativ çox uğurlu ola bilər, çünki hədəf auditoriyanı hər növ şikayətə görə günahlandıra biləcəyi bir “günah keçisi” ilə təmin edir: bankirlər, Böyük Korporasiyalar, yəhudilər, oliqarxlar, müsəlmanlar, Brüssel bürokratları. Sputnik-in bu iki məqaləsində göstərildiyi kimi, Rusiya və Kremlyönümlü dezinformasiya KİV-ləri 2016-cı il Brexit referendumu ərəfəsində bu narrativdən bol-bol istifadə ediblər: “Avrokratiya təhlükəsi Avropanı təhdid edir” və “Vaffen-Aİ”. Hər iki hekayə Ayrılma kampaniyası ilə güclü rezonans yaratdı.

Seçki prosesinin qanuniliyini şübhə altına salmaq da bu narrativin ümumi xüsusiyyətidir. Məsələn, Sputnik, tez-tez seçki saxtakarlığı ilə bağlı “məlumat verir” və elitaların seçkiləri öz xeyrinə təhrif etdiyi fikrini vurğulayır. Almaniya (alman dilində), İsveç (rus dilində) və Ukrayna (rus dilində) haqqında nümunələr.
Elita xalqa qarşı narrativi bir əsrdən artıq tarixə malikdir. Bu narrativdən istifadə edən şəxslər məntiqin səsi olduqlarını və hüquqlarından məhrum edilmiş vətəndaşlar adından çıxış etdiklərini, nəyin bahasına olursa olsun, “həqiqəti” gizlətməyə çalışan elitaya qarşı çıxaraq həqiqəti söylədiklərini iddia edirlər. “Həqiqət” miqrasiya, siyasət və iqtisadiyyat da daxil olmaqla, müxtəlif məsələlərlə bağlı ola bilər. Eyni zamanda, həqiqəti gizlətməkdə “günahkar” hesab edilən xüsusi elitalar hədəf auditoriyanın şikayətlərinə uyğun olaraq, strateji şəkildə seçilir. Həqiqətən də, bu narrativ saysız-hesabsız mövzulara uyğunlaşdırıla və tətbiq oluna bilər: “Miqrasiya böhranı ucuz işçi qüvvəsi əldə etmək üçün iri korporasiyalar tərəfindən törədilir”; “Qlobal İstiləşmə Fırıldağı bankirlər tərəfindən ictimaiyyətin diqqətini real dünya problemlərindən yayındırmaq üçün istifadə olunur”. Bu siyahının sonu yoxdur…
Nəhayət, bu narrativ kənardan adi insanlara rəğbət bəsləyirmiş kimi görünsə də, əslində avtoritar mənşəlidir. İddiaları əsaslandırmaq üçün dəlillər nadir hallarda təqdim olunur və konspirativ düşüncə prinsiplərinə uyğun olaraq, bəzən dəlilin yoxluğu sübut qismində istifadə olunur: “Görün, elitalar nə qədər güclüdür, sui-qəsdlərinin bütün izlərini gizlədirlər!” Adətən, bu narrativdə həm də oxucudan yalnız narrativi danışanın sözünə etibar etmək tələb olunur: “Mən həqiqəti bilirəm, mənə inanın!” Həqiqətən də, konspirasiya inanclarına əsaslanan bütün narrativlər kimi, bu narrativ də öz auditoriyasından iddiaları faktlar deyil, inanc əsasında qəbul etməyi tələb edir.

“Təhlükə altında olan dəyərlər” narrativi geniş çeşidli mövzulara uyğunlaşdırılmışdır və adətən, qadınların, etnik və dini azlıqların, LGBTQ qruplarının və digərlərinin hüquqlarına dair mütərəqqi Qərb münasibətinə etiraz etmək üçün istifadə olunur. Bu narrativə əsasən, “Qadınxasiyyətli Qərb” geriləmə, feminizm və “münaqişəsiz həyat arzusu” burulğanında məhv olarkən, Rusiya ata-babalardan qalma ənənəvi dəyərləri təcəssüm etdirir. Bu narrativ Rusiyanın dövlət xəbər agentliyi “RİA Novosti”-nin 2015-ci ilə aid karikaturasında təsvir olunmuşdur. Filmdə Avropanın açıq-aşkar mənəvi tənəzzülə uğradığı nümayiş etdirilir. Hitlerdən cinsi azğınlığa, daha sonra isə quduz goreşənlərin meydan suladığı gələcəyə qədər. Dəyərlərə əsaslanan dezinformasiya narrativləri adətən “ənənə”, “ədəb-ərkan” və “sağlam düşüncə” kimi təhdid altında olan anlayışlar üzərində cəmlənir: bu ifadələrin hamısının müsbət mənaları var, lakin nadir hallarda aydın şəkildə tərif edilirlər. Narrativ ənənəvi dəyərlərə sadiq olanların artıq onlara qarşı çıxanlar tərəfindən təhdid edildiyini və əvəzində mənəvi cəhətdən iflasa uğramış distopiya yaratmağa çalışdıqlarını önə sürən “biz və onlar” konsepsiya yaradır. Rusiya və Kremlyönümlü dezinformasiya KİV-ləri burada və burada göründüyü kimi, 2018-ci il İsveç ümumi seçkiləri ərəfəsində bu narrativin variasiyalarını irəli sürdülər. Bədnam Sankt-Peterburq “Troll Fabriki Xəbər Agentliyi RIAFAN” kimi rusdilli KİV-lərdə bu narrativin dili xüsusilə aqressivdir: “Qalib tolerantlıq ölkəsində vəziyyət necədir: geylər və lesbiyanlar əmrlər verir, kişi və qadınlar istismar olunur, rusofobiya və qorxu mövcuddur”.

Şəxsi toxunulmazlıq, təhlükəsizlik və söz azadlığı kimi fərdi hüquqları dəstəkləyən Qərbin dəyərlər konsepsiyasından fərqli olaraq, Rusiya dəyərlər sistemi hər bir fərdin riayət etməli olduğu kollektiv normalar toplusunu ehtiva edir. Bununla belə, “Təhlükə altında olan dəyərlər” narrativi hər zaman belə bir mənəvi ucalıq mövqeyindən ifadə edilir: ədəb-ərkana və ənənəçiliyə sadiq qalan səssiz əksəriyyət liberal “tiraniyanın” hücumuna məruz qalıb. Hədəf auditoriya ailə dəyərləri, ənənəvi xristianlıq və saflıq uğrunda cəsarətlə mübarizə aparan qəhrəmanlıq cərgələrinə qoşulmağa dəvət olunur.

Rusiya və Kremlyönümlü dezinformasiya mənbələri bəzi ölkələrin artıq həqiqətən suveren olmadığını iddia etməkdən həzz alırlar. Rusiyanın dövlət xəbər agentliyi “RİA Novosti” bu fikri bir karikatura ilə təsvir edir: Sem dayı qaz sobasını yandırmaqla avropalıları yuxarı-aşağı tullanaraq sanksiyalar (yəni, Rusiya əleyhinə) tələbi ilə qışqırmağa məcbur edir.

Bu narrativə dair bir çox nümunə var: Ukraynanı əcnəbilər idarə edir və Baltikyanı ölkələr əslində suveren deyil. Aİ-ni Vaşinqton idarə edir. NATO və Aİ üzv dövlətləri təbii ki, vətəndaşlarının maraqlarına məhəl qoymayaraq, militarist və bürokratik məqsədlər güdürlər. Bəzən bu hətta qəsdən deyil, sadəcə olaraq diqqətsizlikdən və ya reallıqdan uzaqlaşma səbəbindən baş verir. Hansı izahatın daha pis olduğuna özünüz qərar verin: diqqətsizlik yoxsa bədniyyət.
İtirilmiş suverenliklə bağlı bu narrativlə əlaqəli olan ekzistensial sadalanan müxtəlif mənbələrdən gəldiyi zaman bu, milli kimlik üçün təhlükə kimi təqdim edilirdi: İslam, geylər, uşaq hüquqları və daha çoxu.
Son baş verən hadisələr göstərir ki, bu narrativlər oxuculara güclü təsir göstərə bilər. Avropa hökumətləri yalnız NATO, Brüssel və Vaşinqtondan gələn təlimatları qəbul edir. Avropa ABŞ tərəfindən işğal olunub. Almaniya artıq suveren dövlət deyil. Milli hökumətlər arasında Avropa əməkdaşlığı dövlətin xarici idarəedicilərə təslim olması kimi təsvir edilir.
Bu narrativ bir sıra Avropa seçkilərində və referendumlarında uğurla istifadə edilmişdir. Seçiciləri onların şikayətlərinin resursların “başqalarına” (əcnəbilərə, bankirlərə, korporasiyalara, azlıqlara) ötürülməsinin nəticəsi olduğuna inandırmağın təsirli effektiv manipulyasiya strategiyası olduğunu sübut etdi. Həqiqətən də, mifik milli keçmişin nostolgiya ilə birləşdikdə, bu narrativ ən dağıdıcı dezinformasiya strategiyalarından biridir. Bu, Kataloniya müstəqillik referendumu, Brexit və bir neçə milli seçki ilə əlaqədar tətbiq edilmişdir.

Yuxarıda qeyd olunduğu kimi, Rusiya bir əsrdən artıqdır ki, Avropanın labüd və qaçılmaz süqutunu proqnozlaşdırır. Avropa və ya Aİ üzv dövlətlərini “vətəndaş müharibəsi astanasında” kimi təsvir etmək 1919-cu ildə olduğu kimi 2019-cu ildə də yaxşı nəticə verdi. Bu, Avropanın tənəzzül etməməsinə və bir çox göstəricilərə görə çiçəklənməyə davam etməsinə baxmayaraq, güclü rezonans yaradan işlək bir narrativdir.

Bu narrativ Rusiya və Kremlyönümlü dezinformasiya KİV-ləri tərəfindən müntəzəm olaraq istifadə olunur: Aİ fövqəldövləti süqut edir, ABŞ iqtisadiyyatı çökür, NATO dağılır, “Sarı jiletlilər” hərəkatı bank sistemini məhv edir. “RİA Novosti” karikaturaçısı Avropadakı terroru avropalıların bilmədən ciblərinə qoyduğu məhvedici əqrəb kimi təsvir edir.
Əsaslı və ya əsassısz şəkildə öz ölkələrində siyasi və sosial qarışıqlıqdan ehtiyat edən hədəf auditoriyalar bu narrativə qarşı xüsusilə həssasdır.
Beləliklə, bu narrativ 2015-ci ilin payızındakı miqrasiya böhranı kimi real siyasi problemlər dövrlərində xüsusilə yaxşı işləyir. Avropaya böyük miqrant axını, şübhəsiz ki, Avropa hökumətləri üçün ciddi çətinliklər yaratdı, lakin Rusiya və Kremlyönümlü KİV-lər vəziyyəti həddən artıq şişirdilmiş və apokaliptik ifadələrlə təsvir edərək böhranın guya sistemin süqutunu təşkil etdiyini bildirdilər. Təbii ki, sistem toxunulmaz olaraq qaldı, lakin süqut təsviri hələ də qalmaqdadır.
Eyni yanaşma Fransadakı “Sarı jiletlilər” etirazlarının Rusiya və Kremlyönümlü mənbələrdə işıqlandırılmasında da nəzərə çarpırdı. Hökumətdən və siyasətdən narazılığını bildirmək hüququ demokratiyanın tərkib hissəsidir və bütün Avropa dövlətlərinin vətəndaşları küçələrə çıxmaq hüququndan istifadə edirlər. “Sarı jiletlilər” hərəkatı Avropa demokratik ənənəsinə aiddir və sistemin dağılmasının sübutu deyil.
Bu narrativ bəzən Avropa mənəvi dəyərlərinin və ənənələrinin “süqutundan” şikayət etmək üçün də istifadə olunur. Məsələn, Rusiya və Kremlyönümlü dezinformasiya KİV-ləri müntəzəm olaraq Avropada uşaq hüquqlarını ailə dəyərlərinə hücum kimi təsvir edirlər. Bütün ədəb və əxlaq normalarından imtina edən Avropa yox olur.

Dezinformasiya üçün son çıxış yolu, adətən inandırıcı sübut və ya mübahisə ilə qarşılaşdıqda, həmin mövzu barədə zarafat etməkdir. “Skripal işi” bu strategiyaya dair əla nümunədir. Rusiya və Kremlyönümlü dezinformasiya KİV-ləri bütün faciəni böyük zarafata çevirmək üçün sui-qəsd cəhdini sarkazmla ört-basdır etməyə cəhd ediblər. Ümumiyyətlə, seçkilərə münasibətdə bu üsul demokratiya anlayışını, demokratik prosedurları və namizədləri aşağılamaq üçün müxtəlif alçaldıcı sözlərdən istifadəni nəzərdə tutur. Kremlin köməkçisi Vladislav Surkov demokratiya anlayışını “əclafların döyüşü” kimi təsvir edir və əvəzində Avropaya alternativ olaraq Vladimir Putinin “maarifçi hakimiyyətini” tövsiyə edir. Ukrayna prezidenti Pyotr Poroşenko, Ukraynadakı bütün seçki prosesi kimi, Kremlyönümlü mediada demək olar ki, hər zaman məzhəkəyə qoyulur. Rusiya dövlət mediasına əsasən, bir neçə namizədin olduğu və heç bir aydın nəticəsi olmayan seçkilər “sirk” hesab olunur.

Təbii ki, satira, yumor və parodiya ictimai diskursun ayrılmaz tərkib hissəsidir. Siyasətçilərə lağ etmək və ya bürokratları gülüş hədəfinə çevirmək hüququ hər hansı demokratiyanın davam etməsi üçün əhəmiyyətlidir. Deməli, Rusiya və Kremlyönümlü dezinformasiya KİV-lərinin tez-tez Qərb əleyhinə yalanlar və saxtakarlıqlarını satira pərdəsi arxasında ört-basdır etməyə çalışması, bunun onların söz azadlığı hüquqlarına aid olduğunu iddia etməsi, eyni zamanda Kremli tənqid edən və ya onun siyasi gündəminə xələl gətirən istənilən satiraya dözməkdən aqressiv şəkildə imtina etməsi istehzalıdır. Belə ikiüzlülük nümunəsi kimi Rusiyanın 2018-ci ildə Britaniyada çəkilmiş “Stalinin ölümü” komediyasını qadağan etməsini göstərmək olar.
2017-ci il hesabatında NATO-nun StratCom Mükəmməllik Mərkəzi Rusiya və Kremlyönümlü dezinformasiya KİV-lərinin Qərb siyasi liderlərini nüfuzdan salmaq üçün yumordan necə istifadə etdiyini izah edən hesabat dərc edib. Onun müəlliflərindən biri, latviyalı alim Solvita Denis-Lipnis qurumların və siyasətçilər ələ salmağa əsaslanan bu xüsusi dezinformasiya növünə istinad etmək üçün “hahaqanda” terminini irəli sürdü. “Hahaqanda”nın məqsədi oxucuları konkret bir zarafatın doğruluğuna inandırmaq deyil, daimi istehza və aşağılama yolu ilə sözügedən hədəf kütlənin etibarını və inamənə sarsıtmaqdır.

Gördüyümüz kimi, bu beş narrativ bir-biri ilə sıx bağlıdır və “şər elitalar” tərəfindən idarə olunan ümumi hüquqdan məhrumetmə mövzusunu paylaşır. Milli hökumətlər zəif və təsirsizdir; vətəndaşların heç bir hüququ yoxdur, onların adət-ənənələri məhv olmaq təhlükəsi altındadır – və kimin əli ilə baş verir? Brüsseldəki bürokratlar, korporativ iş adamları, “kölgə idarəedicilər” və təbii ki, faşistlər! Avropa və Qərbdəki bu xaos, etibarsızlıq və mənəvi tənəzzüldən fərqli olaraq, Rusiya atalardan qalma təhlükəsizlik və sabitliyinin mənbəyi kimi göstərilir. Əslində, Rusiyada qabağa çıxan fikirlər hətta gələcəyin ideal siyasi sistemi kimi Rusiyanın “maarifçi avtoritarizm” rejimini müdafiə edirlər.
Bu əsas narrativlərin başqa bir ümumi xüsusiyyəti ondan ibarətdir ki, onlar Qərbin demokratik qurumlarına və hüquq sistemlərinə inamsızlığı, eləcə də sosial parçalanmanı təşviq etmək üçün hücum edir və ali məqsəd demokratiyanı alt-üst etməkdir. Bu inamsızlıq strategiyası vətəndaşları onların demokratik prosesdə iştirakının mənasız olduğuna inandırmaq üçün nəzərdə tutulmuşdur: səsvermə faydasızdır, çünki sistem elitanın xeyrinə “saxtalaşdırılıb” və yalnız sadə vətəndaşları istismar edir. Beləliklə, demokratiya həm də səmərəsiz və müasir problemlərin həllinə yaraşmayan sərt yumor kimi göstərilir.